Onlar Türk olduqları üçün zülmə məruz qoyulub…
Axısqa Türkləri illərdir öz tarixi vətənlərinə qayıtmaq uğrunda mücadilə aparırlar
Qərb dövlətləri bu Türk toplumuna qarşı ikili standartlarla yanaşır, çünki onlar xristian deyillər…
1944-cü ildə ermənilərin fitvası nəticəsində Türk xalqlarının düşməni diktator Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi, Axısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edilirlər. Sürgün yollarında xəstəlikdən, dərddən, əzabdan minlərlə Axısqa türkü həlak olur, bütün siyasi hüquqlardan məhrum edilir. Bu dəhşətli sürgündən sonra sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edilir, adları başqa-başqa xalqların adı ilə adlandırılırdı…
I YAZI
Dünyanın deportasiya və ya genosid tarixinə nəzər salsaq, bu fəlakətin ən çox türk xalqlarının payına düşdüyünü görərik. Azərbaycan, Gürcüstan, Krım türklərinin deportasiyası çox da uzaq olmayan tarixdə baş vermişdir. Və deportasiyanı tətikləyən faktor da türklərə qarşı hiddət qarışıq qərəz, nifrət olmuşdur. Məqsəd türklərin köklərini aid olduqları torpaqlardan qoparmaq, tarixin yönünü dəyişdirmək olub. Bu niyyət də hər zaman, hətta indi də gündəmdədir.
Azərbaycan türklərinin 3 əsr boyunca mərhələlərlə deportasiyaya məruz qalmasının ağır nəticələri – “zəhərli meyvələri” süni erməni dövləti oldu. Hansı ki, bu deportasiya nə beynəlxalq hüquq, nə tarixi baxımdan dünya miqyasında qiymətini almayıb.
(Əvvəli ötən sayımızda)
Burada bir haşiyə çıxaraq deyək ki, Türkiyə və Türklər daxil olmaqla, 100 il əvvəlki oyun yenə də oynanır.
1920-30-cu illərdə Axısqa Türkləri ana dilində məktəblər açmış, teatr yaratmış, mədəni yüksəlişə başlamışdılar. Amma bu yüksəliş və dinc həyat uzun sürə bilmir. 1944-cü ildə ermənilərin fitvası nəticəsində Türk xalqlarının düşməni diktator Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi, Axısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edilirlər. Sürgün yollarında xəstəlikdən, dərddən, əzabdan minlərlə Axısqa türkü həlak olur, bütün siyasi hüquqlardan məhrum edilir. Bu dəhşətli sürgündən sonra sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edilir, adları başqa-başqa xalqların adı ilə adlandırılırdı. Gürcülər isə onlara "müsəlman gürcü" adını yapışdırmağa çalışırdı.
Birinci faciənin acıları keçməmiş, Axısqa türklərinin həyatında ikinci dəhşətli faciə yaşanır. Bu faciə 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində baş verdi. Belə ki, özbəklər Axısqa türklərini qətlə yetirdi. Amma bu məqamda işin içində yenə də erməni barmağının olduğunu düşünməmək mümkün deyil. Nəticədə, Axısqa türklərinin ikinci deportasiyası başlandı və onlar yenidən dünyanın müxtəlif yerlərinə səpələndilər. Ən böyük axın Şimali Azərbaycana-Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Qazax, Şamaxı və digər bölgələrdə olmuşdu. Axısqa Türkləri Ömər Faiq Hemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyev və s. kimi şəxsiyyətlər yetirmişdi. Bu gün də Axısqa türkləri Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda, Kabardin-Balkarda, Türkiyədə və başqa yerlərdə yaşamaqdadırlar. Axısqa türklərinin vətənlərində isə Sovetlərin əli ilə ermənilər, gürcülər yerləşdirilmişdir. 1926-cı il siyahıya alınmada 138 min nəfər göstərilən Axısqa Türklərinin sayı bu gün rəsmi olmayan mənbələrdə 500 minə yaxın qeyd edilir.
Əlbəttə, Axısqa Türklərinin ən böyük arzusu ata-baba yurdlarına dönməkdir. Bu yöndə onlar uzun müddətdir ki, mücadilə aparır və nəhayət onların ana vətənlərinə dönməsi üçün müxtəlif beynəlxalq təşkilatlar belə qərarlar çıxarmışlar. Gürcüstan hökuməti də bu işə "üzdə" razılıq verib. Amma "Vilson prinsipləri"ndən qaynaqlanan haqsızlıqdan psixoloji müstəvidə hələ də qopa bilməyən, bu dəst-xətti davam etdirən Gürcüstan hökuməti Axısqa Türkünü öz doğma yurduna qaytarmaq istəmir. Hər halda, Gürcüstan dövlətinin Axısqa türklərinə qarşı davranışına başqa ad qoymaq mümkün deyil.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və digər bir çox dövlətlərdə rəsmi səviyyədə qəbul olunan Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Axısqa Türklərinin təmsil olunduğu müxtəlif təşkilatların ayrı-ayrı ölkələrdəki şöbələri öz yurdlarına dönmək üçün səy göstərirlər. Onların ən başlıca tələbi ana vətənlərində kompakt şəkildə yaşamaqdır. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum olması deməkdir. Onlar öz ana dillərində təhsil, radio-televiziya verilişləri, qəzetləri və s. olmasını istəyirlər. Bir sözlə, sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd göstərirlər. Onların vətəni Adıgön, Axısqa, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xero və Azərbaycan türklərinin yaşadığı Borçalı, Ağbulaq, Sarvan, Başkeçid, Qarayazı, Qaraçöpdür.
Gürcüstanın hazırda da azərbaycanlılara qarşı ikili standartlardan çıxış etməsi, onlara “ikinci sinif” vətəndaş kimi rəftar etməsinin kökündə 100 il əvvəlki irqçi-istilaçı, okeanın o tayından gəlib heç bir zəminə malik olmadığı torpaqlarda diqtə siyasəti yürüdən ABŞ-ın indi də o vaxtkı kimi "Vilson prinsipləri"nin durduğu görülür. Amma bu dəfə vəziyyət fərqlidir və Abxaziya və Cənubi Osetiyanı itirən Gürcüstan dövləti ermənilərin əlində əsir-yesir vəziyyətinə düşüb. Amma Qafqazda "demokratik ölkə" adına iddia edən Gürcüstanın Axısqa Türklərini vətəninə qaytarmaq öhdəçiliyi nədənsə xatırlanmır. Görünür, 100 il əvvəl "Vilson prinsipləri"nin "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" müddəasının “yalnız erməni və gürcülərə” aid edilməsinin təməl prinsip kimi götürülməsinə indi də riayət edilməkdədir. Və "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" prinsipi bir yana dursun, Axısqa Türklərinin öz vətənlərinə qayıtması ehtiyacının ən azı tarixi ədalətin bərpası olması nə gürcülərin, nə də onları Qafqazda "demokratiyanın beşiyi"nə çevirmək istəyən himayədarlarının yadına düşmür. Halbuki indiki Gürcüstan ərazisi 100 il əvvəl Qərbin himayəsi sayəsində Türk torpaqlarının hesabına genişləndirilmişdir.
İndi isə məsələyə bir az fərqli yöndən baxaq. Belə ki, Axısqa Türklərinin torpaqlarında ermənilərin məskunlaşdırılması siyasətini və son illər bu bölgədə ermənilərin Gürcstan dövlətinə qarşı ərazi iddiaları irəli sürməsinin siyasi köklərini araşdıraq…
Hazırladı: Günay MƏMMƏDOVA