"O, dərhal ölmədi, yarım saat əzab çəkdi" - Qəzzafinin son anlarının şahidləri
15 il əvvəl bu günlər Liviya lideri, polkovnik Müəmmər Qəzzafinin hakimiyyətinə və həyatına Sirt şəhərində son qoyulub. Liviyada hüdudsuz hakimiyyət sahibi olan şəxs son anlarında qəzəbli izdihamdan qaçmaq üçün su borusunda gizlənib, amma bu, onun xilas etməyib.
Əslində Qəzzafiyə qarşı üsyan 15 fevral 2011-ci ildə Liviyanın paytaxtı Tripolidə başlanıb və tezliklə etirazlar vətəndaş müharibəsinə çevrilib.
Qəzzafi üsyançılar tərəfindən ələ keçirilən şəhərlərin bombalanması əmrini verib. Bundan sonra illərdir fürsət gözləyən Qərb koalisiyası BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq polkovnikin rejiminə qarşı hərbi əməliyyat başlatmaq qərarına gəlib.
22 avqust 2011-ci ildə NATO-nun dəstəyi ilə üsyançılar Tripolini ələ keçiriblər. Qəzzafi paytaxtı tərk etməyə məcbur olub.
“Döyüşçülərimiz onu tutmuşdular... və xəstəxanaya aparırdılar. Qəzzafi ayağından yaralanmışdı və onu Sirtdən Misurataya götürürdülər. Həmin ərazidə şiddətli döyüşlər gedirdi. Nəticədə o, başından güllələndi və öldü... Bu, qəsdən törədilməyib”, - deyə Liviya Milli Keçid Şurasının üzvü Məhəmməd Sayeh Qəzzafinin ölümündən bir gün sonra bildirib. Əslində isə Qəzzafinin linç-edamı başqa cür olub.
Sirt Qəzzafinin Liviyanın şimalındakı doğma şəhəridir. O, 2011-ci ilin oktyabrında bir qrup tərəfdarı ilə birlikdə üsyançılardan qaçıb. Bir vaxtlar ölkəsində mütləq hökmdar olan adamın ətrafında yalnız ən sadiq tərəfdarları qalıb.
“Bilirdik ki, hər şey bitib. Qəzzafi dedi ki, Beynəlxalq Cinayət Məhkəməsi onu axtarır, heç bir ölkə onu qəbul etməyəcək, liviyalıların əlində ölməyi daha yaxşıdır’”, - deyə Qəzzafinin son anlarına qədər yanında olan şəxsi mühafizəçilərinin rəhbəri Mənsur Dau xatırlayıb.
“Qəzzafi qorxan hər kəsin gedə biləcəyini dedi. O, qonşu ölkələrə qaçmaq və onları utandırmaq istəmədiyini bildirdi”, - polkovnikin təhlükəsizlik xidmətinin digər üzvü Mənsur İddhu deyib.
Üsyançıların dəstəklədiyi NATO hava hücumları Sirti, demək olar ki, tamamilə yerlə-yeksan edib. Bütün binalar darmadağın olub. Qəzzafi sığınacağını tez-tez dəyişib, yeyə biləcəyi hər şeylə qidalanıb.
“O, telefon zəngləri edə və ya xarici dünya ilə əlaqə saxlaya bilmirdi. Demək olar ki, yeməyimiz və suyumuz yox idi. Sanitariya vəziyyəti dəhşətli idi”, - Dau Sirtdəki vəziyyəti təsvir edərək deyib.
Hərbi qərarlar Qəzzafinin oğulları tərəfindən qəbul edilirmiş. O, günlərini tarla sobasında çay dəmləməklə, qeydlər aparmaqla, Quran və digər kitablar oxumaqla keçirirmiş.
“O, qorxmurdu. Heç vaxt qorxmamışdı. Amma Avropadakı yaxşı dostları ilə əlaqəsinin olmamasına qəzəblənirdi... O, onları həqiqətən öz dostları hesab edirdi və kömək etməyə çalışmamalarına görə məyus idi”, - deyə İddhu bildirib.
Sağ qalan mühafizəçilərin sözlərinə görə, Qəzzafinin tərəfdarlarının geri çəkilmək üçün dəqiq bir planı olmayıb. Bəziləri ona Sirtdən ayrılmağı məsləhət görüblər, çünki rəqibləri şəhəri asanlıqla mühasirəyə alırdı. Sonda “səhra oğlu” (Qəzzafinin bədəvilər arasında böyüdüyünə görə ona verilən ləqəblərdən biri) 20 oktyabr 2011-ci ildə doğulduğu Cərrəf vadisinə getmək qərarına gəlib.
“Biz onun doğulduğu yerdə ölmək istədiyini düşünürdük. O, bunu açıq şəkildə demədi, amma ora ölmək niyyəti ilə gedirdi”, - deyə Dau bildirib.
"Onlar səhər saat dörddə yola düşməli idilər, amma könüllülər təcrübəsiz idilər. Bəziləri yuxuya getdi, bəziləri hətta çay içməklə məşğul idilər", - deyə Əl-Cəzirə şahidlərə istinadən yazıb.
Həmlə 20 oktyabr səhər saat səkkizdə başlayıb və Qərb qüvvələri Qəzzafinin karvanını görüblər (karvan təxminən 50 ağ maşından ibarət olub). İlk zərbəni Amerika kəşfiyyat dronu vurub. Sonra iki fransız qırıcı-bombardmançı təyyarəsi hücum edib.
"Atışma başladı... Qəzzafini maşından çıxardım və yolun altındakı su borularına doğru qaçdıq. Bizi fasiləsiz atəşə tuturdular. Çiynimə və ayaqlarıma qəlpələr dəydi, yaralandım. O qorxmurdu, hətta zarafat edirdi. Amma o, ölümün qaçılmaz olduğunu 100 faiz başa düşürdü", - İddhu bildirib.
“Onu borudan çıxaranda soruşdu: “Nə baş verir? Nə olub?” Mən onunla üz-üzə dayananda bütün cinayətlərini xatırladım. O, böyük insan kimi görünürdü, amma əslində, sadəcə bədbəxt bir insan idi”, - deyə gənc üsyançı Əhməd Qəzəl xatırlayır.
Üsyançıların özləri sonrakı hadisələri mobil telefonlarına çəkiblər və görüntülər internetdə yayılıb.
Videolardan birində silahlı bir dəstənin Qəzzafini döydüyü görünür. Onu yerdə sürüyürlər, saçlarından və paltarlarından tuturlar, üzünün qan içində olduğu əks olunur.
“Sənə nə etmişəm?... Bu qadağandır, bu günahdır... Yaxşı ilə pisin fərqini bilirsinizmi?”, - videogörüntüdə Qəzzafi zəif bir səslə yalvarır.
“O, xalqın onu sona qədər sevməli olduğuna inanırdı. O, xalq və bütün Liviya üçün çox yaxşılıq etdiyini düşünürdü”, - deyə Dau izah edir.
Başqa bir videoda görünür ki, üsyançılar Qəzzafini qaldırıb maşının kapotuna atırlar və bəziləri onunla şəkil çəkdirməyə başlayırlar. Əsirin başının üstündə silah oynadılır.
“Onu diri saxlayın!" - bəzi döyüşçülər deyirlər.
Videolardan birində kamera Qəzzafidən kənara çevriləndə kadr arxasından silah səsləri eşidilir. Video görüntüləri araşdıran amerikalı insan haqları fəalları Qəzzafinin Misurataya aparılmaq üçün təcili yardım maşınına mindirilərkən artıq cansız göründüyünü bildiriblər.
"Qəzzafinin karvanının digər üzvlərini ələ keçirib tərksilah edən üsyançılar onları vəhşicəsinə döyüblər və onlarla insanı yerindəcə edam ediblər... Liviya hökuməti bu cinayətlərə görə məsuliyyət daşıyanları araşdırmaq və ya məsuliyyətə cəlb etməkdə uğursuz olub", - Human Rights Watch bildirib.
Edam edilənlər arasında Qəzzafinin şəhərdən uğursuz çıxarılma əməliyyatına rəhbərlik edən oğlu Mütəssim də olub. Daha sonra oktyabrın 20-də çəkilmiş videoda onun üsyançıların əhatəsində olan bir otaqda sakitcə oturduğu, su içdiyi və siqaret çəkdiyi göstərilirdi. Elə həmin gün o öldürülüb.
Qəzzafinin öldüyünü sübut etmək üçün o və oğlu dərhal dəfn edilməyib. Onların cəsədləri Misurata bazarında tərəvəz saxlamaq üçün istifadə edilən sənaye dondurucusuna qoyulub. Cəsədlərə baxmaq üçün uzun növbələr yaranıb və insanların onların qarşısında şəkil çəkdirməsinə icazə verilib. Bu zaman qələbə şərəfinə küçələrdə atəşfəşanlıq təşkil olunub.
Yerli komandirlər keçmiş dövlət başçısını heç kimin öldürmədiyini israr etsələr də, yeniyetmələrdən biri Qəzzafini şəxsən güllələdiyinə dair video yayıb və lovğalanıb.
“Mən ona iki dəfə atəş açdım. Bir güllə qoltuğunun altına, digəri isə başına dəydi. O, dərhal ölmədi, daha yarım saat əziyyət çəkdi”, - özünü Sanad əl-Sadiq əl-Uraybi kimi təqdim edən yeniyetmə deyib.
Döyüşçülər həmçinin öldürülmüş Qəzzafinin çəkmələrini, qızıl örtüklü tapançasını, peyk telefonunu qürurla nümayiş etdiriblər.
Bütün bunlar 15 il əvvəl olub.
**
Üstündən 15 il keçsə də, diktatorun ölümündən sonra Liviyanın daha firavan olacağına, ölkəyə sülh gələcəyinə bəslənən ümidlər hələ də doğrulmayıb. Qəzzafinin ölümü ilə ölkədə hakimiyyət boşluğu yaranıb, Liviya iki hissəyə parçalanıb və tərəflər də hələ də vuruşurlar.