📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ocaqnəjadın “sünni-şiə vəhdəti” nağılları

2022-02-08 11:44:00

Ocaqnəjadın “sünni-şiə vəhdəti” nağılları

Və yaxud Rusiya və İranın Azərbaycana qarşı ortaq hədəfləri...

 

30 il Azərbaycan Respublikasında ancaq şiəlikdən dəm vurub, şiə qardaşlığından danışan Ocaqnəjad, indi nəfəsini dərmdən sünnü-şiə qardaşlığından danışır və hökmən İsrail və ABŞ-ın müsəlmanlara qarşı törətdiyi qırğınlardan, müsəlmanların abad məskənlərini xarabazara çevirməsinə görə fəryad edir...

Azərbaycanda 30 il fasiləsiz olaraq əvvəlcə İran İslam Respublikasının Bakıdakı «Mədəniyyət mərkəzinin» rəhbəri, sonralar isə İranın Ali Siyasi rəhbəri S.Ə.Xameneinin şəxsi nümayəndəsi statusunda «şiəliyi təbliğ etmək» adı ilə burada İranın xeyrinə casusluq və terrorçu qruplar şəbəkəsi yaratmaqla məşğul olan Ocaqnəjadın, cinayətkar əməlləri ortaya çıxması səbəbindən, gizli yolla ölkədən İrana qaçdıqdan sonra bir müddət səsi-sorağı çıxmadı. Ermənilər ilə anadangəlmə canqardaşı olan fars şovinizmi 1925-ci ildə ingilislərin və rusların köməyilə hərbi çevriliş etməklə, bu gün İran adlandırdıqları məmləkətdə hakimiyyətə gəldikdən sonra, fars-erməni qardaşlığını mümkün ola biləcək qədər yüksək səviyyəyə qaldırmışdır. Ermənistanın son 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsinə, sonra işğal edilmiş ərazilərin xarabalığa çevrilməsində, bu ərazilər vasitəsilə dünyanın başqa məntəqələrinə daşınan narkotik vasitələrdən böyük pullar qazanmaqda şəriklik, bu münasibətləri daha da istiləşdirmişdir.

Rusiyanın separatçı əməllərə rəvac verməsi...

Zəngəzur dəhlizinin açılması, Qarabağın Rusiya qoşunlarının müvəqqəti nəzarətində olan hissəsindən Ermənistan qoşunlarının və erməni separatçılarının silahlı dəstəsinin çıxarılması, bu ərazilərdə Azərbaycan qanunlarının, hakimiyyət orqanlarının fəaliyyətinin bərqərar edilməsi, orada əhalinin xeyli hissəsinə Rusiya vətəndaşı pasportu paylanması, rus icmasının formalaşdırılması, kilsə tikilib, ruslara abidə ucaldılması, Azərbaycan əhalisinə qarşı hərbi cinayətlər törədənlərin rus qoşunlarının himayəsi və razılığı ilə hələ də separatçı əməllərə rəvac verməsinə Rusiya hakimiyyətinin göz yumması, Ermənistanın, Fransanın, İranın və s. rəsmiləri və digər vətəndaşlarının Azərbaycan hökumətinin icazəsi, razılığı olmadan Azərbaycanın bütün dünya tərəfindən tanınan bu ərazisinə sərbəst gediş-gəlişinə rus qoşunlarının imkan verməsi, Qazaxıstana Rusiya tərəfindən ərazi iddialarının irəli sürülməsi Kremlin bu niyyətlərini sübut edən faktlardır. Türk dövlətlərini öz əsarətinə, nəzarəti altına almaq təkcə Rusiya deyil, ABŞ, Çin, Avropa ölkələrinin də planının və iştahının bir hissəsidir. Bu baxımdan, həmin ölkələrin heç biri nə Rusiyaya, nə də türk dövlətlərinə, ilk baxışda göründüyü kimi, mehriban və sədaqətli dost deyillər.

NATO-nun aparıcı hərbi qüvvələrindən biri olan Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina edib, Yunanıstanı, kürd terrorçu dəstələrini müftə silahla təmin edən ABŞ-ın, Fransanın və s. Türkiyəyə münasibəti də bunu sübut edir. Yəni bu gün dünyanın aparıcı qüvvələri olan bu ölkələr həm Rusiyaya, həm də Türkiyə və digər Türk dövlətlərinə qarşı gizli-aşkar düşmənçilik münasibəti bəsləyir.

Belə bir tarixi vəziyyətdə rus dövləti ilə Türk dövlətlərinin yaxınlaşması təbii və zəruri bir haldır. Əsas məsələ bu yaxınlaşmanın hansı məzmun və mahiyyətdə olmasıdır. Rusiyanın əsarətindən xilas olub, indilərdə ayağa durmağa ilkin cəhd edən keçmiş sovet Türk respublikaları yenidən könüllü olaraq Rusiyanın əsarətinə və ya asıllığına, nəzarətinə düşərək, üstəlik pis-yaxşı bu günədək öz müstəqilliyini qoruyub, son dövrlərdə iqtisadi, hərbi, elmi-texniki sahələrdə mühüm irəliləyinə nail olmuş Türkiyəni də özləri ilə Rusiyanın əsarətinə daşıyacaqsa, bu, ümumilikdə Türk dünyasının yağışdan çıxıb yağmura düşməsi, dəqiq desək bütövükdə Türk millətinin bir millət olaraq yer üzündən silinməsi demək olardı. Bu günkü beynəlxalq vəziyyətdə Türk dövlətlərinin təhlükəsizlik durumu Rusiyanın təhlükəsizlik durumundan daha, həm də xeyli yaxşıdır. Üstəlik, Rusiyanın daxili ictimai durumu da beynəlxalq müstəvidəki durumundan heç də yaxşı deyil. Rusiyanın bu gün həm daxili həm də xarici münasibətlərində barıt çəlləyi üzərinə oturduğunu desək, heç də səhv etmiş olmarıq. Yəni bu gün rus-türk yaxınlaşmasında türklərdən çox ruslar maraqlı olmalıdır. Əgər türklər Rusiyanı və ya Qərbi seçmək məcburiyyətində qalmış olsalar, onda türklərin Rusların qulu olmaqdansa, Qərbin nökəri olmağı seçməsi daha yaxşıdır. Çünki Rusiyanın əsarətinə, nəzarəti altına düşmək Rusiya dövlətinin məzmun və mahiyyətinə uyğun olaraq istər-istəməz onun qulu olmasını labüd edir. Qərbin əsarəti və ya nəzarətinə düşmək isə hərbi, siyasi cəhətdən asılılığa düşmək demək olsa da iqtisadi, ictimai cəhətdən daha azad olmaq deməkdir.

 

Rus dövlətçiliyinin xilas yolu...

 

Lakin nə türk dövlətlərinə, nə də ümumilikdə türk millətinə kimdənsə, hər hansı dərəcədə asılı, tabe vəziyyətə düşməsi yox, monolit millət olaraq vahid, unitar TURAN dövlətində birləşərək Rusiya ilə bərabərhüquqlu, müttəfiq dövlət münasibətlərinin qurulması qəbul ediləndir. Belə ki, bu ittifaq həm TÜRK milləti və dövlətinin, həm də rus milləti və dövlətinin maraqlarına uyğun olaraq hər ikisinin nəinki mövcudluğunun, həm də bütün sahələrdə sürətli inkişafını təmin edən əsaslı amil olmuş olardı. Məhz bu səbəbdən Kreml bu gün məşğul olduğu bu cılız oyunlardan, eyni zamanda imperiya iddialarından əl çəkib, Türk dövlətləri ilə münasibətlərini bərabərhüquqlu, səmimi əsaslarda qurarsa, bu ilk növbədə rus dövlətçiliyini, deməli, rus millətini acı taleh yaşamaqdan xilas etmiş olar.

Bu gün Rusiyanın təkcə Qarabağdakı davranışı deyil, Türkiyənin Azərbaycan və Orta Asiyanın Türk dövlətləri ilə qarşılıqlı münasibətlərinə, müxtəlif istiqamətlərdə inteqrasiyasına münasibəti də Kremlin türklərlə münasibətini səmimi qurmaq istəmədiyini, sadəcə olaraq Türkiyə də daxil olmaqla bütün türk dövlətlərini özünə tabe şəkildə öz nəzarətində saxlamaq məqsədini açıq biruzə verir. Məsələn, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müsahibələrinin birində elan edir ki, Rusiya Türkiyənin başqa türk dövlətləri ilə humanitar, mədəni əlaqələrinin əleyhinə deyil, lakin türk dövlətlərinin ümumi hərbi qüvvələrinin yaradılması Rusiya üçün qəbul edilməzdir. Bu fikri Rusiyanın Müdafiə naziri S.Şoyqu da başqa formada sual olaraq ortaya qoyur. O deyir: «Türk Dövlətləri Birliyinin vahid hərbi qüvvələri kimə qarşı yaradılır?» Eyni zamanda da Rusiya dövləti Rusiya əhalisinin yarısının türk olmasını dilə gətirərək Türk Birliyinin üzvü olmaq istədiyini elan edir. Bu faktları sıralayanda belə bir mənzərə hasil olur ki, Rusiya Türk Dövlətləri Birliyini vahid TURAN dövləti olaraq deyil, kiçik, iqtisadi, hərbi və s. cəhətlərdən xırda, zəif dövlətlərin aralarında ancaq humanitar, mədəni əlaqələri gerçəkləşdirən bir qurum kimi görmək istəyir. Rusiyanın bu birliyə üzv olmaq istəməyi də prosseslərin içərisində olmaqla ayrı-ayrı və bütövlükdə onları iqtisadi, hərbi cəhətdən asılı vəziyyətə gətirmək, onların qarşılıqlı əlaqələrinin Rusiyaya sərf edən çərçivədən kənara çıxmasına imkan verməməyə hədəflənib.

«Türk Dövlətləri Birliyinin vahid hərbi qüvvələri kimə qarşı yaradılır?»

S.Şoyqunun sualına gəldikdə isə, bütün dövlətlərin öz ərazilərini xarici işğaldan qorumaq üçün öz potensial imkanlarına uyğun güclü hərbi qüvvələr yaratdığı, yaratmağa çalışdığı halda niyə və hansı əsasla türkün vahid güclü ordusu olmamalıdır? Məgər Çin, Rusiya və sairə dövlətləri orduları məhz kimlərəsə qarşı yaradılıb? Əgər onların qoşunları xüsusi olaraq kimlərəsə qarşı, yəni onların konkret düşmənlərinə qarşı yaradılıbsa, onda belə bir güclü qoşunun yaradılması türklər üçün daha çox zəruridir. Belə ki, tarix boyu türklərə qarşı daim düşmənçilik etmiş və bu gün də düşmənçilik edən millətlər, dövlətlər, eləcə də onların əlində oyuncaq olaraq türklərə düşmənçilik edən millətlər və dövlətlər yetərincədir. Son dövrlərdə rus-türk münasibətlərinin yaxınlaşmasında baş verən prosseslərdə daim Rusiyanın iki məqsədi aydın nəzərə çarpır. Türk dünyasının əsas, aparıcı dövləti olan Türkiyəni NATO-dan tezliklə ayırıb, keçmiş sovet ərazilərində müstəqillik qazanmış Türk respublikaları ilə öz nəzarətinə və asılılığına salmaqla, nəticədə ilhaq etmək.

Rusiyanın Türk Dövlətləri Birliyinə hər hansı bir statusda daxil olmaq istədiyinə gəldikdə isə, Türk dövləti olmayan hər hansı bir dövlətin bu təşkilata hər hansı bir statusla qəbul edilməsi istisna edilməsə, bu Türk dövlətləri arasındakı inteqrasiyanı, qarşılıqlı əlaqələrin ahəngini pozmağa, əngəlləməyə səbəb olacaq. Çünki Türk dövlətləri Birliyinin əsas və həlledici məqsədi, hədəfi türk millətinin bütövləşərək monolitləşməsi, türk dövlətlərinin vahid, unitar TURAN dövlətinə çevrilməsidir. Məhz buna görə də hər hansı bir digər milli dövlətin bu təşkilata üzv olması yolverilməzdir.

Bu başqa bir məsələdir ki, hansısa dövlət Türk Dövlətləri Birliyi ilə hər hansı bir qarşılıqlı əlaqə, hətta müttəfiqlik əlaqəsi qurmaq istəyirsə, bu əlaqələr Türk Dövlətləri Birliyinin Ali Rəhbərlərinin yekdil qərarı ilə və bu qərarda nəzərdə tutulan məzmunda, qaydada qurulmalıdır. Bu qaydaya xüsusilə strateji hərbi, iqtisadi sahələrdəki qarşılıqlı əlaqələrdə ciddi əməl olunmalıdır. Əks halda Türk Dövlətləri Birliyinin son hədəfinin əldə edilə biləcəyindən danışmağa belə dəyməz.

 

Fars şovinizminin türk düşmənçiliyi...

İranın şovinist fars rejiminin isə türk millətinə və türk dövlətlərinə genetik düşmən münasibəti məlum həqiqətdir. Fars şovinizminin türkə düşmən münasibəti erməni və digər türk düşmənlərinin milli şovinizmi kimi ötəri bir hal deyil. Bu türkə düşmənçilik münasibəti ancaq müəyyən situasiya və dövrlərdə konkret məqsədlərlə pərdələnə bilər. İranın fars rejiminin türkə düşmənçiliyinin bu halı 30 illik Ermənistan-Axzərbaycan münaqişəsində də özünü çox aydın göstərdi. Azərbaycan ərazisini işğal etməkdə, Azərbaycan əhalisinə qarşı soyqırım törədib, sonradan isə işğal edilmiş Azərbaycan ərazilərini xarabazarlığa çeirməkdə Ermənistanın ən yaxın müttəfiqi və məsləkdaşı olan İran, Rusiyanın Qarabağa qoşun yeridərək Azərbaycanı öz torpaqlarını hərbi yolla tam azad etməsinin qarşısını aldıqdan, xüsusilə Azərbaycanı öz ərazisi olan Naxçıvanla və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi ciddi müzakirə predmetinə çevrildikdən sonra, hər cürə konspirasiyanı ataraq Azərbaycana qarşı açıq-aşkar bəyanatlar səsləndirməyə başladı. Xüsusilə Moskvada İranın Xarici İşlər naziri M.Zərif və Rusiyanın Xarici İşlər naziri S.Lavrov xosunlaşmasından sonra Tehranın müxtəlif yetkililəri «Qarabağa girib, Laçın və Zəngəzur dəhlizlərinə nəzarət etməliyik», «Qarabağın bərpa işlərində iştirak etməliyik», «Türkiyənin Qarabağda mövcudluğuna, Zəngəzur dəhlizindən istifadəsinə yol verməməliyik» və s. bu kimi bəyanatlara rəvac verdilər.

Tehranın belə özünə arxayın bəyanatlar verməsi bir tərəfdən Rusiyaya arxayın olması, digər tərəfdən Azərbaycan müstəqillik qazandığı 30 il ərzində Tehran emissarlarının, xüsusilə də S.Ə.Xameneyinin Azərbaycanda şəxsi nümayəndəsi olan Ocaqnəjadın vasitəsilə Azərbaycan əhalisinin dindar, savadsız və maddi cəhətdən çox imkansız olan kəsimindən istifadə edərək Azərbaycanın müxtəlif ərazilərində yaratdıqları dini, şiə yönümlü şəbəkə vasitəsilə ölkəni diz çökdürməyə, bu prossesdə ölkədə yaratdıqları geniş ticarət şəbəkəsindən də istifadə etməyə arxayın idilər.

Bundan başqa, İran dövləti Azərbaycana güc tətbiq edəcəyi halda qarşısında Azərbaycanın mükəmməl silahlanmış peşəkar ordusu ilə yanaşı, Türkiyəni, Pakistanı, İsraili də görə biləcəyini, İranın daxilində də çoxluq təşkil edən türk millətinin İran hökumətinə qarşı sərt kütləvi etiraz nümayiş etdirəcəyini də nəzərə almamışdı. Bununla belə, İranın yeni Xarici İşlər naziri Abdullahiyan Moskvaya səfər edərək son çıxış yolu kimi Ermənistanın Zəngəzur bölgəsinə qoşun yeritməyə Kremldən icazə istəməsinə rədd cavabı verildikdən sonra Tehran rejiminin hakimiyyət piramidasında bütün pillələrdə oturan məmurlar Azərbaycan və Türkiyəyə qarşı siyasətini qəfildən 180° dəyişdi. Lakin bu nə İran, nə də Rusiya dövlətinin Azərbaycana və Türkiyəyə münasibətinin real olaraq dəyişməsi anlamına gəlmir. Çünki Azərbaycan 44 gün ərzində Ermənistanı diz çökdürdüyü bir zamanda Rusiyanın hikkə ilə Qarabağa “sülhməramlı” adı ilə qoşun yeridərək Qarabağın bir hissəsini de-fakto işğal etməsi, bundan sonra ötən bir ildən çox vaxtda bu qoşunun sülhməramlı deyil, özünü məhz işğalçı kimi aparması, Moskva-Bakı-İrəvan arasında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindən faktiki olaraq Moskvanın imtina etməsi, Rusiya prezidenti, Xarici İşlər Nazirinin müsahibə və bəyanatlarında diplomatik ibarələr altında pərdələməyə cəhd edilən bir çox məqamlar, Rusiya KİV-nin birbaşa Kremldən idarə edilən aparıcıları, Rusiyanın rəsmi dövlət strukturlarında qərarlaşan bir çox məmurların müsahibələri Rusiyanın rəsmi bəyanatlarının Azərbaycana, Türkiyyə, eləcə də Orta Asiya Türk Dövlətlərinə real münasibətilə daban-dabana zidd olduğunu çox dəqiq sübut edir. Bu ziddiyyətin eynilə Tehran rejiminin Türk dövlətlərinə, o cümlədən Azərbaycana münasibətində də əks olunduğu çox aydın görünür. Moskvanın İrana Zəngəzur ərazisinə girməyə icazə verməməsi isə sırf öz maraqları ilə bağlı olub, İranın onun öz oyun meydançasına girməyə icazə verməməsindən başqa heç nə deyil.

 

Tehranın ermənidən də çox ermənilik nümayiş etdirməsi

 

Digər maraqlı bir cəhət də Tehranın Türk dövlətlərinə, eləcə də ərəblərə qarşı islam dini kartından çox aktiv istifadə etməsidir. 05.12.1991-ci ildə Şimali Azərbaycan Rusiyanın əsarətindən qurtulub müstəqil dövlətə çevrildiyi gündən Rusiya ilə əlbir olub Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində birbaşa iştirak payı olan Tehranın şovinist fars hökuməti ötən bu 30 ildə Azərbaycana münasibətdə ermənidən də çox ermənilik nümayiş etdirərək, Ermənistanın bu günədək ayaqda qalması üçün mümkün olan bir şeyi etdi. Azərbaycan Respublikasını daxildən çökdürmək üçün isə S.Xameneyinin Azərbaycan Respublikasındakı şəxsi nümayəndəsi Ocaqnəjadın qurduğu şiə şəbəkəsi iflasa uğradıqda məxfi yollarla gizlincə ölkədən qaçan Ocaqnəjadın bu günlərdə Moskvada və Türkiyədə xortlayaraq Tehran rejimi rəhbərliyinin siyasətinə uyğun yeni nağıllar danışmağa başlayıb. Belə ki, 30 il Azərbaycan Respublikasında ancaq şiəlikdən dəm vurub, şiə qardaşlığından danışan Ocaqnəjad, indi nəfəsini dərmdən sünnü-şiə qardaşlığından danışır və hökmən İsrail və ABŞ-ın müsəlmanlara qarşı törətdiyi qırğınlardan, müsəlmanların abad məskənlərini xarabazara çevirməsinə görə fəryad edir.

Ocaqnəjadların hər cür nağılları nəticəsiz qalmağa məhkumdur

 

ABŞ imperialist dövlətdir və imperialist dövlət olmaq etibarilə təkcə o yox, Rusiya, Çin də bu gün dünya ağalığı iddiasında olan imperialist dövlətlərdir. Daha bir neçə dövlətdə də bu statusu almağa səbirsizliklə növbə gözləyir. Cinayətkarın nə milliyyəti nə də dini olmur. İmperiyalar da öz məqsədinə çatmaq üçün heç bir cinayət törətməkdən də çəkinmir. İran isə rəsmən islam qaydaları əsasında qurulub idarə edilən islam dövlətidir. Əgər İran İslam Respublikası iranlı general Qulaməli Rəşidin etiraf etdiyi kimi müsəlman ölkələri olan Livanda «Nizbullah», İraqda «Nəşti əş Şəabi», Yəməndə «Ənsai-Alla», Suriyada «İslami Cihad», «Natam əl Anbiyə», Fələstində «Həmas» kimi əslində terror qruplaşmaları olan hərbi birləşmələr yaradıb, bu ölkələrdə ara qarışdırıb, müsəlman əhalini qırdırırsa, İran hətta öz ərazisində erməni, kürd terrorçu dəstələri yaradıb, onları silahlandırıb Qarabağa müsəlman azərbaycanlıları öldürməyə göndərirsə, ermənilərlə birgə Azərbaycan ərazisi olan Qarabağın yaşayış məskənlərini, məscidlərini xarabalığa çevirirsə, ermənilərin bu məscidlərdə donuz, mal, heyvan saxlamağını hətta kafirlər qınadığı bir vaxtda islam dövləti İranın müsəlman rəhbərləri buna kor və kar olub susursa, hələlik rəsmən İran dövlətinin ərazisi sayılan Cənubi Azərbaycanda, İranda yaşayan 52 milyondan çox müsəlman türklərin tarixi, mədəni abidələrini, göllərini, çaylarını qurudub, süni surətdə başqa ekoloji fəlakətlər yaratmaqla bu müsəlman türkləri öz yurdundan didərgin salırsa, onlara öz ana dilində təhsil almasını, mədəniyyətini, hətta danışmasını belə qadağan edirsə, eyni zamanda İranda yaşayan 70 min civarında erməniyə kilsələr, məktəblər, idman, mədəniyyət sarayları tikib verirsə, İranın azı 20 yaşayış məntəqəsində saxta “erməni soyqırımı”na abidə ucaldırsa, altımışdan çox müxtəlif erməni təşkilatlarının yaradılıb fəaliyyət göstərməsinə nəinki icazə verir, hətta onları maliyyələşdirirsə, bu dövlətin banisi R.Xomeyni təkcə rəsmi məlumata görə üç gün ərzində beş minə yaxın müsəlman İran vətəndaşını onun yaratdığı mənhus, vəhşi rejimə dinc etirazına görə öldürtdürürsə, bu cinayətin yerinə yetirilməsində ən çox günahkar olan İbrahim Rəisi bu gün İranın prezidentidirsə, farslar şiəliyi yaratdığı gündən bu günədək ondan türklərə, ərəblərə qarşı ideoloji silah olaraq istifadə edirsə bu gün Ocaqnəjadın, Amolinin, Ciddinin, Furucinin və sairlərin «Moskva İslam Mərkəzində», Türkiyədə, elektron KİV-də islam vəhdəti, sünnü-şiə qardaşlığı nağıllarının təbliğatının intensivləşdirilməsi Rusiya ilə Tehran rejiminin reallıqda atdığı, TÜRK MİLLİ BİRLİYİ və TURAN DÖVLƏTİNİN yaradılması prossesinə birgə zərbə vurmaq niyyət və planlarını ört-basdır etmək üçün Rusiyada, o cümlədən Moskvada cəmlənmiş çoxlu sayda Azərbaycan, Özbək, Qırğız, Qazax türklərindən öz məqsədləri naminə istifadəyə yararlı kontingent hazırlamaq, eləcə də Rusiyada, Türkiyə və başqa Türk Dövlətləri Təşkilatı olan Türk dövlətlərindəki müsəlmanların onların xəbis planlarına müqavimətini azaltmaq niyyəti güdür.

Lord Rotşildin belə bir deyimi var: «Kasıblar bir gün cənnətin olmadığını öyrənsə dünyanı idarə edə bilməyəcəyik».

Min ildir ki, ərəblər, farslar türk millətini islam, sünnü-şiə nağılları ilə aludə edib elmdən, inkişafdan geri qoyaraq bundan öz milli maraqlarını reallaşdırmaq üçün istifadə ediblər. Daha indi TÜRK OYANIB! İndi TÜRKÜN MİLLİ BİRLİYİNİN, VAHİD TURAN DÖVLƏTİNİN yaradılmasının Türkün milli mövcudluğunun, milli azadlığının yeganə qarantı olmasını Türk millətinin mütləq çoxluğu artıq dərk edir. Məhz bu səbəbdən Ocaqnəjadların hər cür nağılları nəticəsiz qalmağa məhkumdur. Bu qərarı tarixin gərdişi verdiyindən ona qarşı iddia qaldırmaq xüsusilə onu dayandırmaq imkansızdır. Dövranın gedişi tarixin təkərini artıq TÜRK MİLLİ BİRLİYİNƏ VƏ TURANA ÜNVANLAYIB!

Şapur QASİMİ