“Orta Asiya rus torpağıdır!.. Qazaxıstan Rusiyaya birləşdirilməlidir...” – rusiyalı deputat
Hurriyyet.az Rosbalt.ru portalına istinadla xəbər verir ki, de-fakto Rusiya Prezidenti Vladimir Putinin (de-yure Dmitri Medvedev) rəhbərlik elədiyi “Vahid Rusiya” partiyasından Dövlət Dumasına deputat seçilmiş Sultan Xamzayev Qazaxıstan Respublikasının Rusiyaya birləşdirilməli olduğunu iddia edib.
Xamzayev “Feysbuk” şəbəkəsindəki açıqlamasında yazıb: “Orta Asiya – rus torpağıdır! Sosial şəbəkələrdə Qazaxıstanın Rusiyaya birləşməsinin mümkünlüyü müzakirə edilir. Siyasətdən və vəzifələrimdən asılı olmayaraq, Rusiya Federasiyasının vətəndaşı olaraq şəxsən mənim mövqeyim belədir: Qazaxıstanda ölkənin tarixi Vətəni – Rusiya ilə birləşdirilməsi ilə bağlı referendum keçirilməsini dəstəkləyirəm. Qeyd edim ki, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin özü bütün bəyanatlarını rus dilində verir. Bunun əsl demokratiyanın müsbət təzahürü olacağını hesab edirəm”.
O, Qazaxıstana KTMT hərbçilərinin müdaxilə eləməsini də dəstəkləyib.
Xamzayev etirazların Qərb ölkələri tərəfindən təhrik edildiyini iddia edib: “Qazaxıstan hakimiyyəti bütün güzəştlərə getdi. Qazın qiymətlərini aşağı saldı, hökuməti istefaya göndərdi. Amma bütün bunlar adi vandallıq və quldurluqla bitdi! Etirazların əsl hədəfi – qazın qiymətləri deyil. Çevriliş – Qərbin əldə eləmək istədiyi budur”.
Hürr Tərcüman