📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Overçuk Paşinyanı razı salmağa getmişdi, Ermənistan qrafiki təsdiqləyəcək" -AÇIQLAMA

2021-11-08 13:28:00

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrup konkret qərarlara nail olur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk noyabrın 5-də Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

Onun sözlərinə görə, oktyabrın 22-də Üçtərəfli İşçi Qrupun 8-ci iclasında tərəflər konkret qərarlara nail olublar: “Onlar yollar üzərində suverenliyin bu yolların ərazisindən keçdiyi ölkələrdə qalmasına əsaslanır”, - deyə Overçuk bildirib.

Overçuk qeyd edib ki, digər iki baş nazir müavini ilə daim əlaqə saxlayır. Onlar səkkiz görüş keçiriblər, bu görüşlərin dördü əyani formada keçirilib, demək olar ki, hər gün telefonla danışırlar, hamıya məqbul olacaq marşrutları tapmaq üçün müxtəlif variantları müzakirə edirlər.

Paşinyan öz növbəsində qeyd edib ki, Ermənistan regionda bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılmasına aid 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarda maraqlıdır və onlara sadiqdir.

“Ermənistan Azərbaycan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları əldə etməlidir, Azərbaycan Ermənistan ərazisindən avtomobil və dəmir yolu kommunikasiyaları, o cümlədən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaları əldə etməlidir”,- deyə Paşinyan bildirib.

Overçukun İrəvana səfəri görünür, əldə olunmuş razılaşmaların yekun təsdiqinə xidmət edir. Çox güman ki, yaxın günlərdə Bakıya da analoji səfər baş tutacaq. Beləliklə, bu məlumatdan aydın olur ki, Azərbaycan Laçın dəhlizi, Ermənistan isə Naxçıvana gedən yol (Zəngəzur dəhlizi) üzərində sərhəd, gömrük nəzarəti və digər nəzarətə malik olacaq.

Bunun ardınca Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda kommunikasiyaların açılmasını və Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası prosesinə başlanmasını nəzərdə tutan yeni sənəd imzalayacağı istisna deyil. Artıq rəsmi Kreml videoformatda üçtərəfli görüş olacağını təsdiqləyib.

Bundan sonra kommunikasiyaların açılması prosesi sözdən əmələ keçə bilərmi?

Deputat Razi Nurullayev Musavat.com-a bildirdi ki, dövlətlər arasında gedən danışıqlardan, İrəvandan Bakıya verilən mesajlardan, o cümlədən Azərbaycandan Ermənistana, habelə Moskvadan gələn ismarışlardan çıxan nəticə budur ki, kommunikasiyaların açılması üçün qərar qəbul oluna bilər:

“Ermənistan tərəfi deyə bilər ki, Azərbaycanın Naxçıvanla avtomobil və dəmiryolunun açılmasına etiraz etmirik, tikintisi getsin, amma bunu Zəngəzur yolu kimi yox, Azərbaycan-Naxçıvan quru yolunun açılması kim qələmə verə bilərlər. Bunda biz problem görmürük. Bundan sonra digər yolların açılmasında növbəti dərin addımların atılması gözləniləndir”.

R.Nurullayev qeyd etdi ki, hansı ərazilərlə bağlı delimitasiya mümkündürsə, qarşılıqlı razılığa gəlinibsə, orada sərhədlərin çəkilməsi baş tutacaq: “Amma razılaşdırılmayan, iddia qoyulan ərazilərin müzakirəsi gedə bilər. Razılaşdırılan sahələr isə müəyyənləşdiriləcək. Ümumiyyətlə, Paşinyan və tərəfdarları Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı görünürlər, onlara maneçilik törədən sistem müxalifətdir. Amma prosesləri pozacaq gücə malik deyillər. O baxımdan müxalifətin addımları nəqliyyat-kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyasının həyata keçirilməsində Paşinyana zərbə vurmaqla nəticələnməyəcəksə proses davam edəcək, müxalifətin güclü təzyiqləri olacaqsa, proses bir qədər yubana bilər”.

Siyasi şərhçi Asif Nərimanlı görüşdən mümkün gözləntilərini sadaladı: “Üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq və tərəflərin razılaşmalara sadiqliyi yenidən təsdiqlənəcək. Kommunikasiyaların açılması ilə bağlı qrafik təsdiqlənəcək. Moskva bəyanatına görə İşçi Qrupu bu qrafiki tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün martın 1-nə qədər təqdim etməli idi.  Ermənistan tərəfi prosesi uzatdığı üçün tərəflərin yüksək səviyyədə təsdiqləməsi təxirə düşürdü və istisna deyil ki, bu görüşdə qrafikin təsdiqlənməsi reallaşacaq. Overçukun İrəvana səfəri də Paşinyanı razı salmağa hesablanmış addım idi və Kremlin görüşə hazırlığı səfərin nəticə verdiyini deməyə əsas verir”.

Təhlilçinin fikrincə, sərhədlərin delimitasiya və demarkasiyasının hansı ilin xəritəsinə uyğun başlanması üçün üçtərəfli bəyanat imzalana bilər: “Kommunikasiyaların açılması trafikini təsdiq etmək üçün sərhədin müəyyənləşməsi prosesinə də başlanılmalıdır. Baş nazir müavinlərinin təmsil olunduğu üçtərəfli İşçi Qrupunun növbəti görüşü noyabrın 29-da keçiriləcək və görünür, Moskva prosesdə əməli mərhələnin başlanması üçün bu görüşə qədər liderlər səviyyəsində razılaşmalara nail olmaq istəyir”.