📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Öhdəliyin icrasının mümkünsüz hesab edilməsi borclunu məsuliyyətdən azad etmir - Ali Məhkəmə

2026-04-10 11:04:30

Ali Məhkəmənin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.

Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, tərəflər arasında bağlanmış müqaviləyə görə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini sökülməsi üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 19,6 kv.m sahəsi olan təmirli mənzil təqdim etməyi və mənzil təhvil verilənədək kirayə xərclərini ödəməyi öhdəsinə götürüb.

Lakin sonradan iddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirərək, yeni tikilidə mənzillə təmin olunma, ödənilməmiş kirayə haqları, həmçinin maddi və mənəvi zərərin ödənilməsini tələb edib.

Birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi bunu binada 19,6 kv.m sahəli mənzilin mövcud olmaması ilə əsaslandırıb və öhdəliyin icrasının mümkün olmadığını qeyd edib.