📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ötən gün 165 toy şənliyinin monitorinqi aparılıb" - DİN

2021-12-15 11:00:00

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 14-də Bakıda və respublikanın digər ərazilərində 165 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən Hurriyyet.az-a bildiriblər ki, monitorinqlər 160 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə yeddi nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bir şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. COVID-19 pasportu olmadığına görə 104 nəfər toy şənliklərinə buraxılmayıb.