"Oğlum serebral iflic xəstəsidir, əlil arabası ilə təmin etmirlər..." – Birinci qrup əlilin atası
Cəlilabad rayon Söyüdlü kənd sakini Hüseynov Əyyar Hətəm oğlu övladına əlil arabasının verilməməsindən şikayətçidir.
Bu barədə Kontekst.az -a müraciət edən Ə.Hüseynov bildirib ki, oğlu Vüsal Hüseynov serebral iflic xəstəsidir:
“Dörd qızım və bir oğlum var. Oğlum Vüsal ailənin ikinci övladıdır və anadangəlmə serebral iflic xəstəsidir. Vüsal 1991-ci ildə anadan olub. Bacıları ailə qurub və hazırda həyat yoldaşım, mən və Vüsal bir evdə qalırıq. Bu illər ərzində isə ona anası qulluq edir”.
O, deyib ki, oğlu birinci qrup əlil olsa da 14 yaşına kimi övladının əlil olması ilə bağlı müvafiq qurumlara müraciət etməyib və ona pensiya təyin olunmayıb:
“1991-ci ildə ölkəmizdə vəziyyət çətin idi. Ardınca torpaqlarımız işğal olundu. Ona görə də belə bir vaxtda özümə sığışdırmadım ki, dövlətə müraciət edərək övladımın əlil olduğunu deyib ona pensiya təyin olunmasına çalışım. Yalnız 14 ildən sonra qohumların təkidi ilə müraciət etdim və oğluma pensiya təyin edildi”.
Ə.Hüseynovun sözlərinə görə, bu illər ərzində o, dəfələrlə müraciət etsə də, oğlu əlil arabası ilə təmin olunmayıb:
“Bizə bir neçə sənəd verdilər. Vüsalın əlil arabası ilə təmin olunması üçün bir neçə dəfə müraciət etdik. Amma çox təəssüflər olsun ki, indiyə kimi bizə müxtəlif bəhanələr gətirərək bunu vermədilər. Artıq oğlumun 36 yaşı var. O, hərəkət etməkdə çətinlik çəkir, gəzmək istəyir. Deyir ki, ata, darıxıram, gəzmək istəyirəm. Onun bu danışıqları mənə çox pis təsir edir. Ona görə xahişim odur ki, oğlumun əlil arabası ilə təmin olunması üçün köməklik edəsiniz”.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Qurumdan Kontekst.az -a bildirildi ki, məsələ araşdırılacaq.