Növbəti nəticəsiz danışıqlar? – Əbu-Dabidə görüş davam edir, Rusiya isə yenə Kiyevi bombalayır
Əbu-Dabidə davam edən ABŞ, Ukrayna, Rusiya üçtərəfli danışıqlarının hansısa konkret müsbət nəticə verəcəyi və atəşkəslə sonuclanacağına dair ümidlər olduqca azdır.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyi Ukraynaya bu gün endirilən hava zərbələrindən belə bir nəticəyə gəldiyini bildirir və dünənki görüşdə Əbu-Dabidə hər hansı bir kompromisə nail olunduğuna dair heç bir əlamət olmadığını qeyd edir.
Agentlik əlavə edir ki, "Kiyev ABŞ-nin sülh razılaşmasına nail olmaq üçün artan təzyiqi altındadır".
Nəşr Moskvanın hərbi əməliyyatlar bitməzdən əvvəl bütün Donetsk bölgəsinin təhvil verilməsini tələb edən ultimatumunu xatırladır.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov və Putinin köməkçisi Yuri Uşakov növbəti dəfə Donbass təhvil verilməyincə, atəşkəs olmayacağını bəyan ediblər. Ukrayna tərəfi isə haqlı olaraq, bu tələblə razılaşmır.
Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən danışıqların ikinci günü, hər üç tərəfin razılığı ilə, yenidən mətbuatın iştirakı olmadan qapalı qapılar arxasında keçiriləcək. Bu barədə xarici media məlumat verir. Qeyd olunur ki, hazırda Əbu-Dabinin saraylarından birində müxtəlif formatlarda bir sıra görüşlər keçirilir. Buna paralel olaraq isə Rusiya Kiyevi və digər Ukrayna şəhərlərini bombalamaqda, dinc əhalini işıqsız, istiliksiz və susuz qoymaqda davam edir. Bu isə Kremlin nə dərəcədə sülh istəməsinin bariz nümunəsidir.