"Ölkədə onsuz da cılız çıxan tənqidi, müxalif səslərin biryolluq susdurulmasına çalışılır" - ŞAHİN CƏFƏRLİ
"Bu siyasətin ölkəni tərəqqiyə aparmadığını, vətəndaşlara rifah gətirməyəcəyini təhsilindən və intellekt səviyyəsindən asılı olmayaraq, hər kəs görür, anlayır"
"Adətən ümummilli miqyaslı uğurlardan sonra, yaxud mühüm tarixi hadisələrin yuvarlaq ildönümləri zamanı amnistiyalar verilir, həbsxanalar boşaldılır, cəmiyyətdə barış və şənlik ab-havası yaranır. Bizdə çox təəssüf ki, tərsi müşahidə olunur. Siyasi xarakterli həbs və təqiblər yenə davam edir. Ölkədə onsuz da cılız çıxan tənqidi, müxalif səslərin biryolluq susdurulmasına çalışılır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.
Siyasi şərhçinin fikrincə, Qarabağ probleminin həllindən sonra ölkə gündəmində bu mövzu olmamalıydı, bəyaz bir səhifə açılmalıydı: "Təbii ki, vəziyyətin qısa vədədə dəyişəcəyinə dair şəxsən mənim hər hansı illüziyam yox idi. Ötən günlərdə tanınmış bir şəxs (iqtidar dairələrinə yaxın) narazılıq etmişdi ki, niyə bu cür uğurdan sonra belə, bir çoxları sevinmək əvəzinə yenə problemləri gündəmə gətirir, neqativə köklənir. Səbəb aydın deyilmi? Haqsızlıq, hüquqsuzluq, ədalətsizlik... Bu siyasətin ölkəni tərəqqiyə aparmadığını, vətəndaşlara rifah gətirməyəcəyini təhsilindən və intellekt səviyyəsindən asılı olmayaraq, hər kəs görür, anlayır. Nəticədə ümidsizlik və bədbinlik zehinlərə yenidən hakim olur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az