Orxan Kəngərli ilə bağlı qərar verildi
Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli yenidən hakim qarşısına çıxarılıb.
Hurriyyet.net unikal-a istinadən xəbər verir ki, Orxan Kəngərli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, Nərimanov Rayon Məhkəməsinin Orxan Kəngərli barəsində seçdiyi 4 ay müddətinə həbs-qətimkan tədbiri ilə bağlı qərar qüvvədə saxlanıb.
Qeyd edək ki, noyabrın 19-u Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli, 44 yaşlı Xalid Mustafayev, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsir edici "Pregabalin" həbləri aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan "Pregabalin" və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb. İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsir edici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri "liri", "lirik" "lirika" kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.
Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.