Ölkələr Ukraynaya dəstək üçün Kopenhagendə toplanacaq
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynanın təkidi ilə Rusiyanın hərbi əməliyyatını pisləməyən Qlobal Cənub ölkələrinin nümayəndələri ilə görüşəcək. İclas iyunun 24-25-də Kopenhagendə keçiriləcək. Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Braziliya, Hindistan, Çin, Türkiyə, Cənubi Afrika Respublikası və bir sıra digər dövlətlərin nümayəndələri görüşə dəvət alıblar. Orada Ukrayna ABŞ və Avropa İttifaqının nümayəndələrinin köməyi ilə bu ölkələrdən dəstək almağa çalışacaq. Nəşrin məlumatına görə, görüşdə Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli üçün əsas yarada biləcək prinsiplər qeyri-rəsmi müzakirə olunacaq. Adı açıqlanmayan bir Avropa rəsmisi qəzetə bildirib ki, Avropa Ukraynaya dəstək verilməsinin zəruriliyinə “dünyanın qalan hissəsinin nə dərəcədə inanmadığı” barədə çox az anlayışa malikdir.
Ülviyyə, Hurriyyet.az