📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nəsib Məhəməliyev: "Lavrovun baxışları Ermənistanla üst-üstə düşdüyündən məsələnin həlli mürəkkəbləşə bilər"

2022-06-24 22:22:00

Nəsib Məhəməliyev:

“Rusiya XİN rəhbəri Sergey Lavrovun İrandan sonra Bakıya gəlməsi təkcə regional məsələlərlə, Azərbaycan-Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi ilə bağlı deyil. Onun gəlişi həm də geosiyasi məsələlərlə bağlıdır. Rusiya-Ukrayna arasında gedən müharibə Rusiyanın xarici siyasətində müəyyən korrektələr aparmağı tələb edir. Artıq 2011-ci ildən başlayaraq Rusiya hərbi bazasının Suriyada yerləşməsi iqtisadi və hərbi cəhətdən Rusiyaya sərf etmir. Rəsmi Moskva bu yaxınlarda Suriyanı tərk edə biləcəyini bəyan etdi. Belə olan halda Suriyada mövcud olan xarici qüvvələr arasında rəqabət yaranır. Suriyada Rusiya hərbi qüvvələri ilə yanaşı, İranın da, ABŞ-ın da aktiv fəaliyyətini görürük. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ərazisində yaşayan milyonlarla Suriya qaçqınının geri qaytarılması istiqamətində konkret tədbirlər həyata keçirir və Suriyanın şimalında mövcud olan terrorçu PKK silahlı dəstələrinin təmizlənməsini nəzərdə tutan hərbi əməliyyata başlamağı planlaşdırır. Bu da Rusiya və İranı, eyni zamanda ABŞ-ı narahat edir”.


Hurriyyet.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.


O bildirib ki, Rusiyanın Suriyanı tərk etdiyi halda, İran çox ciddi cəhdlərlə həmin ərazini tutmağa, Suriyada öz dominantlığını həyata keçirməyə çalışır: “Bu da türkmən əsilli Suriya qaçqınlarının həmin mövqelərə yerləşdirilməsini çətinləşdirir. Belə olan halda Rusiya və İran arasında çox intensiv danışıqlar aparılır. Bu məsələlər bilavasitə, yaxud dolayısıyla Azərbaycan və Ermənistan məsələlərinə də aiddir. Zəngəzur dəhlizinin açılmaması birbaşa Ermənistanın destruktiv siyasəti ilə bağlıdır. Təəssüf ki, Rusiyada da müəyyən qüvvələr Ermənistana dəstək verir. Ermənistan Rusiyanın da iştirakı ilə əldə olunmuş üçtərəfli razılaşmalara riayət etmir və müxtəlif bəhanələrlə vaxtı uzatmaqla məşğuldur. Ermənistanın irəli sürdüyü şərtlər Azərbaycan üçün məqbul sayıla bilməz. Ermənistan istəyir ki, həm regional kommunikasiyalar açılsın, iqtisadi əlaqələr bərpa olunsun, eyni zamanda tam şəkildə Zəngəzur dəhlizinə sahiblik etsin, Laçın dəhlizindən də yararlansın. Belə ola bilməz. Bu, nə beynəlxalq hüquqa uyğundur, nə münasibətlərin tənzimlənməsinə, nizamlanmasına, nə də sülhə xidmət edir”.


Deputat təəssüflə vurğulayıb ki, əvvəlki bəyanatlarından da aydın olduğu kimi, Lavrovun baxışları Ermənistanla üst-üstə düşdüyündən yaxın zamanlarda bu məsələnin həlli mürəkkəbləşə bilər: “Ancaq Ermənistanın başqa yolu yoxdur, kommunikasiyaları açmağa, prosesləri sürətləndirməyə məcburdur. Azərbaycan səbirli davranır, ancaq konstitusion tədbirləri görə bilər. Məsələlərin kökündə Ermənistanın əsassız iddiaları durur. Təəssüf ki, Ermənsitan nə Qarabağdakı “status” məsələsindən əl çəkmək istəyir, nə də Laçın və Zəngəzur dəhlizlərindən imtina etməyi bacarır. Bu, bir-birinə uyğun məsələlər deyil. Prezident cənab İlham Əliyev qəti şəkildə bildirib ki, “Dağlıq Qarabağ” konflikti yoxdur, “status”dan söhbət gedə bilməz. Eyni zamanda Zəngəzur hansı formada fəaliyyət göstərəcəksə, həmin normaları Laçın dəhlizinə tətbiq edəcəyik. Bu, ədalətli yanaşmadır”.