Ölüm hökmü, yoxsa ömürlük həbs? - hüquqşünas və deputatdan açıqlama
11 yaşlı qızcığazın təcavüzə uğraması xəbəri ictimaiyyət tərəfindən çox sərt şəkildə qarşılandı. Cəmiyyətin bir qismi təcavüz edən şəxlərin edam olunmasını tələb edir. Belə olduğu təqdirdə təcavüz edən şəxs edam olunarsa, cəmiyyətdə bu cür hadisələrin baş verməyəcəyi qeyd edilir. Əvvəllər Azərbaycan Respublikasının qanunvericiliyində, Cinayət Məcəlləsində ölüm hökmü mövcud olub. 1995-ci ildə ilk müstəqil konstitusiya qəbul edildikdə ölkə üzrə aparılan hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar çərçivəsində humanist addım kimi dünyanın bir sıra dövlətlərində uyğun olaraq qərar qəbul edilib. 1998-ci il fevralın 10-da Azərbaycan cinayət qanunvericiliyindən ölüm cəzası çıxarılıb. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib.
Bununla belə, bəzi ekspertlər ölüm hökmünün bərpasını məqbul saymır, bildirirlər ki, bu, çoxlu sui-istifadə hallarına gətirib çıxara bilər...
Yeri gəlmişkən, İmişlidə 11 yaşlı qızın dünyaya uşaq gətirməsində təqsirli bilinən atalığına qarşı ittiham irəli sürülüb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Sabiq polis rəisi: “Ölümlər, zorlama hadisələri çoxalıb, ölüm hökmü yenidən tətbiq olunmalıdır”
Mövzu ilə bağlı sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev “Yeni Müsavat”a bildirib ki, ölüm hökmünün tətbiq olunmasının tərəfdarıdır: “Əvvəllər mən də əleyhinə idim ki, ölüm hökmü olmasın. Son 20-25 ildə ölüm, zorlama hadisələri çoxaldı. Keçmişdə qanunveicilikdə bütün maddələrdə ölüm hökmü yox idi. Azyaşlının zorlanması, öldürülərək zorlanma, qəsdən adam öldürmə, dövlət əmlakının mənimsənilməsi, rüşvət almaqda ittiham olunanlara ölüm hökmü cəza kimi tətbiq edilirdi. Yalnız beş-altı maddə idi. Sonra Avropa Birliyinə daxil olduq, bu, qanunvericilikdən çıxarıldı. Mən də əvvəl fikirləşirdim ki, cəzanı yüksəltməklə hansısa cinayətin qarşısını almaq olmaz. Belə baxanda insan mürəkkəb xarakterli məxluqdur, nə qədər qorxu hissi yaşasa, o qədər cinayətə az gedər. Bəzi hüquqşünaslar etiraz edə bilərlər. Amma bu, bəzi maddələrdə saxlanılsa, yaxşı olar. Çünki bu cür qəsdən törədilən hadisə ehtiyatsızlıq səbəbindən baş vermir. Zorlama, adam öldürmə qəsdən olan cinayətlədir. Bunu qəsdən edirsə də, ağılla törədirsə də, anlaqlı şəraitdə törədirsə də, demək, bunun nəticəsini də fikirləşir. Cinayəti törədənlər ”onsuz da güllələnmə yoxdur ki" kimi fikirləşirlər".
Sabiq polis rəisi bu cür ağır cinayətlərdə ilkin istintaq hərəkətinin necə aparılmasından da bəhs edib: “İstintaq hərəkətlərindən biri həmin şəxsin anlaqlı olub-olmaması haqqında məhkəmə psixiatriyasının rəyini almaqdır. Çox hallarda bu cinayəti törədənlər anlaqlı olur. Qəsdən o cinayətə gedir. Ona xəstəlik adı vermək olmaz. Ola bilər, bu tipli cinayətlər baş verəndə məhkəmə psixiatriya ekspertləri rəy verir ki, həmin şəxs anlaqlı deyil, ruhunda, psixikasında xəstəlik var. Onda istintaq tamam başqa yöndə gedir. Onda məhkəmə qərarı ilə müalicə təyin olunur, müəyyən vaxt təcridxanalarda saxlanılır. Yoxsa bu tipli cinayətlərin 90 fazizində xəstəlik olmur. Əgər bu əməli dəfələrlə edibsə, deməli, buna anlaqlı şəkildə, qəsdən gedib. Burada hansı xəstəlikdən söhbət gedə bilər?!
Onu da nəzərə almaq lazmdır ki, biz Avropa Birliyinin tövsiyəsinə uyğun olaraq ölüm hökmünü ləğv etdik. Amma hər bir cinayətin motivi, cəza tətbiqi zamanı coğrafi şərait mütləq qaydada nəzərə alınmalıdır. Biz Avropa ölkəsi deyilik, Qafqaz ölkəsiyik. Biz Rusiya deyilik. Biz İslam dininə mənsub olan, “Qurani-Kərim”ə səcdə edən qafqazlıyıq. Bu cür cinayətləri başqa cür qəbul edirik. Məsələn, Rusiya təcrübəsini bilirəm, bu cür cinayətlərə 10-15 il cəza verirlər. Coğrafi şərait, həmin millətin milli mentaliteti nəzərə alınmalıdır. Bizim üçün bu çox ağır hadisədir".

Millət vəkili: “Cinayət Məcəlləsində dəyişiklik ediləcək, hazırda bununla bağlı ciddi müzakirələr aparılır”
Millət vəkili Fazil Mustafa isə bildirib ki, yaxın vaxtlarda ölkə ictimaiyyətini narahat edən bu mövzu Milli Məclisdə müzakirəyə çıxarılacaq: “Mən də ölüm hökmünün tətbiqinin tərəfdarıyam. Amma buna qayıtmaq böyük bir problemdir. Çünki bu, Avropa Birliyinin qarşısında götürülən öhdəliyin pozulmasıdır. İmişlidə baş vermiş bu hadisəyə səbəbkar olan şəxsə ömürlük həbs cəzasının verilməsi real ola bilər. Bu məsələni də qaldıracağıq. Yəqin ki, Cinayət Məcəlləsində bununla bağlı dəyişiklik ediləcək. Hazırda bununla bağlı ciddi müzakirələr aparılır”.
Qeyd edək ki, ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 128 məhkum olub. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma “Talış-Muğan Respublikası”nın rəhbəri elan etmiş Ələkrəm Hümmətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib. Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi “ölüm kamerası” adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla - güllələnmə ilə icra olunub.