📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nikolay Patruşevin Azərbaycana səfərinin PƏRDƏARXASI MƏQAMLARI...

2023-10-11 15:52:18

Nikolay Patruşevin Azərbaycana səfərinin PƏRDƏARXASI MƏQAMLARI...

Məhəmməd Əsədullazadə: "Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb və bunun üçün Bakının razılığını almağa çalışır"

"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri əsasən Rusiya sülhməramlı qüvvələri ilə bağlı yaranan siyasi polimika və İranla Azərbaycan arasında Zəngəzur dəhlizinin yeni seqmentinin razılaşmasından qaynaqlanan narahatlıqdır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan vaxtından əvvəl çıxarılmasında maraqlıdır: "Rəsmi şəkildə elan edilməsə də, artıq siyasi kluarlarda Moskvaya mesaj verilib. Ona görə də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalacağını və ermənilərin hüquqlarını qoruyacağını qeyd etmişdi. Həmçinin, Azərbaycana göndərdikləri yeni sülh müqaviləsində bu məsələlərin də yer aldığını qeyd edib. Düşünürəm ki, Patruşevin səfərində Azərbaycan Rusiyanın belə bir təkliflərini qəbul etməyəcək. Eyni zamanda, İranla Zəngəzur dəhlizinin açılması Rusiyanın regionda mövqeyinə ciddi zərbə vurub. Çünki Ermənistan ərazisindən dəhliz keçəcəkdisə, bu, Rusiyanin nəzarətində olacaqdı".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təkliflərini hazırlayıb və bunun üçün Bakının razılığını almağa çalışır: "Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu istiqamətdə Türkiyə ilə fəal koordinasiyali fəaliyyət göstərir. Nikolay Patruşevin səfəri və prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, Azərbaycanın Rusiya ilə əlaqələrə önəm verdiyini göstərir. Amma Azərbaycanın öz maraqları var və bu istiqamətdə siyasətini davam etdirəcək. Azərbaycan Rusiya ilə 3+3 platforması çərçivəsində əməkdaşlıqda maraqlıdır. Bunu prezident İlham Əliyev Nikolay Patruşevin də diqqətinə çatdırıb. Rusiya çalışır ki, regionda mövqelərini qoruyub saxlasın. Ona görə də Kremldə əsas söz sahiblərindən birini Azərbaycana göndərib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az