"Ölkəmizdə ən çox milli diskriminasiyaya məruz qalan elə milli çoxluqda olan türklərdir" - FUAD QƏHRƏMANLI
"Elə yanlış təsəvvür yaradıblar ki, sanki, mən türkəm, dilimin adı da türk dilidir demək etnik millətçilik, faşizm kimi bir şeydir"
"Talış da, ləzgi də, avar da digərləri ilə biz Azərbaycan adlı ortaq Vətənə sahib olan ortaq dəyərlər, birgə tarixi yaratmış can qardaşlarıyıq, həmvətənik, kimsə onları bizdən, bizi də onlardan ayıra bilməz, biz birik və bu vətənin bütövlüyü, təhlükəsizliyi hər kəs üçün vaz keçilməz qırmızı xətdir"
"Bu gün ana dili günüdür. Hələ də öz gerçək adı qoyulmamış bir dildə danışırıq. Azərbaycan dili deyilən bir şey olmadığı halda bu uyduruk, qondarma adı bizim ana dilimizə yapışdırıblar və onu tarixi milli kimliyimizdən qoparıblar. Biz hələ də vaxtı ilə Sovet Rusiyasının və farsların bizə qoyduğu, heç bir tarixi reallığı əks etdirməyən saxta yarlıqla, uydurma adla özümüzü adlandırırıq və gerçək tarixi həqiqətlər haqqında danışmaqdan nədənsə ehtiyyat edirik". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib.
Siyasi şərhçi hesab edir ki, azərbaycanlı milləti olmadığı kimi, Azərbaycan dili də yoxdur: "Coğrafi olaraq Azərbaycan ölkəsində yaşayan türk milləti var, onun da dilinin adı türk dilidir. Çox yanlış və şovinist siyasət nəticəsində bizə elə bir fikir aşılanıb ki, sanki biz öz türk milli kimliyimizi rəsmi olaraq ifadə edəriksə, bu başqalarının xoşuna gəlməz, guya bu digər xalqlarıa qarşı milli ayrı-seçkilik olar. Niyə, nəyə görə başqa xalqın mənsubu mənim öz tarixi adımı inkar etməyimi, saxta, qondarma bir yarıq altında mill kimliyimi gizlətməyimi istəsin, varmı burada bir məntiq? Bu millətçilik deyil, sadə təməl haqqdır, məqsədli şəkildə, qəsdən toplumun savadsızlığından istifadə edərək elə yanlış təsəvvür yaradıblar ki, sanki, mən türkəm, dilimin adı da türk dilidir demək etnik millətçilik, faşizm kimi bir şeydir. Bu elə Azərbaycan türklərinə, onların milli kimliyinə qarşı öz ölkəsində həyata keçirilən milli assimilyasiya siyasəti deyil bəs nədir? Varmı bunun başqa adı? Necə olur ki, fransız öz ölkəsində fransız olduğunu, rus öz vətənində rus olduğunu, ingilis öz məmləkətində ingilis olduğunu deyəndə bu millətçilik, etnik ayrımçılıq olmur, biz öz yurdumuzda türklüyümüzü deyəndə başqa xalqlara qarşı ayrı-seçkilik olur? Bu nə dərddir düşmüşük? Zaxarovanın Rəsulzadə ilə bağlı "Azərbaycan hakimiyyətinə xəbərdarlıq etmişik" deməsi də elə bir daha onu təsdiq edir ki, milli kimliyimizlə bağlı məsələlər hələ də Moskvadan yönləndirilir".
Fuad Qəhrəmanlının fikrincə, bu gün ölkəmizdə ən çox milli diskriminasiyaya məruz qalan elə milli çoxluqda olan türklərdir: "Dillərinin adı dəyişdirilib Azərbaycan dili qoyulub, türk milli varlığı inkar edilərək qondarma azərbaycanlı adı yapışdırılıb üzərinə, soyad sonluqları kütləvi şəkildə ov, yev-lə öz milli soyundan qoparılıb və. s. Bu Vətəndə biz müxtəlif etnik kimlikləri olan xalqlarla, milli azlıqlarla ortaq tarix, mədəniyyət və Vətən anlayışında bir bütün olaraq varıq və bu etnik zənginlik bizim bütöv Azərbaycan toplumu, cəmiyyəti anlayışımızın əsas təməlini təşkil edir. Hüquqi baxımdan isə hər hansı etnik, irqi, cinsi, sosial status fərq olmadan bərabər şəkildə Azərbaycan Respublikası vətəndaşlığını daşıyırıq və tam bərabərik. Talış da, ləzgi də, avar da digərləri ilə biz Azərbaycan adlı ortaq Vətənə sahib olan ortaq dəyərlər, birgə tarixi yaratmış can qardaşlarıyıq, həmvətənik. Kimsə onları bizdən, bizi də onlardan ayıra bilməz, biz birik və bu vətənin bütövlüyü, təhlükəsizliyi hər kəs üçün vaz keçilməz qırmızı xətdir. Əgər kimsə milli zəmində nəinki bizim ərazi bütövlüyümüzü, hətta mənəvi birliyimizi sarsmağa, bölməyə çalışarsa, separatizm zəmində etnik ayrı-seçkilik edərsə, bunun qarşısı qətiyyətlə alınmalıdır. Bu ölkənin ərazi bütövlüyünün təməlində türkün də, talışın da, ləzginin də ingiloyun da və. s-nin Şəhid qanı var. Bunları ona görə ayrıca qeyd etdim ki, Azərbaycan türklərinin milli kimliyi üzərindəki qeyri-rəsmi qadağanın qaldırılması millətimizin gerçək türk adının özünə qaytarılması, dilimizin gerçək türk dili adlandırılması heç kimə qarşı ayrı-seçkilik kimi anlaşılmalı deyil və bunun Azərbaycan türklərinin milli haqqı olmasını hər kəs könül xoşluğu ilə tarixi bir gerçəklil kimi qəbul etməlidir. Türk dili gününüz mübarək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az