📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ombudsmanın təklifləri də nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin tibbi təminatı təkmilləşdirilib

2026-11-26 16:46:54

Ombudsmanın təklifləri də nəzərə alınmaqla şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin tibbi təminatı təkmilləşdirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən əhalinin sağlamlığının qorunması hüququnun daha səmərəli müdafiəsi, tibbi xidmətlərə və dərman vasitələrinə əlçatanlığın artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, qanunvericiliyin və tətbiq olunan təcrübənin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına təklif və tövsiyələr təqdim olunur.

Ombudsmanın 2025-ci il üzrə məruzəsində şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin tibbi təminatında mövcud problemlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli Qərarının müasir elmi-tibbi nailiyyətlər və müsbət xarici təcrübə əsasında təkmilləşdirilməsi təklif edilmişdir.

Müvəkkilin irəli sürdüyü təklif də nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2026-cı il tarixli 391 nömrəli Qərarı ilə qeyd olunan qərara dəyişikliklər edilmiş, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi yardımın həcmi, onların dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı normaları təkmilləşdirilmişdir.

Dəyişikliklərə əsasən, insulin təminatı normaları artırılmış və fərdi tibbi ehtiyaclara uyğunlaşdırılmış, yeni nəsil şəkərsalıcı dərman preparatları təminat siyahısına daxil edilmiş, insulin qələmlərinin ucluqları ilə təminat genişləndirilmişdir. Eyni zamanda, pasiyentlərin qlükometrlərlə, tibbi göstərişlər və müəyyən edilmiş yaş meyarları əsasında uşaqların davamlı qlükoza monitorinqi cihazları və insulin pompaları (və onun məsrəfləri) ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Bununla yanaşı, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün nəzərdə tutulan həkim konsultasiyalarının siyahısına ildə bir dəfə ümumi cərrah konsultasiyası da daxil edilmişdir.

Qeyd olunan yeniliklər şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müasir müalicə üsullarına və tibbi texnologiyalara əlçatanlığının artırılması, xəstəliyin ağırlaşmalarının qarşısının alınması, pasiyentlərin və onların ailələrinin maliyyə yükünün azaldılması, bütövlükdə sağlamlığın qorunması hüququnun daha səmərəli təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.