"Neftin bahalaşması ilə Putinin aqressivləşməsi arasında birbaşa asılılıq var" - NATİQ CƏFƏRLİ
"Bu, 2008-ci il Gürcüstan, 2014-cü il Krım hadisələri zamanı da aydın göründü, amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdırlar"
"Rusiya 2021-ci ildə hər gün ortalama 4,8 mln. barel neft ixrac edirdi, bunun 2,3 mln. barelı Avropaya ixrac etmişdi. Keçən il Rusiyanın sırf Avropa satdığı neftdən gələn gəliri 57 mlrd. 132 mln. dollar olub. Avropa Birliyi ölkələri bu ilin sonuna qədər Rusiyadan neft alışını yarıbayarı azaldacaq". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.
İqtisadçı ekspert hesab edir ki, bu, Rusiyanın neftdən gələn gəlirlərinin azalması demək deyil: "Qısa və primitiv bir hesablama: 2021-ci ildə Rusiya neftinin Urals markasının illik orta qiyməti 69,1 dollar olub, həmin il Avropaya günlük ortalama 2,3 mln. barel neft satıb, gəliri 57,135 mlrd. olub. 2022-ci ilin ilk 5 ayında neftinin ortalama qiyməti 105 dollar civarındadır, bu gün qiymət 123 dollar olub, Rusiyaya tədbiq edilən embarqoya görə 2022-ci ilin ortalama qiymətinin 115 dollar olacağı proqnoz edilir. Tutalım, Avropa bu il Rusiyadan neft alışını günlük 2,3 mln. bareldən 1,3 mln. barelə saldı, nəticədə bu il Avropaya satdığı neftdən 53 mlrd. 820 mln. dollar gəlir əldə edəcək. Yaxşı, nə dəyişdi ki?! Çıxış yolu nədir?!"
REAL-ın icra katibinin fikrincə, neftin qiyməti ucuzlaşmalıdır: "2 gün öncə Tramp çıxışında dedi ki, Ukraynada müharibənin bitməsini istəyirsinizsə neft 30-40 dollar edin. Tam doğru təsbitdir! Neftin bahalaşması ilə Putinin (Rusiyanın) aqressivləşməsi arasında birbaşa asılılıq, korelyasiya var. Bu, 2008-ci il Gürcüstan, 2014-cü il Krım hadisələri zamanı da aydın göründü. Amma yeni enerji keçidinin lobbistləri baha neftdə maraqlıdırlar. Baha neft alternativ enerjiyə yatırımları stimullaşdırır. Neft ucuz olsa heç bir biznes məntiqi maya dəyəri baha olan alternativ enerjiyə yatırım etməz, məhz buna görə neft hələ bir neçə il baha olmalıdır ki, bu sahəyə yatırımlar artsın. Baha neft isə enerji resursları ilə qidalanan ölkələrin daha da avtoritarlaşmasına səbəb olur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az