"Ölkədə acil konstitusiya islahatları aparılmalıdır" - NATİQ CƏFƏRLİ
"Sistemin yenidən dizaynı üçün unikal şans yaranıb və bu, 44 günlük hərbi qələbənin nəticələrinin siyasi rəsmiləşdirilməsi üçün də vacibdir"
"Azərbaycanda acil konstitusiya islahatlarının aparılması ehtiyacının yaranması haqqında illərdir yazırıq, danışırıq, bu 44 günlük müharibənin siyasəsi nəticələrinin Ana Yasada əksi, idarəetmənin təkmilləşdirməsi, yeni idarəetmə və məhkəmə sisteminin qurulması üçün çox vacibdir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq detallara varmadan atılacaq addımları da qeyd edib: "Birincisi, icra hakimiyyəti institutunun ləğvi, seçkili yerli özünüidarə və mer institutunun təsisi; ikincisi, ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, 14 iqtisadi rayon bölgüsünə uyğun inzibati-ərazi vahidlərinin yaradılması; üçüncüsü, proporsional seçkilərə keçid; dördüncüsü, dövlət və hökumət institutlarının təsnifatı, səlahiyyət-məsuliyyət bölgüsü və təyinatı mexanizmlərinin dəyişdirilməsi, prezidentin dövlət başçısı rolununda qalması (xarici siyasət, təhlükəsizlik, hüquq-mühafizə və xüsusi xidmət, ordu birbaşa prezidentin idarəetməsində olur, prezident 14 inzibati-ərazi vahidinə şəxsi nümayəndə təyin edir və s.),baş nazirin və Nazirlər Kabinetinin isə (hökumətin) parlamentdən çıxması və sosil-iqtisadi məsələlərin hökumətə keçməsi, məsuliyyətin də hökumətə yüklənməsi; beçincisi, hökumətin parlament qarşısında hesabatlılığının artırılması, parlamentin dövlət orqanlarına da sorğulama səlahiyyətlərinin olması kimi addımlar atılmalıdır. Belə bir sistemdə son günlərin müzakirə mövzusu olan məsələlər də aktuallığını itirəcək. Bir neçə gündür ki, İnam Kərimovun kənd təsərrüfatı naziri postundan Ali Məhkəməyə gətirilməsi doğru olmayan bucaqdan müzakirə olunur".
REAL-ın icra katibi hesab edir ki, əgər yeni sistem formalaşacaqsa nazir siyasi vəzifə olacaq, onun peşəsi nə olur-olsun, əsas menecer və seçkilərdə qalib gəlmiş siyasi partiyanın gündəliyini yerinə yetirmək qabiliyyəti önə çıxacaq: "Bunun üçün də ölkədə ideoloji partiyaların formalaşması, ideologiya və proqramların rəqabətinin yaranması vacibdir. Məmləkətdə hakim partiya belə ideoloji deyil, əslində heç hakim partiya da deyil, hakimiyyətdə təmsilçiləri olan partiyadır. Yəni, hüquqşünas kənd təsərrüfatı naziri olanda heç kimdə sual yaranmayacaq və ya iqtisatçı peşəsi sahibi səhiyyə naziri olsa heç kim təəccüblənməyəcək. Sistemin yenidən dizaynı üçün unikal şans yaranıb və bu, 44 günlük hərbi qələbənin nəticələrinin siyasi rəsmiləşdirilməsi üçün də vacibdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az