"Ölkədə iqtisadi vəziyyət müstəqillik tariximizdə ən ağır dövrlərindən birini yaşayır" - NATİQ CƏFƏRLİ
"Hökumət ölkənin iqtisadi problemlərini sərtləşməylə, "xarici qara qüvvələrə" yüklənməklə, Qərblə söz davasına çıxmaqla həll edə bilməyəcək"
"Ölkədə iqtisadi vəziyyət müstəqillik tariximizdə ən ağır dövrlərindən birini yaşayır. İqtisadi göstəricilər pisləşir, vəziyyət pisləşdikcə hökumət də sərtləşir, sərtləşmə isə iqtisadiyyata daha böyük ziyan vurur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
İqtisadçı ekspert hesab edir ki, problemlərin həlli yolu sərtləşmədən deyil, ölkənin daha açıq olmasından, indiki bacarıqsız iqtisadi komandanın dəyişdirilməsindən keçir: "Məmləkət sanki 2014-cü ili bir daha yaşayır, o zaman da iqtisadi göstəricilər pisləşirdi, pisləşdikcə sərtləşmə artırdı, sonrasını hamımız gördük – 3 addımlı devalvasiya (dollar əvvəl 1,05, sonra 1,55, sonda 1,70 manat oldu), insanların kasıblaşması, qiymətlərin kəllə-çarxa çıxması, amma sonra bəxtimiz gətirdi, neft qiymətləri artdı, vəziyyəti sabitləşdirmək mümkün oldu. İndi o şans da yoxdur, çünki ölkədə neft hasilatı düşür, qiymətlərin isə yaxın zamanda kəskin artması ehtimalı çox azdır. Tam tərsinə, ABŞ-da seçkilər yaxınlaşdıqca ölkəni və həm də dünyanı bərbad idarə edən Demokratlar Partiyasının qələbəyə azacıq da olsa, şansı qalması üçün neft qiymətlərini salmağa çalışacaqlar. Çünki ənənəvi, hətta ailədən gələn partiya mənsubiyyəti olmayan, qərarsız qalan, seçkiyə az qalmış kimə səs verəcəyini müəyyənləşdirən orta statistik ABŞ seçicisi səsvermədən öncə benzin qiymətlərinə, inflyasiya rəqəmlərinə (inflasiya da yanacaq qiymətlərindən çox asılıdır, çünki ABŞ avtomobil ölkəsidir, daxili yük daşımalar TIR-larla olur), dolanışığına baxır, yanacaq ucuzdursa hakimiyyətdə olanlara, bahadırsa onların rəqiblərinə səs verir – belələri seçicilərin ən azı 25%-ni təşkil edirlər".
Beləliklə, Natiq Cəfərlinin fikrincə, hökumət ölkənin iqtisadi problemlərini sərtləşməylə, "xarici qara qüvvələrə" yüklənməklə, Qərblə söz davasına çıxmaqla həll edə bilməyəcək, məmləkət isə yenə zaman və resurs itirəcək.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az