"New York Times": Ukrayna iyul sammitində də NATO-ya dəvət edilməyəcək
Ukrayna iyul sammitində də NATO-ya dəvət edilməyəcək, lakin Kiyevə yardımı koordinasiya edəcək strukturun fəaliyyətə başladığı elan ediləcək. Bu barədə "New York Times" məlumat verir.
Nəşr yazır ki, Alyans Almaniyada uzunmüddətli perspektivdə Ukraynaya hər cür yardımın göstərilməsini əlaqələndirəcək missiya yaratmağa razılaşıb.
"Bayden administrasiyası və NATO rəsmiləri Ukraynanın qoşulması üçün vaxt olmadığını iddia etsələr də, sammitdə Kiyevə sanballı nəsə vermək üçün bu ideyanı irəli sürdülər", deyə yazıda bildirilir.
Materialda qeyd olunur ki, yeni missiya Ukraynaya müxtəlif növ hərbi yardım göstərən ölkələrin hazırkı “qabiliyyətlər koalisiyasının” fəaliyyətini bir araya gətirəcək.
O, həmçinin Ukrayna hərbçilərinin müttəfiq ölkələrdə təlim keçməsini və müxtəlif ölkələrin Ukrayna ilə imzaladığı uzunmüddətli ikitərəfli təhlükəsizlik sazişlərini əlaqələndirəcək.
“Bütün NATO ölkələri missiyanın yaradılmasına razıdırlar və bu, sammitdə elan olunacaq...Yardımın və təlimin əsas istiqamətlərinin vahid komandanlıq altında cəmləşdirilməsi axını tənzimləmək və daha ardıcıl etmək məqsədi daşıyır”, deyə nəşr adı açıqlanmayan rəsmilərdən sitat gətirib.
Ülviyyə, Hurriyyet.az