NYT: Ukraynanın Rusiyaya hücum etdiyi uzaq mənzilli ATACMS raketləri tükəndi
Ukraynanın uzaq mənzilli ATACMS raket ehtiyatı birmək üzrə olduğuna görə, bu raketlərlə hücumlar səngiyib. Bu barədə “New York Times” (NYT) bildirib.
Nəşrin yazdığına görə, bu ilin yazında ABŞ Pentaqonun anbarlarından Kiyevə 500-ə yaxın raket ötürüb. Əvvəlcə onlar işğal olunmuş ərazilərdə, o cümlədən Krımdakı hədəfləri məhv etmək üçün istifadə olunurdu. Lakin noyabrın ortalarında ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə bu raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə etməyə icazə verib. NYT-nin qeyd etdiyi kimi, o zaman Ukraynada cəmi 50-yə yaxın “ATACMS” qalmışdı. Vaşinqton açıq şəkildə bildirdi ki, ehtiyatların bir hissəsi Yaxın Şərq və Asiyaya göndərildiyi üçün əlavə raket təmin edə bilməz.
NYT Rusiya Müdafiə Nazirliyi və hərbi bloqçuların məlumatlarına əsaslanaraq hesablayıb ki, ümumilikdə Ukrayna ən azı 31 “ATACMS” raketi və 14 “Storm Shadow” istifadə etməklə Rusiya ərazisinə altı raket hücumu həyata keçirib.
Ülviyyə, Hurriyyet.az