📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

2026-10-23 15:26:22

Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar.

Cinayət işi üzrə dövlətə dəymiş ziyan 200 min manatdan çoxdur.

Təqsirləndirilən şəxslərdən Rəşad Məlikzadə bundan 2 il əvvəl 9 milyonluq mənimsəmədə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. İndi isə onunla bağlı başqa epizodlar ortaya çıxıb.

Digər 6 nəfərdən isə yalnız İbadulla Əliyev həbsdədir. Digərləri barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Yekunda təqsirli bilinsələr və dövlətə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən şəxsləri 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla sinif yoldaşı olduqları, uşaqlıqdan dostluq etdikləri bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.