📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Neftdollar sistemi uçurumun astanasındadırmı? Əlvida dollar-xoş gəldin yuan?

2022-03-24 14:00:00

Neftdollar sistemi uçurumun astanasındadırmı? Əlvida dollar-xoş gəldin yuan?

Dünyanın öndə gedən media resurslarının son xəbərlərinə görə, Səudiyyə Ərəbistanı Çinlə neft sövdələşmələrini həll etmək üçün yuandan istifadə etməyi və "Saudi Aramco"nun qiymət sisteminə yuanla ifadə olunan fyuçers kontraktlarını daxil etməyi düşünür. Eyni zamanda, dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Rusiyanın "Urals" neft markasının qiymətinin kəskin düşməsindən istifadə edərək Avropa bazarı üçün nəzərdə tutulmuş rus neftini satın aldı. Hindistan Mərkəzi Bankı isə Rusiya Mərkəzi Bankı ilə birgə rupi-rubl ticarət ödəniş mexanizminin yaradılması imkanlarını öyrənir. Qərb ictimai rəyi belə nəticəyə gəlir ki, bu addım dünya neft bazarında dolların hegemonluğunun zəifləməsinə gətirə bilər.
Texniki nöqteyi-nəzərdən Səudiyyə Ərəbistanının Çinə nefti ixracı yuanla etməsi üçün heç bir maneə yoxdur. Çünki İran və Venesuela kimi iri neft hasil edən ölkələr də artıq Çinlə müvafiq sazişlər bağlayıblar. Avroya gəlincə, o artıq bəzi neft ixrac edən ölkələrin hesablaşma valyutasına çevrilib, amma ixrac hesablaşmasında payı dollardan azdır. Keçən il 350 milyard dollardan çox gəliri və 110 milyard dollar xalis gəliri olan super nəhəng "Saudi Aramco"ya gəlincə isə yuan Çinlə irimiqyaslı neft ticarətində dolları əvəz etmək üçün istifadə olunarsa, bu, qlobal enerji əmtəə bazarına təsir göstərəcək. Başqa sözlə bu əsl "dollar partlayışı" olacaq.
Yuxarıdakı fərziyyələrin mümkünlüyündən asılı olmayaraq təkcə trendin dəyişməsi-qlobal miqyasda yuanın dollara alternativ olması baxımından Çin dünyanın ən böyük neft idxalçısı və maliyyə bazarının ən mühüm oyunçularından biri kimi hesablaşmalarda yuandan istifadə edir yaxud yuanla alış-verişi genişləndirir ki, bu da ikitərəfli və ya çoxtərəfli ticarətdə təbiidir. Qlobal pul-maliyyə dəyişikliklərinin tarixinə nəzər salsaq, valyuta qlobal iqtisadi əməliyyat və hesablaşma sisteminə daxil olduqdan və ehtiyat valyuta kimi hakim olduqdan sonra o, sistemə möhkəm oturuşur və bizneslər, müxtəlif ölkələrin bankları, hətta mərkəzi hökumətlər tərəfindən qəbul edilir ki, bu da öz növbəsində həmin valyutanın beynəlxalq nüfuzunu təsdiqləyir.
19-cu əsrdən bəri Britaniya funt sterlinqi və Amerika dolları ardıcıl olaraq dünya maliyyə sistemində güclü rol oynayır. Müxtəlif dövrlərdə Böyük Britaniya və ABŞ öz valyutalarının hegemonluğunu saxlamaq üçün mümkün olan hər şeyi ediblər.
Bəzi tədqiqatlar göstərir ki, hansısa ölkənin valiyutasının dominant beynəlxalq valyuta kimi dövriyyə ömrü adətən 100 olur. Əgər bu fikir düzgündürsə, onda dolların hegemonluq dövrü 1944-cü ildə "Bretton Woods" sisteminin yaradılmasından onun süqutuna qədər qısa müddətdə hökm sürəcək. ABŞ strateqlərinin və iqtisadi hakimiyyət orqanlarının, o cümlədən Zbiqnev Bjezinski və Pol Samuelsonun dolların statusunun tezliklə çökəcəyindən narahat olmasının səbəblərindən biri yəqin ki, budur.
Təbii ki, neft dollarlarının uzunömürlü dividendləri var. Düzünü desək, neft dolları anlayışı 1973-cü ildən başlayır. Bu, dördüncü Yaxın Şərq müharibəsinin səbəb olduğu qlobal neft böhranı zamanı ABŞ-ın o vaxtkı ticarət naziri Peter Peterson və amerikalı iqtisadçı İbrahim Ovays tərəfindən birgə təklif edilmişdi. ABŞ-ın o zamankı dövlət katibi Henri Kissincerin lobbi cəhdləri sayəsində bir nömrəli neft hasil edən ölkə kimi Səudiyyə Ərəbistanı, neft ixracı üçün yeganə valyuta kimi dollardan istifadə etmək qərarına gəldi ki, bu da konsensusa səbəb oldu və 1975-ci ildə OPEK ölkələri ilə neftdən gələn gəlirlərlə, həmçinin ABŞ dövlət obliqasiyaları ilə neft məhsullarına dollarla qiymət qoyulması ilə bağlı müqavilə imzalanaraq "neftdollar" maliyyə sistemi yaradıldı.  
İlk baxışda hər iki tərəf-ABŞ və neft ixrac edən ölkələr lazım olanı aldılar. Bu "qazan-qazan" prinsipi idi. ABŞ beləliklə, öz "hərbi çətiri" müqabilində dolları uğurla dünya iqtisadiyyatının “mərkəzi sinir sisteminə” – dünyanın ən mühüm əmtəəsi olan neft ticarətinə daxil etdi. Qlobal iqtisadiyyatda dollar "hakim güc" oldu. Onlar Yaxın Şərqin əsas neft hasil edən ölkələrini siyasi, iqtisadi, maliyyə və təhlükəsizlik baxımından strateji olaraq blokadaya almağa, daha sonra isə qlobal miqyasda neft dollarları və kapital aktivlərinin qiymət gücü ilə dəstəklənən institusionallaşdırılmış maliyyə hegemonluğu sistemini formalaşdırmağa müvəffəq oldular. Yəqin ki, yalnız ABŞ-ın yüksək ranqlı bürokratları Amerikanın əslində nə qədər açıq yaxud gizli dividentlər qazandığını bilirlər.
Bununla belə, istənilən hegemon pul sistemi bir gün mütləq dağılacaq. Necə deyərlər, “valyuta öz günahı üzündən məhvə məhkumdur” və bu o deməkdir ki, əgər valyutanın özünün gücünü həddən artıq şişirdiləndə bu son nəticədə qlobal pul sistemində qaçılmaz dəyişikliyə və yenidən balanslaşma dövrünə gətirib çıxaracaq.
Neft dollarının üzləşdiyi əsas qısamüddətli problem ABŞ üçün mövcud sistemin saxlanması xərclərinin artmasıdır və milli iqtisadi gücün nisbi azalması Amerika üçün neft hasil edən əsas Yaxın Şərq ölkələrinin üstünlüyünü təmin etməyi çətinləşdirir. Orta müddətli perspektivdə ABŞ-ın qarşısında duran əsas problem ondan ibarətdir ki, neft özü enerji mənbəyi kimi “karbon neytrallığı” kontekstində tədricən dominantlığını itirir. Bu da ona gətirib çıxaracaq ki, neft-dollar sistemi mövcudluğunu davam etdirmək üçün ya öz simasını dəyişəcək, ya da qismən əvəzlənməyə düçar olacaq. Bu dövr müəyyən müddətə qədər davam edə bilər. Uzunmüddətli perspektivdə isə ABŞ 21-ci əsrin ortalarına qədər dünyanın ən mühüm iqtisadiyyatı olmaqdan çıxacaq və bir neçə G20 üzvünün iqtisadiyyatı qlobal ticarətin 10%-dən çoxunu təşkil etdiyinə görə, bu, qaçılmaz olacaq ki, bu da yeni pul-maliyyə güc mərkəzlərinin yaranmasına gətirəcək. O vaxta qədər dünya üçtərəfli və hətta çoxtərəfli valyuta balansı modelinə keçəcək.  

Ülviyyə, Hurriyyet.az