📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsman Aparatından insan hüquqlarına qadağa - MƏĞRUR BƏDƏLSOY YAZIR

2022-02-11 19:26:00

Ombudsman Aparatından insan hüquqlarına qadağa - MƏĞRUR BƏDƏLSOY YAZIR

Aydın Səfixanlı iki il qabaqkı saxta cavablarla müvəkkillik edir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” 28.12.2001-ci il tarixli 246-IIKQ saylı Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.9 maddəsində MÜVƏKKİLLİN MƏHKƏMƏLƏRDƏ SÜRÜNDÜRMƏÇİLİK, SƏNƏDLƏRİN İTİRİLMƏSİ VƏ VAXTINDA VERİLMƏMƏSİ, habelə  MƏHKƏMƏ QƏRARLARININ İCRASININ GECİKDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR İNSAN HÜQUQLARININ POZULMASINA DAİR ŞİKAYƏTLƏRƏ BAXMAQ HÜQUQU doğrulanıb.

Di gəl, Azərbaycanın ombudsmanı açıq şəkildə hüququndan imtina edir, bu imtina ilə insan hüquqlarının müdafiəsinə qadağa qoyur. Təsəvvür edin, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı hüquq pozucularının qeyri-prosessual basqısı ilə 13 ildir Xətai məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451/09 tarixli qətnaməsini icra etməkdən qərəzlə imtina edən borclular ƏMDK və Nizami RİH -in vəkili rolunda çıxış edib və indi də etməkdədir.

Aparat rəhbərinin əsas arqumenti odur ki, məhkəmənin qərarı borcluların, hətta “JEK”-in məktubundan belə aşağıdadır və şikayətçi yeni məlumat əlavə etmir. Belə çıxır, aparat rəhbərinin müvəkkilin səlahiyyətlərini mənimsəməsi və “dedığım dedığdır” cavabı Konstitusiya aktı kimi qəbul edilməlidir? Məhkəmə qərarının icra olunmaması elə təkrar şikayət etməyə əsasdır də! Amma, yox, Aydın Səfixanlı məhkəmə qərarının illərdir icra olunmaması ilə hüququ pozulan şəxsin şikayətinə baxmaqdan “təkrar təqdim edilmiş şikayətdə yeni faktlar, məlumatlar, sübutlar olmadığından” imtina edir! (?)

Aparat rəhbərinin səlahiyyətlərini aşması göz önündədir, nədən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ ombudsmana məxsusdur. Ombudsman aparatı Müvəkkilin fəaliyyətinin hüquqi,  təşkilati, elmi – analitik, informasiya, maddi-texniki , maliyyə və təsərrüfat  təminatının həyata keçirilməsi üçün yaradılır və onun şikayətlərə baxmaq hüququ, daha doğrusu şikayətlərə baxmaqdan imtina hüququ yoxdur. Özbaşınalığa baxın, vətəndaş dövlət orqanlarındakı süründürməçilikdən, bürokratik əngəllərdən şikayət edir, ombudsman aparatının bürokratik əngəlləri, süründürməçiliyi, qanunsuz vəkilliyi ilə üzləşir.

Bakı İnzibati Məhkəməsinin (qərarı qəbul edən Şərafət Məmmədova və sonrakı hakim Aygün Abdullayeva) 6 ildir dövlətin adından çıxardığı 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarın icrasını təmin etməkdən imtinasından tələbkar Qarabağ qazisinin şikayətinə də qanuna zidd olaraq Ombudsmanın özü yox, aparat rəhbəri “Ombudsman haqqında” qanunun tələbinə zidd olaraq “baxıb”, daha doğrusu, baxmaqdan qanunun 11.5 maddəsi əsasında imtina edib. Görün, Aydın Səfixanlı imtinasını necə əsaslandırıb :”1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarı üzrə icra sənədinin (?-M.B) icra olunmasında köməklik (?-M.B.) göstərilməsi haqqında ..Ombudsmana ünvanlanan ərizəyə cavab olaraq bildiririk ki, BUNDAN ƏVVƏLKİ EYNİ MƏZMUNLU ƏRİZƏNİZƏ 04.03.2020-Cİ İLDƏ VƏ TƏKRAR  16.04.2020 -Cİ İLDƏ Ədliyyə Nazirliyi vasitəsilə cavab verilmişdir”. Cavabın qanunsuzluğunu 2 il qabaqkı tarixə verilməsindən başqa, həm də şikayətin mahiyyətinin təhrif edilməsi, Ədliyyə Nazirliyinin saxta cavabının Konstitusiya aktı kimi qəbul edilməsi ortaya qoyur. Halbuki, şikayət Bakı İnzibati Məhkəməsinin İPM-in 116.2 maddəsinə əsasən qəbul etdiyi qərarın icrasını 6 ildir  təmin etməməsindən, hətta tələbkarın verdiyi ərizələrə baxmaqdan imtinasındandır.

Ombudsmanın və aparatının qanunvericilikdən xəbərsiz diqqətlərinə çatdırırıq ki, inzibati mübahisələrə dair məhkəmə qərarlarının icrasını MƏHZ birinci instansiya məhkəməsi təmin etməlidir! İPM-in 116-cı maddəsində doğrulanan bu hüquqi tələbi Ali Məhkəmənin Plenumu da 19.11.2021 tarixli qərarı ilə bir daha doğrulasa da, Bakı İnzibati Məhkəməsinin borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısına boyun əyməsi hələ də sürür. Belə cavablar Ombudsmanın da bu qeyri-prosessuallıqda öz payının olmasını deməyə əsas verir . Məhkəmə qərarı cavablarla , məktublarla  icra olunmur. Bu cavablar,  məktublar istər köhnə tarixə olsun, istər hazırkı,  istər gələcək, heç bir önəm daşımır. Önəmli olan məhkəmənin borclunun üzərinə qoyduğu öhdəliyi icra etdirməsidir. Saxta məktubla icra təmin olunsaydı,  mənzil təminatı gerçəkləşsəydi, “donuz darıdan, erməni işğalçıları Qarabağdan, yerli işğalçılar evimizdən çıxsaydı”, “halva” deməklə də ağız şirin olardı...

Azərbaycan insanının hüququnun qorunması Tanrıya qalıb. Qula qalsa , məmurlar, ombudsman, aparatı prezidentin qulluğunda xidmətdədirlər vətəndaşa, xalqa qulluqdan imtina edirlər. İnsan hüquqları pozuntusuna şikayətə baxmaqdan illərdir imtina etdikləri kimi...

 

Məğrur BƏDƏLSOY