“Omikron pandemiyanın sonunu gətirəcək” müjdəsi
Həkimlərə görə, mövcud vaksinlər yeni ştamma qarşı da təsirlidir...
COVID-19-un yeni şatammı olan “omikron” ştammına qarşı peyvəndin 2022-ci ilin martında hazır olacağı bildirilib. Bəs ona kimi necə olacaq? Yoluxma üçün ən kritik dövr sayılan qış artıq arxada qalmış olacaq. Yeri gəlmişkən, ölkəmizdə koronavirus infeksiyasına 1315 yeni yoluxma faktı qeydə alınıb, 1 850 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. Göründüyü kimi, yoluxma sayı hələ də dördrəqəmli olaraq qalır, gündəlik ölüm sayları da az deyil. Bəs görəsən, yeni ilədək yoluxmalarda kəskin enmə ola bilərmi?
Yeri gəlmişkən, ÜST-ün Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib ki, hələlik Azərbaycanda “omikron” ştammına rast gəlinməyib: “Azərbaycanda ən son ”Delta" ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştammdan əziyyət çəkir. Yeni ştamm Azərbaycanda hələ aşkarlanmasa da, bu, “omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir. Çünki dünyanın hər yerində “delta” ştammı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştammına da aiddir. Çünki yeni ştamm bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştamma qarşı da effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir".

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova “Yeni Müsavat”a mövzunu belə şərh edib: “Omikron” ştammı artıq dünyanın 60-a yaxın ölkəsində yayılıb, ilkin mülahizələrə görə, bu ştamm sürətlə yayılır, lakin ÜST bildirib ki, bu ştammla bağlı heç bir ölüm hadisəsi qeydə alınmayıb. “Omikron” ştammında əsas dəyişiklik mutasiya onun spayk zülalında baş verdiyindən bu halda inaktiv qrupdan olan peyvəndlər( CoronaVac tipli) bu ştamma qarşı effektiv ola biləcəyini ehtimal etmək olar. Daha çox immun sisteminin zəifləməsi olan şəxslərdə Cənubi Afrika respublikasında müşahidə olunub. Biz COVID-19-un hər hansı bir ştammının olmasından asılı olmayaraq əvvəlki qaydalara riayət etdikdə və əlavə doza olaraq vaksinasiya olunmaqla təbii ki, yenə də özümüzü qoruya bilərik".

İnfeksionist-hepatoloq Mərdan Əliyev də “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Ümumiyyətlə, vaksinlərin üzərində modifikasiya işlərinin aparılması, yəni yeni variantı uyğunlaşdırılması da müəyyən vaxt aparır. Bu vaksin hazırlandığı qədər uzun müddət çəkməsə də, onun modifikasiyası müəyyən vaxt aparır. Ona görə də bu hazırlanana qədər müəyyən müddət gözləməliyik. Amma burada bir məsələ var. İndi hazırda istifadə olunan vaksinlərin ”Omikron" ştammına qarşı təsiri sıfıra enməyib, bu təsir var. Düzdür, effektivlik, vaksinin təsiri 4-5 dəfə azalıb. Yəni bu deməkdir ki, qoruma azalıb, amma xəstəliyin ağır keçməsinə, ölüm göstəricilərinə təsiri qalıb. Yeni istifadə etdiyimiz vaksinlərdən sonra da “Omikron” ştammına yoluxma olacaq, ancaq xəstəliyin ağır keçməsi və ölüm göstəricilərinə təsiri olacaq. Buna görə hazırda istifadə olunan vaksinlərin istifadəsi davam etdirilməlidir. Hazırda bir çox ölkələrdə olan göstəricilərə görə, ölüm sayı və ağırlaşma sayı “delta” ştammında olduğu qədər deyil. Nadir hallarda ağırlaşma ola bilər. Ümumi götürəndə belə başa düşürük ki, “omikron” ştammı “delta” ştammına nisbətən COVID-in ilk, ana variantına nisbətən daha aşağı virulentlik və patogenliyə malikdir Bu da o deməkdir ki, xəstəlik törətmə qabiliyyəti və xəstəliyin ağırlıq dərəcəsi o birilərdən aşağıdır. Əslində bu da yaxşı haldır. Bəlkə də bu artıq pandemiyanın sonunun müjdəsi ola bilər. Çünki bütün pandemiyalar belə sonlanır. Yeni variant əmələ gəlir, get-gedə virusun virulentliyi və patogenliyi azalır və bununla da pandemiyanın sonu yaxınlaşır və burada da belə bir hal baş verə bilər".

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı mediaya açıqlamasında qeyd edib ki, Azərbaycan koronavirus infeksiyasına qarşı tədbirlərini çox sürətlə aparan ölkələrdən biridir: “2020-ci il fevralın 19-da Azərbaycanda ilk COVID-19 faktı aşkarlandı və bir il, yəni vaksin icad ediləndən dərhal sonra bütün ölkə üzrə vaksinasiya prosesinə başlanıldı. Hər hansı dövlətin bu istiqamətdə dərhal hərəkətə keçməsi təqdirəlayiq haldır. Çünki yeni xəstəxanaların yaradılması, laboratoriyaların sayının çoxaldılması və digər addımlar normal vaxtda belə sürətlə həyata keçirilən proses deyildi. Əgər, bu, pandemiya dövrünə təsadüf edirdisə, əldə edilən nəticəni müsbət qiymətləndiririk. Azərbaycan əhalisi həm vaksini tez qəbul etdi, həm də qoruyucu tədbirlərə əməl etdi. Bugünkü yoluxma sayının son bir aya yaxındır eyni rəqəmlərdə qalması vacibdir. Təbii ki, bunun davamlı olması mütləqdir. Əslində, demək olar ki, normal həyata dönmüşük, sadəcə sosial məsafəni qorumalı, qapalı məkanlarda maska taxmalı, əl gigiyenasına diqqət etməliyik”, - ÜST rəsmisi əlavə edib.