"Ölkədə dəhşətli yeniyetmə ordusu formalaşıb, mümkün deyil ki..." — AÇIQLAMA
Bu gün sosial şəbəkələr yeniyetmələri mənfi yöndə istiqamətləndirir, onları zərərli vərdişlərə, qeyri-etik davranışlara, bəzənsə insanlığa sığmayan əməllərə təhrik edir. Sosial mediadakı bəzi tanınmışların, “sosial şəbəkə fenomeni” adlandırılan insanların nümayiş etdirdiyi həyat tərzi, əməlləri hələ formalaşmaqda olan yeniyetmələrə heç də yaxşı nümunə deyil.
Bir neçə belə mənfi nümunəyə baxaq. "TikTok" platformasında “Baboş” ləqəbilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Xırda xuliqanlıq etdiyi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün “Baboş” 15 sutka müddətinə həbs edilib.
Digər bir “nümunə” isə daha tükürpədicidir. Pişiyi öldürən şəxs onu asıb, cəsədinə işgəncə edib, daha sonra isə videosunu çəkib yenə də "TikTok" da paylaşıb.
Bu sosial şəbəkə ən çox baxış sayı gətirən platformadır. Adətən gündəmdə olmaq istəyənləri burada tez-tez görürük, digər sosial şəbəkələrdə barələrində oxuyuruq. Təəssüf ki, yeniyetməlik elə bir yaş dövrüdür ki, insan hər gördüyündən təsirlənir, ən çox da mənfi hadisələrdən. Yeniyetmələr, uşaqlar zərərli vərdişlərə daha tez yiyələnir.
Demokrat.az-a açıqlama verən sosioloq Lalə Mehralının fikrincə, qanunsuz əməllərilə sosial mediada "fenomen"ə çevrilən şəxslərə qarşı daha ciddi tədbirlər görülməlidir:
“Cəzalar sərtləşdirilməlidir. Qanunsuz əməllərilə yeniyetmələrə, uşaqlara “örnək” olan bu “fenomen”lər bəzən tanışlıqla, “hörmət”lə qanundan yayınır, cəzadan qurtulurlar. Həm maddi cəzalar, həm də şəxsin özünə yönəlik tədbirlər artırılmalıdır. Qanunla daha sərt cəza verilə biləcəyi halda, yumşaldılır”.
Sosioloq deyib ki, belə insanlar cəmiyyətin mənəviyyatına zərbə vurur:

“İnkişaf çağında olan, dünyagörüşü,düşüncə tərzi hələ tam formalaşmamış, sosial çevrəsi bu cür kəslərlə dolu olan yeniyetməlik dövrünün uşaqları onları görüb, ilhamlanır, eyni yolu təkrar etmək istəyirlər. Əgər bu cür insanlar "TikTok"da bahalı həyatlarını nümayiş etdirirsə, getdiyi əyləncə məkanlarından yayımlar edirsə, onu izləyən yeniyetmə də bu həyatı yaşamaq istəyəcək. Buna görə mənəviyyat korlanır, yeniyetmələr, gənclər mənəvi deqradasiya yaşayırlar, aşınma gedir. Ölkədə elə bir dəhşətli yeniyetmə - gənc ordusu formalaşıb, mümkün deyil ki, sabah onların sağlam bir gələcəyi olsun”.
L.Mehralı təəssüflə qeyd edib ki, öyündüyümüz o dəyərlər, ənənələr – artıq bunların heç biri yoxdur:
“Son qalıntıları əvvəlki nəsil yaşadır. Onlara da “dırnaqarası” baxırlar, xor görürlər. Əslində doğru, normal olan onların düşüncəsidir. Lakin ətrafımızda o qədər qeyri-sağlam düşüncəli təbəqə formalaşıb ki, normal olanı yanlış kimi sırıyırlar cəmiyyətə. Əvvəllər ictimai nəqliyyatda özündən böyüyə yer vermək hörmət əlaməti kimi qəbul edilirdi. İndi yeni nəsil hüquq bərabərliyini əsas gətirir, deyir ki, o da gediş haqqı ödəyib, mən də, niyə yerimi verməliyəm ki?! Məktəbdə uşaqların müəllimlərlə davranışı, ailədə böyüklərə münasibət, ictimai yerlərdə davranış qaydaları – hamısını analiz edəndə vəziyyətin qat-qat ağır olduğunu görürük”.
Son olaraq sosioloq vurğulayıb ki, sosial şəbəkələrin mənfi təsirlərindən qurtulmaq getdikcə müşkülə çevrilir:
""TikTok"da yoxam, amma ümumiləşdirəndə bilirik, söhbət hansı insanlardan gedir, onların siması nədir. Bəzən "Facebook"da paylaşırlar, dəhşətə gəlirəm. Deyirlər ki, bu hələ "TikTok"da olanların ən abırlısıdır. Mən hələ ən abırlısını görürəm, gör, indi, daha betəri hansı vəziyyətdədir?! Təsəvvür edə bilmirəm"".