“Onu ömrünün son 15-20 ilində sevdim” – Yaşar Nurinin xanımından ETİRAF
Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan Xalq artisti Yaşar Nurinin ailə həyatı, xarakteri və həyat yoldaşı ilə münasibətləri barədə illər sonra yeni detallar üzə çıxıb.
Mərhum aktyorun xanımı Rəhimə Nuriyeva Musavat.com-a açıqlamasında Yaşar Nuri ilə necə ailə qurduqlarından danışıb.
Bildirib ki, Yaşar Nuri ilə qohumluq əlaqələri də olub:
“Mənim anam Yaşarın atasının əmisi qızı olub. Mən onunla eyni məktəbdə oxumuşam, amma sinif yoldaşı olmamışıq. Çünki ondan 2 yaş böyük idim”.
Onun sözlərinə görə, Yaşar Nuri hərbi xidmətdən qayıtdıqdan sonra valideynləri onu evləndirmək istəyib və Rəhimənin namizədliyini uyğun görüblər:
“Mənim valideynlərimi tanıdıqlarına, ali təhsilli olduğuma görə elə məsləhət biliblər ki, Yaşar mənimlə evlənsin. Mən həmin vaxt konservatoriyada oxuyurdum. Yaşar gəlib o vaxt məni üç dəfə izləyib, tanışlardan soruşub, maraqlanıb. Deyiblər, Rəhimə çox yaxşı qızdır. Ondan sonra Yaşar gedib anasına deyib ki, neçə nəfərdən soruşdum, bu qızı təriflədilər. Evlənməyə razıyam”.
Rəhimə Nuriyeva həyat yoldaşının ağır xarakterli olduğunu da gizlətməyib. O bildirib ki, ailə üzvləri Yaşar Nurinin evə gələndə necə davranmaq lazım olduğunu yaxşı bilirdilər:
“Biz hamımız bilirdik ki, Yaşar evə gələndə necə davranmaq lazımdır. Qızlarım atalarına qarşı xüsusi hörmətlə yanaşırdılar, hətta ondan çəkinirdilər. Yaşar evə girməmiş səsi çöldən gəlirdi və hər birimiz özümüzü yığışdırırdıq. Xasiyyəti ağır idi, elə çox qonağımız olmurdu. Qohumları gəlirdi, mənimlə söhbət edirdilər. Yaşar çox vaxt evdə olmurdu, işləyirdi”.
Mərhum aktyorun qızlarına münasibətindən danışan Rəhimə Nuriyeva qeyd edib:
“Yaşar böyük qızıma qarşı xüsusilə həssas olub. Bütün qayda-qanunlar böyük qızıma qarşı tətbiq olunub. Kiçik qızım isə bir az ərköyün oldu”.
Aktyorun həyat yoldaşı onun əhvalının tez-tez dəyişdiyini, buna görə də davranışlarını Yaşarın ruh halına uyğunlaşdırdığını bildirib:
“Mən heç vaxt Yaşarın xoşlamadığı şeyi etməmişəm. Bilirdim ki, nəyi etsəm, onun xoşuna gəlməz. Ona görə də etmirdim. İşə gedirdim, evdə uşaqlarımla məşğul olurdum. Yaşarın çox ağır və çətin xasiyyəti var idi. Gün ərzində əhvalı 4 dəfə dəyişə bilərdi. Mən də onun əhvalına görə davranırdım. Bəzən dərindən nəfəs alırdım ki, hə, deməli, mən bacardım”.
Rəhimə Nuriyeva qeyd edib ki, həyat yoldaşının bəzi məsələlərə münasibətini bildiyi üçün onun xoşlamadığı davranışlardan uzaq durmağa çalışıb:
“O mənə bir dəfə də olsun “bunu niyə bişirmədin, bunu niyə etdin” deməyib. Nə isə demək istəyirdimsə, gözləyirdim, əhvalı yaxşı olsun. Əhvalı düzələndə deyirdim”.
Yaşar Nurinin xanımı mərhum aktyora olan sevgisindən də danışıb. O, həyat yoldaşını xüsusilə ömrünün son illərində daha dərindən sevdiyini bildirib:
“Mən onu ömrünün son 15-20 ilində sevdim. Onun mənə qarşılıq verməsinə sözlərlə ehtiyac yox idi. Səhərdən axşama kimi işləyirdi. Ailəsinə bağlı idi. Sanballı adam, aktyor idi. Onu hər kəs sevirdi”.
Rəhimə Nuriyeva Yaşar Nurinin ölümündən sonra həyatında çox şeyin dəyişdiyini də vurğulayıb:
“Yaşardan sonra çox şey dəyişdi mənim üçün. Bilirsiniz, o çətinliyi mən heç vaxt büruzə verməmişəm, heç kim onu hiss etməyib. Ürəyimdə ona deyiləcək söz çoxdur”.
Qeyd edək ki, Xalq artisti Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə vəfat edib.