NİZAMİ VƏ DÖVLƏT MODELİ
Mürsəl İRƏVANLI
Utopik cəmiyyət, ədalətli şah, insan arzularının reallaşmasına imkan yaradan dövlət haqqında düşüncələr dahi şairimiz Nizaminin yaradıcılığında bir sistem halındadır
Dünyada qarşına gətirsən də sən,
Bir qarından artıq yeməyəcəksən!
Sinifli cəmiyyət mövcud olandan insan ədalətli dövlət, ədalətli şah arzusu ilə yaşamışdır. Elə indi də insanın bu arzusu şirin bir xəyal olaraq qalır. Bütün əsrlər boyu ən ədalətli şah olmaq istəyi də baş tutmamışdır. Hətta bir toyuq başı kəsməyən şahlar belə mahiyyət etibarilə zülmün, əsarətin keşikçisi olmuşlar. Ona görə də ideal dövlət, ideal cəmiyyət yalnız layihələrdə, filosofların əsərlərində, həyata keçməmiş arzularında, bir də şairlərin uzaq əsrlərə boylanan misralarında yaşamışdır.
Utopik cəmiyyət, ədalətli şah, insan arzularının reallaşmasına imkan yaradan dövlət haqqında düşüncələr dahi şairimiz Nizaminin yaradıcılığında bir sistem halındadır. Yəni Nizaminin elə bir poeması yoxdur ki, bu fikirlər orada öz əksini tapmasın.
Yeri gəlmişkən qeyd edək ki, Nizamidən əvvəl böyük şair Firdovsini də eyni problemlər düşündürürdü. Lakin Firdovsini keçmişin İran xanədanı tam qane edirdi. Nizami isə görkəmli şərqşünas Y.Bertelsin doğru qeyd etdiyi kimi, nəzərlərini gələcəyə dikmişdi, çünki nə öz dövründə, nə də keçmişdə ideal bir dövlət və cəmiyyətlə qarşılaşmamışdı. Müqayisə üçün Bertels hər iki şairin yaratdığı İsgəndər obrazını təhlil edir və yazır: "Firdovsinin İsgəndəri... elə bir fantastik dünyada yaşayır ki, orada kütlələr öz hökmdarlarının iradəsinə tabe edirlər və bu hökmdarlar üçün kütlələrin maraqlarının heç bir real əhəmiyyəti yoxdur. Bu dünyada hökmdarlar hər şey, kütlələr isə hökmdarların əlində, öz məqsədlərinə çatmaq üçün bir vasitədir. Nizami isə bizi tamamilə başqa bir aləmə aparır. Onun qəhrəmanı – dünya qurucusudur. Dünya onun üçün deyil, bəlkə kütlələr üçündür"
Nizaminin arzuladığı cəmiyyət heç də birdən-birə, elə ilk poemasında bütün ideal ölçüləri ilə meydana çıxmamışdır. Bu cəmiyyət və onu idarə edən dövlət modeli yalnız özünün son əsərində – "İsgəndərnamə"də tam şəkildə, ortaya qoyulub .Nizami öncə belə düşünürdü ki, həyatın gözəlləşməsi və xalqın yaxşı yaşaması üçün ölkəni idarə edən padşahın ədalətli olması kifayətdir. O, "Məxzənul-əsrar"da şahları zülmdən çəkinməyə çağırır, onlara nəsihət verirdi. Bayquşların söhbətini eşidəndən sonra Nuşirəvan haqq yoluna qayıdır, zülmdən, zorakılıqdan çəkinir:
Nə vaxtadək sürəcək zülmüm öz dövranını,
Tökəcəyəm abrımı, öz xalqımın qanını?
Bundan sonra Nuşirəvan "zülmün və əsarətin evini etdi tərac". Əlbəttə, bütün bunlar tarixdən alınan süjetlər idi və bəlkə Nizami özü də inanmırdı ki, bir ibrətamiz hadisə ya nəsihətlə zülmkar şah öz xasiyyətlərini, diktatorluq iddiasını tərk edə bilər. Ancaq Nizami bütün bunlarla bəlkə də üzünü öz dövründə yaşadığı şahlara tuturdu.
Nizaminin müasir şahlardan didaktika yolu ilə, ədalət tələb eləməsi orta əsr poeziyasında sonralar ənənəvi bir hala keçdi. Və Nizaminin bütün bu tələblərində ilk növbədə, xalqın mənafeyi ön planda dururdu. Yəni dövlət kimin üçündür, bəşər həyatının yenidən qurulması kimə xidmət edir suallarına Nizami hələ səkkiz əsr əvvəl uca səslə "XALQ" cavabını verirdi. Gəlin bir anlığa çağımıza qayıdaq. Kimlər yaxşı yaşayır, firavan dolanır, heç bir maddi sıxıntı çəkmir, ruzi qazanmaq əzabına tablaşmır? Hamımızın cavabı bir olacaq: cəmiyyətin cüzi bir qismi. Bəs əziyyət çəkən, oğulları səngərlərdə qanına qəltan olan, nefti, qazı, pambığı olub gündəlik çörək üçün boyun bükən kimlərdir? Yenə də hamımız bir ağızdan deyəcəyik: XALQ! Rüşvətxorluq, tayfabazlıq, mafiyaçılıq Azərbaycanı başına götürüb, cəzasızlıq, qanunlara hörmətsizlik get-gedə normal bir hala çevrilir. Vaxtilə Nizami "Xosrov və Şirin" əsərində Hürmüz şahın ədalətli şah olmasını, adi bir qanunsuzluğu görəndə necə hiddətlə coşmasını belə bir səhnədə reallaşdırmışdı: Günlərin bir günü cavan Xosrov dəstəsi ilə ova çıxmışı. Şahzadə bir ucqar kəndə gəlib çıxır, yoldaşları əyləşib bir kəndlinin evində eyş-işrətə başlayır. Başı o qədər kefə qarışır ki, onun atlarından biri gün çıxan zaman tarlaya soxulur, qulamlarından biri bağda gizlicə qora dərir. Bunu Hürmüzə xəbər verirlər. Şah qəzəblənir və ədalətli bir qərar çıxarır: atın ayağını qələmləyirlər, qulamı qora sahibinə nökər verirlər. Xosrovun kef çəkdiyi ev sahibinə isə onun taxtını hədiyyə edirlər. O kef məclisində iştirak edən cənginin dırnaqlarını qoparır, çaldığı cəngin tel qatarını kəsirlər. Beləliklə, qanun bütün gücü ilə törənən cinayətə tətbiq olunur! Müasir dövrümüzün çox-çox vəzifə sahibləri, xüsusilə rayonlarda diktator ədası ilə hökmranlıq edən bəzi İcra hakimləri, xalqın alın təri hesabına milyonlar qazanan pullu pəhləvanları bu səhnədən ibrət götürməlidirlər. Belə bir amansız cəzanın onlar üçün olacağı da gözlənilmirmi? Dünya işrətinə, asudə dövrünün şirnikdirici milyonlarına güvənən bu adamlara Mahin Banunun Şirinə nəsihətlərindən bir neçə misranı xatırlatmaq pis olmazdı:
Təcrübəylə tapdım bu həqiqəti,
Ki, əl geyişidir dünya işarəti.
Qaşınanda əvvəl ruha xoş gəlir,
Sonra əllərindən alov yüksəlir.
Dünyanı qarşına gətirsən də sən,
Bir qarından artıq yeməyəcəksən.
Nizamini yaşadığı dövrdə mövcud ictimai quruluş və monarxiya üsul-idarəsi milləti təmin etmədiyi aydın həqiqət idi. O, aşkar görürdü ki, xalqa zülm eləyən təkcə şahlar deyil, monarxiya üsul-idarəsinin bütün pillələrində qərar tutan yüzlərlə insan cildli həşəratlardır. "Yeddi gözəl" poemasında şaha xəyanət edən Rast - Rövşən bunun tipik təcəssümüdür. Dövlət aparatı həmişə ağıllı şahı ac qurda, islahatları dağıntıya çevirən, rəhbərlə xalq arasında uçurum yaradan dəhşətli bir iblis yuvası olmuşdur.
Nizaminin dövlət və cəmiyyət haqqında fikirləri onun son əsəri - "İsgəndərnamə"də yekunlaşıb. Akademik A.Makovelskinin doğru qeyd etdiyi kimi bu əsərdə Nizami üç əsas problem qoyur:
1. Hansı ictimai quruluş daha yaxşıdır?
2. Həqiqi bilik nədən ibarətdir?
3. Həqiqi din nədən ibarətdir?
Nizami bu sualların hamısına "İsgəndərnamə"də cavab tapmağa çalışıb.
Hansı ictimai quruluş daha yaxşıdır? Nizaminin qəhrəmanı İsgəndər belə bir quruluşu özü yaratmağa səy göstərir, ilk növbədə, ətrafına filosofları, mahir sənətkarları toplayır, elmi insan mənəviyyatının ən yüksək zirvəsi hesab edir. Hansı ölkəyə yürüş edirsə, ədalətlə, insafla rəftar edir və beləliklə, mövcud ictimai quruluş çərçivəsində mümkün ola bilən ən yaxşı bir dövlət yaradır. Lakin İsgəndər Şimal səfərindən geri dönərkən xüsusi mülkiyyət ağalığından tamamilə xilas olan cəmiyyətlə qarşılaşır. Burada insanlar arasında tam bərabərlik hökm sürür:
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana heç kimsə gülməz.
Yeri gəlmişkən qeyd edək ki, Nizami Qərb utopik sosialistlərindən neçə əsr əvvəl yeni qaydalar əsasında insan cəmiyyəti yaratmağın modelini təklif etmişdi. Tarix göstərdi ki, bəşəriyyət nə qədər inkişaf etsə də, hələ belə bir yetkinlik səviyyəsinə gəlib çatmamışdır. Bayrağında bərabərlik şüarı yazan sosializm yetmiş il mövcud olduğu şəraitdə bu utopiyanın heç bircə prinsipini belə həyata keçirə bilmədi. Daha doğrusu, utopiyanı həqiqətə çevirmək iqtidarına malik ola bilmədi. Nizaminin ideal cəmiyyəti bu gün çoxlarının bəh-bəhlə qarşıladığı xüsusi mülkiyyətə əsaslanan kapitalizmlə daban-dabana ziddir.
Yeri gəlmişkən, dühalar, özü də Nizami kimi peyğəmbərlər dünyaya nadir hallarda gəlir. Onlar heç vaxt səhv etmirlər! Hamının bərabər səviyyədə yaşayacağı, hansı uzaq əsrdəsə Nizami yenidən doğulacaq! Bizim ən ümdə arzumuz da budur.