📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Nikol Paşinyan yenə telefondan asılı qalacaq" - ELXAN ŞAHİNOĞLU

2023-09-19 14:38:12

"Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir"

"Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz"

"Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefondan asılı qalacaq, "Azərbaycanı dayandırın" tipli yalvarışlar edəcək. Bunun bizə təsiri yoxdur, Qərbin əlində bizi durduracaq aləti yoxdur. Bizim üçün önəmli olan şimal və cənub qonşumuzun anti-Azərbaycan addımlardan çəkinmələridir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, Rusiya hərbi kontingentinin Xocalıdakı qərargahını tərk etməməsi lazımdır: "İranın da indiki həssas məqamda ehtiyatlı mövqe sərgiləməsi gərəkir. Azərbaycanın öz ərazisini nəzarətə götürmək və separatçıları tərksilah etmək hüququna heç bir dövlət və beynəlxalq təşkilat qarışa bilməz. Əlbəttə, ermənipərəst mərkəzlər haray-həşir salmağa çalışacaqlar, bu bizi hədəfimizdən yayındırmayacaq".

Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycan Qarabağın tamamını nəzarətə götürdükdən sonra təzyiqlər keçmişdə qalacaq: "Nikol Paşinyan da Qərbi Zəngəzuru itirmək istəmirsə, Azərbaycana müdaxiləni ağlından keçirməməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az