“Omikron” sərhədimizə çatdı - Rusiya ilə gediş-gəlişə yasaq qoyulacaqmı?
“Gediş-gəlişə qadağalar qoyulsa da, yenə də yoluxmalar olacaq” - həkim
Avropanın bir çox ölkəsində yeni “Omikron” virusu ilə bağlı qadağaların davam etdiyi bir vaxtda Azərbaycanda koronavirusa yoluxma 500 nəfər həddinə düşüb. Bu arada Rusiyada “Omikron” virusuna yoluxma faktı qeydə alınıb. Qeyd edək ki, Rusiyada son bir gündə daha 31 096 nəfərə COVİD-19 diaqnozu qoyulub. Bu barədə ölkənin operativ qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 864 845 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 182 nəfər artaraq 283 644-ə yüksəlib.
Azərbaycanla ən sıx əlaqəsi olan Rusiya, eləcə də virusun aşkarlandığı bəzi Avropa ölkələri gediş-gəlişə qadağalar qoymayıblar. Belə davam edərsə, “Omikron” tezliklə Azərbaycanda da yayıla bilər. Küçələrdə gəzən COVİD xəstələrinin sayı isə xeyli artıb. Yalnız təsadüfdən onlar “ələ keçirlər”, məsuliyyətdən yayınanlar yəqin ki, onlarladır və real təhlükədirlər. Bunun qarşısını almaq üçün nələr edilməlidir? “Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması risklidir”. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. “Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət hansı risklərin qayıda biləcəyini hesablayır. Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədlərini açsaq, yoluxma və ölüm faktı çoxalacaqsa, bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır”, - o qeyd edib.
Yeri gəlmişkən, Nazirlər Kabineti yanında Operativ Qərargahda yeni ştammın yayılması ilə bağlı müzakirə aparılmışdı. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu da bildirilmişdi. İclasda “Omikron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunmuş və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar da verilmişdi.

Fazil Mustafa
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a belə şərh verib: “Fikrimcə, “Omikron" ştammı ilə bağlı müvafiq qurumlarımız bununla bağlı tədbir görməlidir. Yəqin ki, Operativ Qərargah tərəfindən bu istiqamətdə açıqlama veriləcək. Amma bütövlükdə hələ ki virus təhlükəsi keçməyib, bizim cəmiyyət də arxayınlaşan cəmiyyətdir, qaydalara ciddi əməl olunmur, yaxınında qohumu, əzizi ölür, yenə də qorunma tədbirləri ilə bağlı xeyli başısoyuqluq edirlər. Ona görə də bizdə təbliğat, maarifləndirmə işi aparılmalıdır ki, yenidən böyük təhlükə yaradan virus yayılmasın. Ən azı bu istiqamətdə işlər görülməlidir".
Millət vəkili xarici ölkələrə gediş-gəlişə yasaq qoyulması məsələsinə də fikir bildirib: “Sərhərdlərin bağlanması da mümkün ola bilər. Əgər məsələ ciddidirsə, real bir təhlükə varsa, edilə bilər”.
Mövzu ilə bağlı həkimlərin də fikrini soruşduq. Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev bildirdi ki, mütləq xaricə gediş-gəlişlə bağlı məhdudiyyətlər olmalıdır: “Ya da heç olmasa, müəyyən ciddi yoxlamalar aparılmalıdır, ciddi karantin qaydaları tətbiq edilməlidir. Gələn şəxslərdən analizlər götürülməlidir. Virusa qarşı genotip analiz də olmalıdır ki, bunun hansı ştamm olduğu bilinsin. Eyni zamanda ölkəyə gələnlər karantin qaydalarına uyğun olaraq iki həftə təcrid olunmalıdırlar. Əgər “Omikron"un ölkəmizdə yayılmasını istəmiriksə, bunlara mütləq əməl olunmalıdır. Artıq 40-dan çox ölkədə virus yayılıb, Rusiyada da aşkar olundu, hətta bir neçə ölkə müəyyən məhdudiyyətlər tətbiq edib. Yeni ştammın ölkəmizdə yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirməliyik".

Aydın Əliyev
Həkim-radioloq Aydın Əliyev isə “Yeni Müsavat” a bildirib ki, xarici ölkələrə gediş-gəlişə qadağaların qoyulması doğru deyil: “Düşünmürəm ki, bu, məsələnin həlli yoludur. Dünyadan tamamilə təcrid olunmaq da olmaz. Gediş-gəlişə qadağalar qoyulsa, yenə də yoluxmalar olacaq. Pandemiyanın ilk dönəmlərində də bir çox ölkələrlə gediş-gəliş məhdudlaşdırıldı, amma yenə də fərq olmadı, yoluxma da oldu, ağırlaşmalar da. Qapanmalar, sərt qərarlar yoluxmanın qarşısını almır. Sadəcə, yoluxma ehtimalını azaltmış olur. Hələ ki “Omikron" variantı ilə bağlı kliniki, elmi cəhətdən sübut olunmuş məlumatlar yoxdur. Bilinmir ki, insanlar buna yoluxsa, necə keçirəcəklər. Sadəcə, bəzi fikirlər var. Düşünürəm ki, yeni virus variantının öldürücülüyü artmayacaq, əksinə, azalacaq. Dünya əhalisinin əsas hissəsi demək olar ki, peyvəndlənib. Ölkəmizdə əksər insanlar yoluxub, sağalıb, immunitet əldə edib. Yəni koronovirusun ilk variantını orqanizmimiz tanıyır. Bu mutasiyaya uğramış viruslar onun bir hissəsidir, bir az dəyişilmiş formasıdır. Ona görə də artıq istifadə olunan peyvəndlərin yüz faiz də olmasa, ən azı 50 faizdən çox köməyi dəyəcək. Bu səbəbdən də təhlükəli bir vəziyyətin olacağını düşünmürəm".
Koronavirusun “Omikron” ştammı “canlı peyvənd” ola bilər. Gazeta.ru xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Pyotr Çumakov deyib. “İndi COVİD-in təkamülün ikinci fazasında sürətləndiyinə dair optimis fikirlər var. O, daha az təhlükəlidir, eyni zamanda daha yoluxucudur, bu da yaxşıdır ”, - alim vurğulayıb. Mütəxəssisin sözlərinə görə, təbiətin koronavirusa qarşı “canlı peyvəndi” yaratması şansı var. Viroloq hesab edir ki, “Omikron” ştammı ilə xəstələnən insanlar koronavirusun digər xəstəlik yaradan ştammlarına qarşı immunitet əldə edə bilərlər.
Bundan əlavə, mütəxəssis yeni versiyanın ortaya çıxmasından sonra daha lokdaunların olmayacağını güman edir.
Cənubi Afrikanın hakimiyyət orqanları isə “Omikron” ştammına yoluxmuş şəxslərin ölkədən çıxmasına qadağa qoyub. Bu barədə “RİA Novosti”yə ölkədəki Rusiya səfirliyindən bildiriblər. “Cənubi Afrika ÜST-in təlimatlarına əməl edir və COVİD-19 səyahət sağlamlıq protokollarına əməl edir. Heç bir yoluxmuş şəxsin ölkəni tərk etməsinə icazə verilmir”, - hesabatda deyilir. Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclasdan sonra Cənubi Afrikada aşkar edilən koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib.