Netanyahu məhkəmə islahatlarını dayandırdığını bəyan etdi
Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ölkədəki kütləvi etirazlar və istefalar fonunda məhkəmə islahatlarını dayandıracağını bəyan edib.
Qeyd edək ki, İsrailin ən böyük hava limanı olan “Ben-Qurion” aeroportu etiraz əlaməti olaraq bütün uçuşları dayandırıb. İsrail həkimlərinin həmkarlar ittifaqı isə məhkəmə islahatları dayandırılana qədər martın 28-dən etibarən səhiyyə sisteminin işini dayandıracağını bəyan edib.
Xəbər verdiyimiz kimi, İsrailin Müdafiə naziri Yoav Qalant hökumətin ölkədə həyata keçirməyə hazırlaşdığı məhkəmə islahatlarını tənqid elədikdən sonra Baş nazir Binyamin Netanyahu martın 26-da onu istefaya göndərib.
Ümumilikdə isə ölkədə martın 27-dən etibarən “Milli iflic həftəsi” elan edilmişdi – tənqidçilərin demokratiyaya qarşı addım hesab elədikləri məhkəmə islahatlarına qarşı nümayişlər və tətillər başlanıb.
Hürr Tərcüman