"Obraynın səfəri ABŞ-Azərbaycan münasibətlərində geri dönüş üçün bəlkə də son şansdır" - FUAD QƏHRƏMANLI
"ABŞ insan hüquqları sahəsindəki getdikcə ağırlaşan vəziyyəti görməzdən gəlsə belə, Rusiya amilinə görə Bakını yenidən sülh danışıqlarına qaytara bilməyəcək"
"ABŞ dövlət katibinin müavini Ceyms Obrayn bu gün Azərbaycana gəlir. Onun bu səfəri iki ölkə arasında münasibətlərin çox gərgin, bəlkə də böhran dövrünə təsadüf edir. Obrayan Konqresdə keçirilən dinləmələrdə Azərbaycanla yüksək səviyyəli dialoqun dayandırıldığını bəyan edəndən sonra onun özünün Bakıya gəlişi bu səfərə marağı daha da artırır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.
Siyasi şərhçinin sözlərinə görə, Obraynın ABŞ Konqresindəki bəyanatı, məhşur 907-ci düşəlişin qüvvədə saxlanılması, son zamanlar iki ölkə arasında getdikcə sərləşən ritorika və dünən Azərbaycanın rəsmi dövlət orqanı sayılan qəzetdə Amerika rəhbərliyinə qarşı kəskin ittihamlarla dolu məqalənin çapı, onu göstərir ki, münasibətlər doğurdan da qırılma nöqtəsinə çatıb və bu səfər geri dönüş etmək üçün bəlkə də son şansdır: "Bununla bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Millerin dünənki açıqlaması dediklərimizi təsdiq edir. O, bildirib k, "biz heç vaxt Azərbaycanla münasibətləri qırmaq niyyətində olmamışıq". Buradan da aydın görünür ki, ABŞ münasibətilərin qırılma nöqtəsinə gəlməsində maraqlı olmadığını bildirməklə buna görə məsuliyyətin qarşı tərəfin üzərində olduğuna işarə edir və Obraynın səfəri ilə bu qırılmanın qarşısısını almağa çalışdığını göstərir. Bəs ABŞ bu münasibətləri əvvəlki məcraya qaytara biləcəkmi? Səfər öncəsi verilən açıqlamalardan da görünür ki, ABŞ-ın Azərbaycan rəhbərliyindən əsas istəyi Ermənistanla sülh danışıqlarının bərpası, Rusiyanın iştirakı olmadan İrəvanla kommunikasiyaların açılması, Qarabağdakı rus ordusunun çıxarılması və insan hüquqlarına hörmət edilməsidir. Rusiya ilə müttəfiqlik edən Azərbaycan isə ABŞ və onunla birlikdə Avropa Birliyinin Cənubi Qafqazda rolunun artmasının əleyhinədir, Qərbin vasitəçiliyi ilə sülh danışıqlarında iştirak etməkdə maraqlı deyil, insan haqları ilə bağlı məsələni isə öz daxili işi sayır və Qərbin bu yöndə tələblərini nəzərə almaq istəmir".
"Amerikalı diplomat bu məsələlərdə uzlaşma, razılaşma əldə edə biləcəkmi" sualını cavablandıran Fuad Qəhrəmanlının fikrincə, Obraynın səfərindən bir gün öncə "Azərbaycan" qəzetində çıxan məlum yazı onu göstərdi ki, Bakı öz mövqeyindən geri çəkilmək niyyətində deyil: "Amerika İlham Əliyevdən o şeyləri istəyir ki, həm Moskva bu məsələlərin qatı şəkildə əleyhinədir, həm də bu məsələlərə razılaşmaq hakimiyyətin maraqlarına uyğun deyil. İlham Əliyev üçün yuxarıda sadaladığımız məsələlərdə Amerika ilə uzlaşmaq Rusiya ilə bağlı edilmiş strateji seçimdən imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan hakimiyyəti üçün indiki halda Qərblə optimal uzlaşma modeli münasibətlərin yalnız ticari partnyorluq çərçivəsi ilə məhdudlaşmasıdır. Bu isə heç bir halda Qərbi qane edən yanaşma deyil və Vaşinqton geosiyasi maraqları Azərbaycana görə Moskvaya güzəşt edəsi deyil. Bütün bu toxunduğumuz məqamları göz önünə alaraq demək olar ki, Obraynın səfərinin hər hansı uğurlu nəticə verəcəyinə ümid azdır. Hətta ABŞ insan hüquqları sahəsindəki getdikcə ağırlaşan vəziyyəti görməzdən gəlsə belə, Rusiya amilinə görə Bakını yenidən sülh danışıqlarına qaytara bilməyəcək. Yəni, yaranan böhranın əsasında Bakının Rusiya xeyrinə etdiyi strateji seçim durduğuna görə, Qərbin hətta insan hüquqlarını qurban verib geosiyasi baxımdan əhəmiyyətli nəticəni əldə etməsi real görünmür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az