“Onları mütləq məhv edəcəyimiz aydındır”
İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-mayor Əli Abdullahi ABŞ və İsraillə müharibənin yenidən alovlanacağı təqdirdə bir sıra sürprizlərin baş verəcəyini bildirib.
Hurriyyet.net xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Abdullahi İran İnqilab Keşikçiləri Korpusunun yeni yeraltı raket bazasının təqdimatı zamanı çıxış edib.
ABŞ və İsrailin təhdidlərinə münasibət bildirən general qeyd edib ki, İsrailin hərbi imkanları, texnika və infrastrukturunun miqdarı İranın qərarlarına təsir göstərmir.
O, İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı son təhdidlərinə də toxunub:
“Netanyahu bu yaxınlarda “Ya İranı məhv edəcəyik, ya da İran bizi məhv edəcək” dedi. Bu, yeni ifadə deyil. Onları mütləq məhv edəcəyimiz aydındır”.
İranlı generalın sözlərinə görə, ABŞ və İsrail əvvəlki qarşıdurmada malik olduqları bütün imkanlardan istifadə etsələr də, məqsədlərinə çata bilməyiblər.
“Bu günə qədər bu sahədə qəti məğlub olan tərəflər sionist rejim və Amerikadır. Gələcək müharibədə sürprizlər bir-birinin ardınca ortaya çıxacaq”, - deyə Abdullahi vurğulayıb.