📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ocaqnəjadın “sünni-şiə vəhdəti” nağılları

2022-02-01 11:09:00

Ocaqnəjadın “sünni-şiə vəhdəti” nağılları

Yaxud Moskvadan Ermənistana qoşun yeritmək üçün icazə ala bilməyən fars şovinizminin miskin hala düşməsi

Azərbaycanda 30 il fasiləsiz olaraq əvvəlcə İran İslam Respublikasının Bakıdakı «Mədəniyyət mərkəzinin» rəhbəri, sonralar isə İranın Ali Siyasi rəhbəri S.Ə.Xameneinin şəxsi nümayəndəsi statusunda «şiəliyi təbliğ etmək» adı ilə burada İranın xeyrinə casusluq və terrorçu qruplar şəbəkəsi yaratmaqla məşğul olan Ocaqnəjadın, cinayətkar əməlləri ortaya çıxması səbəbindən, gizli yolla ölkədən İrana qaçdıqdan sonra bir müddət səsi-sorağı çıxmadı. Ermənilər ilə anadangəlmə canqardaşı olan fars şovinizmi 1925-ci ildə ingilislərin və rusların köməyilə hərbi çevriliş etməklə, bu gün İran adlandırdıqları məmləkətdə hakimiyyətə gəldikdən sonra, fars-erməni qardaşlığını mümkün ola biləcək qədər yüksək səviyyəyə qaldırmışdır. Ermənistanın son 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsinə, sonra işğal edilmiş ərazilərin xarabalığa çevrilməsində, bu ərazilər vasitəsilə dünyanın başqa məntəqələrinə daşınan narkotik vasitələrdən böyük pullar qazanmaqda şəriklik, bu münasibətləri daha da istiləşdirmişdir.

Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsindən sonra, bu qələbəni həzm edə bilməyən İranın dövlət piramidasının bütün ranqlardan olan yetkililəri Azərbaycan dövlətinə və onun rəhbərlərinin ünvanına müxtəlif hədyanlar söyləmək, hətta sərhədə çoxlu sayda qoşun növləri, texnika və silah yığıb təlim keçirməklə Azərbaycana «əzələ» nümayiş etdirdi. Lakin bu da heç bir nəticə vermədikdən sonra Azərbaycanın Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın, Qırğızıstanın Türkiyə ilə əlaqələrini qapatmaq məqsədi ilə Ermənistana qoşun yeritmək üçün Moskvadan icazə almaq ümidi ilə ora səfər edən İranın Xarici İşlər Naziri Abdullahiyan Kremldən rədd cavabı aldıqdan sonra fars şovinizmi miskin hala düşdü. Lakin bu İLANIN ölməsi anlamına gəlmir. Erməni şovinizmi ilə eyni xislətə malik olan fars şovinizmi də qarşısındakını məğlub etmək üçün hər hiyləyə, alçaqlığa əl atmağı, hər dona girməyi bacarır və eyni zamanda da öz düşmənçilik hərəkətlərindən əl çəkmir. Məsələ bundadır ki, onların hər ikisinin bu əcaib xüsusiyyətlərini biruzə verməyə, reallaşdırmağa şərait mövcuddur. Bu günə onlar üçün bu şəraiti yaradan Rusiyanın hələ də dünyanın bəzi hissələrində ağalıq etmək, xüsusilə Qafqazı, o cümlədən Cənubi Qafqazın üç respublikası daxil olmaqla, Ukrayna, Moldovanı da Rusiyanın ərazisi hesab və elan edən Kreml sahiblərinin imperiya iddialarından əl çəkmək istəməməsidir. Lakin Rusiya nə qədər zəngin təbii sərvətlərə, hərbi texnikaya, geniş əraziyə malik olsa da 1991-ci ildə sındırılan, tarixdə ən böyük və güclü rus imperiyası olan SSRİ dağıldıqdan sonra dünyada, Rusiya ətrafında, eləcə də Rusiya daxilində yaranan reallıqlar Kremlə nə SSRİ-ni hansısa formada bərpa etməyə, nə də SSRİ kimi dünyaya meydan oxumağa imkan vermir.

Bu reallığın bütün istiqamət və elementlərinə nəzər saldıqda, bu günə mövcud olan Rusiya Federasiyasının belə mövcudluğunun real təhlükə qarşısında olduğunu görürük. Moskva bu təhlükəni Rusiya daxilində terror, Rusiya ətrafında olan keçmiş sovet respublikalarında etnik münaqişələr yaratmaqla bu respublikalara «sülhməramlı» adı ilə qoşun yeridərək onlara təzyiq etmək, müstəqilliklərinə təhlükə yaratmaqla onları Rusiyanın hegemon rol oynadığı hər hansı bir qurumda birləşdirib, milli müstəqilliyinə son qoyaraq, öz əsarəti altına almağa cəhdlər göstərir. Dünya ağalığına iddialı olan, beynəlxalq müstəvidə söz sahibi olan ölkələri isə nüvə müharibəsi ilə təhdid edir.

Lakin bu təhdidlər ancaq təhdid olaraq qalır. Çünki əgər SSRİ vaxtında dünya ağalığına iddialı olan iki qüvvə - biri SSRİ-nin işğalı təhlükəsindən yayınmaq məqsədilə ABŞ-ın hegemonluğu ilə NATO hərbi qurumunda və Avropa İqtisadi Birliyində birləşən, əsasən iqtisadi-ictimai cəhətdən daha çox inkişaf etmiş kapitalist ölkələri, digər tərəfdə isə Dövlət Quldarlığı quruluşuna malik olan SSRİ və ikinci dünya müharibəsi dövründə SSRİ-nin işğal edərək əsasən Dövlət Feodalizmi quruluşunun mürtəce formalarının bərqərar edilərək hərbi, iqtisadi, siyasi cəhətdən SSRİ-nin tam nəzarətində olan «Varşava Müqaviləsi öləkələri» adlanan hərbi birlik idi. Bundan başqa SSRİ-nin «sosialist inqilabı» adı altında hərbi çevrilişlər yolu ilə Dövlət Quldarlığı quruluşu bərqərar edərək hərbi, siyasi cəhətdən SSRİ-nin nəzarətində olan Şimali Koreya, Şimali Vyetnam, Kuba və s. ölkələr də mövcud idi ki, SSRİ bu dövlətlərdən əsasən onlara qonşu olan ölkələrin ərazisində hərbi çevriliş və ya üsyanlar hazırlamaq üçün vasitə kimi istifadə edirdi.

Birincisi, indi dünya ağalığına real olaraq iddia edən ölkələrin sayı artıq iki yox, üçdür. Yəni artıq ABŞ və Rusiyadan başqa, Çin də iqtisadi-hərbi cəhətdən güclənərək, nəinki Rusiyaya, hətta ABŞ-a belə çox ciddi və təhlükəli rəqibə çevrilib. Hətta iş o yerə çatıb ki, Çin Rusiyanı ancaq öz xammal bazası görməklə yanaşı, Rusiyanın şimal torpaqlarına çox ciddi və aşkar iddialı olduğunu bəyan etməkdən belə çəkinmir də.

Rusiya SSRİ dağıldıqdan sonra onun tərkibində qalan müxtəlif millətlərin ən yaxşı halda milli-mədəni muxtariyyətə sahib olduğu qurumlar və bu gün müstəqil dövlətlərə çevrilmiş keçmiş SSRİ respublikaları üçün güclü və təhlükəli imperiya olaraq qalmasına baxmayaraq, SSRİ-nin dağılmasından ötən otuz il müddətində heç bir sahədə az-çox ciddi inkişafa nail ola bilmədiyindən, artıq dünya ağalığına iddiaçılar sırasında bütün parametrlər üzrə ABŞ və Çindən geri qalmaqla bərabər, özünün iqtisadi, elmi-texniki inkişaf səviyyəsinə görə hətta ikinci dünya müharibəsində məğlub etdiyi Almaniya, Yaponiya və s. kimi ölkələrdən də geriyə qalıb. Hazırda NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, xüsusilə Rusiya ilə həmsərhədd olan Ukraynanın, Gürcüstanın NATO-ya qəbul edilməsi bu ölkələrdə NATO-nun hərbi qüvvələrinin yerləşdirilməsi ilə əlaqədar olaraq Kremlin Avropa və ABŞ-ı hədələməsi açıq deyişmələrində istifadə olunan hərbə-zorbadan başqa heç nə deyil.

Belə ki, bu gün ən məlumatsız və sadəlövh adamlar da bilir ki, ABŞ, Çin və Rusiyadan hər hansı ikisi öz arasında böyük, xüsusilə nüvə müharibəsi apararsa, bu kənarda qalan üçüncü ölkənin dünyaya ağalığını təmin etmiş olacaq. Kreml sahibləri də bunu yaxşı anlayırlar ki, əgər Rusiya NATO ilə hətta nüvə silahı tətbiq etmədən geniş miqyaslı müharibəyə başlasa belə, tərəflər bir-birinə ciddi zərər vurmuş olacaq ki, bu da Çinin uzun illər həsrətində olduğu Rusiya ərazilərini işğal etmək məqsədini reallaşdırmaq üçün ona çox əlverişli şərait yaratmış olacaq. Hələ 1968-ci ildə çinlilərin Damansk adasına hücumundan sonra adını, soyadını unutduğum, bu toqquşmanın iştirakçısı olan bir rus generalı demişdi ki; – «Bu gün primitiv silahlarla silahlanmış bu insan selinin öhdəsindən gələ bildik. Lakin bir müddətdən sonra bu insan seli üstümüzə müasir silah və hərbi texnika ilə gələndə biz bu selin qarşısında aciz qalacağıq».

Rusiya NATO ilə toqquşacağı halda üstünə ən müasir silah və hərbi texnika ilə gələcək Çin selinin qarşısında aciz qalacağının fərqindədir. Yəni Rusiyanın NATO ilə irimiqyaslı hərbi toqquşması Rusiya üçün intihar, deməli rus dövlətinin dünya xəritəsindən silinməsi deməkdir.

Digər tərəfdən, Rusiyanın Pribaltika respublikaları, Moldova və Ukraynanı da hər hansı zəbt etmək cəhdinə də NATO-nun ciddi reaksiya verəcəyini yaxşı bilən Rusiya Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan və özünün Cənubi Qafqazda forpostu və oyuncağı olan Ermənistanın dövlət başçılarını təcili olaraq Sankt-Peterburqa yığmaqla, bu dövlətləri Avro-Asiya ittifaqına bağlayıb, bir güllə ilə bir neçə hədəfi vurmaq niyyətini güdür. Belə ki, Rusiya bu dövlətləri özünün hegemon olduğu Avro-Asiya ittifaqı müqaviləsilə özünə bağlamaqla Çinin və NATO-nun bu ölkələrlə ən əvvəl hərbi, siyasi və iqtisadi inteqrasiyası imkanını neytrallaşdırmış olur. Həm də onlarla özünün arasında Rusiya üçün hərbi cəhətdən çox önəmli olan bufer zonası yaratmış olur. Yəni NATO və Çinin Rusiyaya bu istiqamətlərdə baş verə biləcək hərbi toqquşması zamanı bu ölkələri toqquşmanın ilk qurbanları vəziyyətinə salmış olur. Həm də belə bir toqquşma olduğu halda bu ölkələrin iqtisadi, hərbi resurslarından, habelə ərazisindən döyüş meydanı kimi istifadə etmək imkanı əldə edir. Digər tərəfdən isə bu ittifaqın bütün parametrlər üzrə mütləq çoxluğunu təşkil edəcək türk respublikalarının NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə əlaqələrinin inkişaf edərək, Türk Dövlətləri Təşkilatının vahid, monolit TURAN dövlətinə çevrilməsinin qarşısını almış olur.

Azərbaycan və Ermənistan arasında yüz ildən bəri Rusiya tərəfindən yaradılıb idarə edilən konflikti bu dəfə də özünə sərf edən həddlərdə saxlayıb nizamlayan Rusiyanın, Azərbaycan-Ermənistan danışıqlarında Laçın və Zəngəzur dəhlizlərinin yaradılması və bu dəhlizlərə Rusiyanın nəzarət etməsi şərti də Rusiyanın beş türk respublikasının Türkiyə ilə sərbəst əlaqələrinə imkan verməmək şərtilə, onların Türkiyə ilə məhz Rusiyanın nəzarəti və ona sərf edən həddə əlaqələrinin mövcudluğuna imkan verməklə, Türkiyəni NATO-dan ayırıb təkləyərək öz təsiri altına almaq üçün qurduğu planın tərkib hissəsi kimi əvvəlcədən düşünülmüşdür. Yəni Rusiyanın son yüz il ərzində Azərbaycana tətbiq etdiyi üsulu bu gün Türkiyəyə də tətbiq etmək niyyətindədir.

Şapur QASİMİ

**

 

 

Zəngəzur dəhlizinin açılmasının, Qarabağın Rusiya qoşunlarının müvəqqəti nəzarətində olan hissəsindən Ermənistan qoşunlarının və erməni separatçılarının silahlı dəstəsinin çıxarılması, bu ərazilərdə Azərbaycan qanunlarının, hakimiyyət orqanlarının fəaliyyətinin bərqərar edilməsi, orada əhalinin xeyli hissəsinə Rusiya vətəndaşı pasportu paylanması, rus icmasının formalaşdırılması, kilsə tikilib, ruslara abidə ucaldılması, Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər törədənlərin rus qoşunlarının himayəsi və razılığı ilə hələ də separatçı əməllərə rəvac verməsinə Rusiya hakimiyyətinin göz yumması, Ermənistanın, Fransanın, İranın və s. rəsmiləri və digər vətəndaşlarının Azərbaycan hökumətinin icazəsi, razılığı olmadan Azərbaycanın bütün dünya tərəfindən tanınan bu ərazisinə sərbəst gediş-gəlişinə rus qoşunlarının imkan verməsi, Qazaxıstana Rusiya tərəfindən ərazi iddialarının irəli sürülməsi Rusiyanın bu niyyətlərini sübut edən faktlardır. Türk dövlətlərini öz əsarətinə, nəzarəti altına almaq təkcə Rusiya deyil, ABŞ, Çin, Avropa ölkələrinin də planının və iştahının bir hissəsidir. Bu baxımdan bu ölkələrin heç biri nə Rusiyaya, nə də türk dövlətlərinə ilk baxışda göründüyü kimi mehriban və sədaqətli dost deyillər. NATO-nun aparıcı hərbi qüvvələrindən biri olan Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina edib, Yunanıstanı, kürd terrorçu dəstələrini müftə silahla təmin edən ABŞ-nın, Fransanın və s. Türkiyəyə münasibəti də bunu sübut edir. Yəni, bu gün dünyanın aparıcı qüvvələri olan bu ölkələr həm Rusiyaya, həm də Türkiyə və digər Türk dövlətlərinə qarşı gizli-aşkar düşmənçilik münasibəti bəsləyir. Belə bir tarixi vəziyyətdə Rus dövləti ilə Türk dövlətlərinin yaxınlaşması təbii və zəruri bir haldır. Əsas məsələ bu yaxınlaşmanın hansı məzmun və mahiyyətdə olmasıdır. Rusiyanın əsarətindən xilas olub indilərdə ayağa durmağa ilkin cəhd edən keçmiş sovet Türk respublikaları yenidən könüllü olaraq Rusiyanın əsarətinə və ya asıllığına, nəzarətinə düşərək, üstəlik pis-yaxşı bu günədək öz müstəqilliyini qoruyub, son dövrlərdə iqtisadi, hərbi, elmi-texniki sahələrdə mühüm irəliləyinə nail olmuş Türkiyənidə özləri ilə Rusiyanın əsarətinə daşıyacaqsa bu ümumilikdə Türk dünyasının yağışdan çıxıb yağmura düşməsi, dəqiq desək bütövükdə Türk millətinin bir millət olaraq yer üzündən silinməsi demək olardı. Bu günkü beynəlxalq vəziyyətdə Türk dövlətlərinin təhlükəsizlik durumu Rusiyanın təhlükəsizlik durumundan daha, həm də xeyli yaxşıdır. Üstəlik Rusiyanın daxili ictimai durumu da beynəlxalq müstəvidəki durumundan heç də yaxşı deyil. Rusiyanın bu gün həm daxili həm də xarici münasibətlərində barıt çəlləyi üzərinə oturduğunu desək heç də səhv etmiş olmarıq. Yəni, bu gün rus-türk yaxınlaşmasında türklərdən çox ruslar maraqlı olmalıdır. Əgər türklər Rusiyanı və ya Qərbi seçmək məcburiyyətində qalmış olsalar onda türklərin Rusların qulu olmaqdansa, Qərbin nökəri olmağı seçməsi daha yaxşıdır. Çünki, Rusiyanın əsarətinə, nəzarəti altına düşmək Rusiya dövlətinin məzmun və mahiyyətinə uyğun olaraq istər-istəməz onun qulu olmasını labüd edir. Qərbin əsarəti və ya nəzarətinə düşmək isə hərbi, siyasi cəhətdən asılılığa düşmək demək olsa da iqtisadi, ictimai cəhətdən daha azad olmaq deməkdir. Lakin nə türk dövlətlərinə, nə də ümumilikdə türk millətinə kimdənsə, hər hansı dərəcədə asılı, tabe vəziyyətə düşməsi yox, monolit millət olaraq vahid, unitar TURAN dövlətində birləşərək Rusiya ilə bərabərhüquqlu, müttəfiq dövlət münasibətlərinin qurulması qəbul ediləndir. Belə ki, bu ittifaq həm TÜRK milləti və dövlətinin, həm də RUS milləti və dövlətinin maraqlarına uyğun olaraq hər ikisinin nəinki mövcudluğunun, həm də bütün sahələrdə sürətli inkişafını təmin edən əsaslı amil olmuş olardı. Məhz bu səbəbdən Kreml bu gün məşğul olduğu bu cılız oyunlardan, eyni zamanda imperiya iddialarından əl çəkib, Türk dövlətləri ilə münasibətlərini bərabərhüquqlu, səmimi əsaslarda qurarsa, bu ilk növbədə rus dövlətçiliyini, deməli rus millətini acı taleh yaşamaqdan xilas etmiş olar. Bu gün Rusiyanın təkcə Qarabağdakı davranışı deyil, Türkiyənin Azərbaycan və Orta Asiyanın Türk dövlətləri ilə qarşılıqlı münasibətlərinə, müxtəlif istiqamətlərdə inteqrasiyasına münasibəti də Kremlin türklərlə münasibətini səmimi qurmaq istəmədiyini, sadəcə olaraq Türkiyə də daxil olmaqla bütün türk dövlətlərini özünə tabe şəkildə öz nəzarətində saxlamaq məqsədini açıq biruzə verir. Məsələn, Rusiyanın Xarici İşlər Naziri S.Lavrov müsahibələrinin birində elan edir ki, Rusiya Türkiyənin başqa türk dövlətləri ilə humanitar, mədəni əlaqələrinin əleyhinə deyil, lakin türk dövlətlərinin ümumi hərbi qüvvələrinin yaradılması Rusiya üçün qəbul edilməzdir. Bu fikri Rusiyanın Müdafiə naziri S.Şoyqu da başqa formada sual olaraq ortaya qoyur. O deyir ki, – «Türk Dövlətləri Birliyinin vahid hərbi qüvvələri kimə qarşı yaradılır?» Eyni zamanda da Rusiya dövləti Rusiya əhalisinin yarısının türk olmasını dilə gətirərək Türk Birliyinin üzvü olmaq istədiyini elan edir. Bu faktları sıralayanda belə bir mənzərə hasil olur ki, Rusiya Türk Dövlətləri Birliyini vahid TURAN dövləti olaraq deyil, kiçik, iqtisadi, hərbi və s. cəhətlərdən xırda, zəif dövlətlərin aralarında ancaq humanitar, mədəni əlaqələri gerçəkləşdirən bir qurum kimi görmək istəyir. Rusiyanın bu birliyə üzv olmaq istəməyi də prosseslərin içərisində olmaqla ayrı-ayrı və bütövlükdə onları iqtisadi, hərbi cəhətdən asılı vəziyyətə gətirmək, onların qarşılıqlı əlaqələrinin Rusiyaya sərf edən çərçivədən kənara çıxmasına imkan verməməyə hədəflənib. S.Şoyqunun sualına gəldikdə isə bütün dövlətlərin öz ərazilərini xarici işğaldan qorumaq üçün öz potensial imkanlarına uyğun güclü hərbi qüvvələr yaratdığı, yaratmağa çalışdığı halda niyə və hansı əsasla türkün vahid güclü ordusu olmamalıdır? Məgər, Çin, Rusiya və sairə dövlətləri orduları məhz kimlərəsə qarşı yaradılıb? Əgər onların qoşunları xüsusi olaraq kimlərəsə qarşı, yəni onların konkret düşmənlərinə qarşı yaradılıbsa, onda belə bir güclü qoşunun yaradılması türklər üçün daha çox zəruridir. Belə ki, tarix boyu türklərə qarşı daim düşmənçilik etmiş və bu gün də düşmənçilik edən millətlər, dövlətlər, eləcə də onların əlində oyuncaq olaraq türklərə düşmənçilik edən millətlər və dövlətlər yetərincədir. Son dövrlərdə rus-türk münasibətlərinin yaxınlaşmasında baş verən prosseslərdə daim Rusiyanın iki məqsədi aydın nəzərə çarpır. Türk dünyasının əsas, aparıcı dövləti olan Türkiyəni NATO-dan tezliklə ayırıb, keçmiş sovet ərazilərində müstəqillik qazanmış Türk respublikaları ilə öz nəzarətinə və asılılığına salmaqla nəticədə ilhaq etmək. Rusiyanın Türk Dövlətləri Birliyinə hər hansı bir statusda daxil olmaq istədiyinə gəldikdə isə Türk dövləti olmayan hər hansı bir dövlətin bu təşkilata hər hansı bir statusla qəbul edilməsi istisna edilməsə, bu Türk dövlətləri arasındakı inteqrasiyanı, qarşılıqlı əlaqələrin ahəngini pozmağa, əngəlləməyə səbəb olacaq. Çünki, Türk dövlətləri Birliyinin əsas və həlledici məqsədi, hədəfi türk millətinin bütövləşərək monolitləşməsi, türk dövlətlərinin vahid, unitar TURAN dövlətinə çevrilməsidir. Məhz, buna görə də hər hansı bir digər milli dövlətin bu təşkilata üzv olması yolverilməzdir. Bu başqa bir məsələdir ki, hər hansı bir dövlət Türk Dövlətləri Birliyi ilə hər hansı bir qarşılıqlı əlaqə, hətta müttəfiqlik əlaqəsi qurmaq istəyirsə bu əlaqələr Türk Dövlətləri Birliyinin Ali Rəhbərlərinin yekdil qərarı ilə və bu qərarda nəzərdə tutulan məzmunda, qaydada qurulmalıdır. Bu qaydaya xüsusilə strateji hərbi, iqtisadi sahələrdəki qarşılıqlı əlaqələrdə ciddi əməl olunmalıdır. Əks halda Türk Dövlətləri Birliyinin son hədəfinin əldə edilə biləcəyindən danışmağa belə dəyməz.

İranın şovinist fars dövlətinin türk millətinə və türk dövlətlərinə genetik düşmən münasibəti məlum həqiqətdir. Fars şovinizminin türkə düşmən münasibəti erməni və digər türk düşmənlərinin milli şovinizmi kimi ötəri bir hal deyil. Bu türkə düşmənçilik münasibəti ancaq müəyyən situasiya və dövrlərdə konkret məqsədlərlə ancaq pərdələnə bilər. İranın fars dövlətinin türkə düşmənçiliyinin bu halı 30 illik Ermənistan-Axzərbaycan münaqişəsində də özünü çox aydın göstərdi. Azərbaycan ərazisini işğal etməkdə, Azərbaycan əhalisinə qarşı soyqırım törədib sonradan isə işğal edilmiş Azərbaycan ərazilərini xarabazarlığa çeirməkdə Ermənistanın ən yaxın müttəfiqi və məsləkdaşı olan İran, Rusiyanın Qarabağa qoşun yeridərək Azərbaycanı öz torpaqlarını hərbi yolla tam azad etməsinin qarşısını aldıqdan, xüsusilə Azərbaycanı öz ərazisi olan Naxçıvanla və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi ciddi müzakirə predmetinə çevrildikdən sonra Tehran rejimi hər cürə konspirasiyanı ataraq Azərbaycana qarşı açıq-aşkar bəyanatlar səsləndirməyə başladı. Xüsusilə Moskvada İranın Xarici İşlər Naziri M.Zərif və Rusiyanın Xarici İşlər Naziri S.Lavrov xosunlaşmasından sonra Tehranın müxtəlif yetkililəri «Qarabağa girib, Laçın və Zəngəzur dəhlizlərinə nəzarət etməliyik», «Qarabağın bərpa işlərində iştirak etməliyik», «Türkiyənin Qarabağda mövcudluğuna, Zəngəzur dəhlizindən istifadəsinə yol verməməliyik», və s. bu kimi bəyanatlara rəvac verdilr. Tehranın belə özünə arxayın bəyanatlar verməsi bir tərəfdən Rusiyaya arxayın olması, digər tərəfdən Azərbaycan müstəqillik qazandığı 30 il ərzində Tehran emissarlarının, xüsusilə də S.Ə.Xameneyinin Azərbaycanda şəxsi nümayəndəsi olan Ocaqnəjadın vasitəsilə Azərbaycan əhalisinin dindar, savadsız və maddi cəhətdən çox imkansız olan kəsimindən istifadə edərək Azərbaycanın müxtəlif ərazilərində yaratdıqları dini, şiə yönümlü şəbəkə vasitəsilə ölkəni diz çökdürməyə, bu prossesdə ölkədə yaratdıqları geniş ticarət şəbəkəsindən də istifadə etməyə arxayın idilər. Bundan başqa İran dövləti Azərbaycana güc tətbiq edəcəyi halda qarşısında Azərbaycanın mükəmməl silahlanmış peşəkar ordusu ilə yanaşı Türkiyəni, Pakistanı, İsraili də qarşısında görə biləcəyini, İranın daxilində də çoxluq təşkil edən türk millətinin İran hökumətinə qarşı sərt kütləvi etiraz nümayiş etdirəcəyini də nəzərə almamışdı. Bununla belə İranın yeni Xarici İşlər Naziri Abdullahiyan Moskvaya səfər edərək son çıxış yolu kimi Ermənistanın Zəngəzur bölgəsinə qoşun yeritməyə Kremldən icazə istəməsinə rədd cavabı verildikdən sonra Tehran rejiminin hakimiyyət piramidasında bütün pillələrdə oturan məmurlar Azərbaycan və Türkiyəyə qarşı siyasətini qəfildən 180° dəyişdi. Lakin bu nə İran, nə də Rusiya dövlətinin Azərbaycana və Türkiyəyə münasibətinin real olaraq dəyişməsi anlamına gəlmir. Çünki, Azərbaycan 44 gün ərzində Ermənistanı diz çökdürdüyü bir zamanda Rusiyanın hikkə ilə Qarabağa sülhməramlı adı ilə qoşun yeridərək Qarabağın bir hissəsini de-fakto işğal etməsi, bundan sonra ötən bir ildən çox vaxtda bu qoşunun sülhməramlı deyil, özünü məhz işğalçı kimi aparması, Moskva-Bakı-İrəvan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindən faktiki olaraq Moskvanın imtina etməsi, Rusiya prezidenti, Xarici İşlər Nazirinin müsahibə və bəyanatlarında diplomatik ibarələr altında pərdələməyə cəhd edilən bir çox məqamlar, Rusiya KİV-nin birbaşa Kremldən idarə edilən aparıcıları, Rusiyanın rəsmi dövlət strukturlarında qərarlaşan bir çox məmurların müsahibələri Rusiyanın rəsmi bəyanatlarının Azərbaycana, Türkiyyə, eləcə də Orta Asiya Türk Dövlətlərinə real münasibətilə daban-dabana zidd olduğunu çox dəqiq sübut edir. Bu ziddiyyətin eynilə Tehran rejiminin Türk dövlətlərinə, o cümlədən Azərbaycana münasibətində də əks olunduğu çox aydın görünür. Moskvanın İrana Zəngəzur ərazisinə girməyə icazə verməməsi isə sırf öz maraqları ilə bağlı olub, İranın onun öz oyun meydançasına girməyə icazə verməməsindən başqa heç nə deyil. Digər maraqlı bir cəhət də Tehranın Türk dövlətlərinə, eləcə də ərəblərə qarşı islam dini kartından çox aktiv istifadə etməsidir. 05.12.1991-ci ildə Şimali Azərbaycan Rusiyanın əsarətindən qurtulub müstəqil dövlətə çevrildiyi gündən Rusiya ilə əlbir olub Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində birbaşa iştirak payı olan Tehranın şovinist fars hökuməti ötən bu 30 ildə Azərbaycana münasibətdə ermənidən də çox ermənilik nümayiş etdirərək Ermənistanın bu günədək ayaqda qalması üçün mümkün olan bir şeyi etdi. Azərbaycan Respublikasını daxildən çökdürmək üçün isə S.Xameneyinin Azərbaycan Respublikasındakı şəxsi nümayəndəsi Ocaqnəjadın qurduğu şiə şəbəkəsi iflasa uğradıqda məxfi yollarla gizlincə ölkədən qaçan Ocaqnəjadın bu günlərdə Moskvada və Türkiyədə xortlayaraq Tehran rejimi rəhbərliyinin yeni siyasətinə uyğun yeni nağıllar danışmağa başlayıb. Belə ki, 30 il Azərbaycan Respublikasında ancaq şiəlikdən dəm vurub, şiə qardaşlığından danışan Ocaqnəjad indi nəfəsini dərmdən sünnü-şiə qardaşlığından danışır və hökmən İsrail və ABŞ-ın müsəlmanlara qarşı törətdiyi qırğınlardan, müsəlmanların abad məskənlərini xarabazara çevirməsinə görə fəryad edir. ABŞ imperialist dövlətdir və imperialist dövlət olmaq etibarilə təkcə o yox, Rusiya, Çin də bu gün dünya ağalığı iddiasında olan imperialist dövlətlərdir. Daha bir neçə dövlətdə də bu statusu almağa səbirsizliklə növbə gözləyir. Cinayətkarın nə milliyyəti nə də dini olmur. İmperiyalar da öz məqsədinə çatmaq üçün heç bir cinayət törətməkdən də çəkinmir. İran isə rəsmən islam qaydaları əsasında qurulub idarə edilən islam dövlətidir. Əgər İran İslam Respublikası iranlı general Qulaməli Rəşidin etiraf etdiyi kimi müsəlman ölkələri olan Livanda «Nizbullah», İraqda «Nəşti əş Şəabi», Yəməndə «Ənsai-Alla», Suriyada «İslami Cihad», «Natam əl Anbiyə», Fələstində «Həmas» kimi əslində terror qruplaşmaları olan hərbi birləşmələr yaradıb bu ölkələrdə ara qarışdırıb, müsəlman əhalini qırdırırsa, İran hətta öz ərazisində erməni, kürd terrorçu dəstələri yaradıb, onları silahlandırıb Qarabağa müsəlman azərbaycanlıları öldürməyə göndərirsə, ermənilərlə birgə Azərbaycan ərazisi olan Qarabağın yaşayış məskənlərini, məscidlərini xarabalığa çevirirsə, ermənilərin bu məscidlərdə donuz, mal, heyvan saxlamağını hətta kafirlər qınadığı bir vaxtda islam dövləti İranın müsəlman rhbərləri buna kor və kar olub susursa, hələlik rəsmən İran dövlətinin ərazisi sayılan Cənubi Azərbaycanda, İranda yaşayan 52 milyondan çox müsəlman türklərin tarixi, mədəni abidələrini, göllərini, çaylarını qurudub süni surətdə başqa ekoloji fəlakətlər yaratmaqla bu müsəlman türkləri öz yurdundan didərgin salırsa, onları öz ana dilində təhsil almasını, hətta danışmasını belə, mədəniyyətini qadağan edirsə, eyni zamanda İranda yaşayan 70 min civarında erməniyə kilsələr, məktəblər, idman, mədəniyyət sarayları tikib verirsə, İranın azı 20 yaşayış məntəqəsində saxta «erməni soyqırımına» abidə ucaldırsa, altımışdan çox müxtəlif erməni təşkilatlarının yaradılıb fəaliyyət göstərməsinə nəinki icazə verir, hətta onları maliyyələşdirirsə, bu dövlətin banisi R.Xomeyni təkcə rəsmi məlumata görə üç gün ərzində beş minə yaxın müsəlman İran vətəndaşını onun yaratdığı mənhus, vəhşi rejimə dinc etirazına görə öldürtdürürsə, bu cinayətin yerinə yetirilməsində ən çox günahkar olan İbrahim Rəisi bu gün İranın prezidentidirsə, farslar şiəliyi yaratdığı gündən bu günədək ondan türklərə, ərəblərə qarşı ideoloji silah olaraq istifadə edirsə bu gün Ocaqnəjadın, Amolinin, Ciddinin, Furucinin və sairlərin «Moskva İslam Mərkəzində», Türkiyədə, elektron KİV-də islam vəhdəti, sünnü-şiə qardaşlığı nağıllarının təbliğatının intensivləşdirilməsi Rusiya ilə Tehran rejiminin reallıqda atdığı, TÜRK MİLLİ BİRLİYİ və TURAN DÖVLƏTİNİN yaradılması prossesinə birgə zərbə vurmaq niyyət və planlarını ört-basdır etmək üçün Rusiyada, o cümlədən Moskvada cəmlənmiş çoxlu sayda Azərbaycan, Özbək, Qırğız, Qazax türklərindən öz məqsədləri naminə istifadəyə yararlı kontingent hazırlamaq, eləcə də Rusiyada, Türkiyə və başqa Türk Dövlətləri Təşkilatı olan Türk dövlətlərindəki müsəlmanların onların xəbis planlarına müqavimətini azaltmaq niyyəti güdür.

Lord Rotşildin belə bir deyimi var; – «Kasıblar bir gün cənnətin olmadığını öyrənsə dünyanı idarə edə bilməyəcəyik».

Min ildir ki, ərəblər, farslar türk millətini islam, sünnü-şiə nağılları ilə aludə edib elmdən, inkişafdan geri qoyaraq bundan öz milli maraqlarını reallaşdırmaq üçün istifadə ediblər. Daha indi TÜRK OYANIB! İndi TÜRKÜN MİLLİ BİRLİYİNİN, VAHİD TURAN DÖVLƏTİNİN yaradılmasının Türkün milli mövcudluğunun, milli azadlığının yeganə qarantı olmasını Türk millətinin mütləq çoxluğu artıq dərk edir. Məhz bu səbəbdən Ocaqnəjadların hər cür nağılları nəticəsiz qalmağa məhkumdur. Bu qərarı tarixin gərdişi verdiyindən ona qarşı iddia qaldırmaq xüsusilə onu dayandırmaq imkansızdır. Dövranın gedişi tarixin təkərini artıq TÜRK MİLLİ BİRLİYİNƏ VƏ TURANA ÜNVANLAYIB!

 

Şapur Qasimi

31.12.2021

+00455 522-36-15