Ölkə çökməyə başladı, ümidləri Rusiya neftinə qaldı
Hurriyyet.az xəbər verir ki, iqtisadiyyatı tənəzzülə uğramış Sri Lanka yanacaq böhranının öhdəsindən gəlmək üçün Rusiyanın “qapısını döyməyə” hazırlaşır.
Şri-Lanka ölkə tarixində ən ağır iqtisadi böhranını yaşayır. 22 milyon nəfər əhalisi olan ada dövlətinin iki naziri yanacaq böhranı məsələsi ilə əlaqədar Rusiyaya səfər edəcək. Şri-Lankanın Enerji naziri Kançana Vijesekera Xarici İşlər Nazirliyinin və ölkənin Moskvadakı səfirinin yanacaq məsələsi ilə bağlı Rusiya ilə danışıqlar apardıqlarını bildirərək deyib: “Rusiya hökumətindən və ya Rusiya şirkətlərindən birbaşa yanacaq almaq bizə sərfəlidir. Bununla bağlı danışıqlar aparılır”.
O, yanacaq satın alınması üçün danışıqların davam etdirilməsi üçün iki nazirin bu gün Rusiyaya gedəcəyini də xəbər verib.
Ərzağın, nəqliyyat qiymətlərinin bahalaşması da daxil olmaqla, ağır iqtisadi böhran içərisində olan Şri-Lankada gündə 13 saat elektrikin kəsilməsindən sonra mart ayında əhali kütləvi etirazlara başlamışdı. Mayın 9-da dövlətin tərəfdarları ilə etirazçılar arasında toqquşma olmuş, bunun qarşısını almaq üçün paytaxt Kolomboya hərbi qüvvələr cəm edilmişdi. Müxalifətin təzyiqi ilə Baş nazir Mahinda Rajapaksa 9 may tarixində istefa vermiş, Nazirlər Kabineti buraxılmışdı.
Zorakılıq halları artdıqdan sonra ölkə miqyasında küçələrə çıxmaq qadağan edilmiş, etirazlar zamanı dövlət əmlakına və ya başqalarına zərər verən hər kəsə atəş açılaması göstərişi verilmişdi.
Nümayişlərin gedişində iqtidar partiyasından olan millət vəkili və 2 polis də daxil olmaqla 8 nəfər həlak olmuş, 250 nəfər yaralanmışdı.
İyunun 22-də yeni hökumət ölkə iqtisadiyyatının çökdüyünü elan eləmiş və benzin idxalı üçün belə ödəniş edə bilmədiklərini bəyan eləmişdi.
Ölkənin Beynəlxalq Valyuta Fonduna da borcu var. Şri-Lanka bu il vaxtı çatan 7 milyardlıq xarici borcunu ödəyə bilməyəcəyini bəyan edib. Ada dövləti 2026-cı ilə qədər orta hesabla ildə 5 milyard dollar borc ödəməlidir.
Hürr Tərcüman