“Öz yaşımı deməkdən zəhləm gedir...” – Məşhur rejissordan duyğusal etiraf
“Bu il 95 yaşım tamam olacaq, Allahın təqdirinə qurban olum. Evdə özüm özümə qulluq edirəm. Televiziya kanallarını izləyirəm. Mən çox pis – 10 faiz görürəm. Ona görə evdə nəfəs olsun, səs gəlsin deyə televizoru açıram. Əvvəlki kimi izləyə bilmirəm. Həyat, insanın taleyi dəyişir. Necə ola bilər ki, bu dünya dəyişməsin? O qədər şey dəyişir. Öyrəşmək lazımdır - pisinə də, yaxşısına da”.
Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın ilk ali dərəcəli qadın telerejissorlarından biri olan Solmaz Həmzəyeva deyib.
94 yaşlı rejissor həyatından, yaşın gətirdiyi dəyişikliklərdən, Azərbaycanın keçdiyi yoldan və bu günlərə şahid olmağın onun üçün nə ifadə etdiyindən danışıb. Solmaz Həmzəyeva bildirib ki, həyatda həm sevindirici, həm də insanı kədərləndirən hadisələr olur:
“Uğurlara sevinirik. Qanqaraldan hadisə olanda ürəyimiz ağrıyır. Nə edə bilərik ki, həyat belədir. İndi əvvəlki kimi gücüm yoxdur”.
S. Həmzəyeva “İnsan öz taleyini dəyişə bilərmi?” sualına belə cavab verib:
“Burada dərrakə, ağıl, xasiyyət böyük rol oynayır. Əlbəttə ki, dəyişə bilər. İnsan götür-qoy etsə, düşünsə, ağlı olsa, dəyişər. Ağlı olmasa, pis yola düşə bilər, kiminsə təsiri altına düşə bilər, həyatı dəyişər. İnsanın öz əlindədir hər şey”.
Tanınmış rejissor Azərbaycanın taleyinin dəyişməsindən də danışıb. O, ölkənin bu gün dünyada tanınan müstəqil dövlətə çevrilməsini xüsusi vurğulayıb:
“Bizim taleyimiz də, respublikanın taleyi də insanın əlindədir. Belə liderimiz olmasaydı, biz bu mərtəbəyə gəlib çata bilməzdik ki, indi dünya bizi tanıyır. Sovet vaxtı məndən başqa ölkələrdə soruşanda ki, haradansan, kimsən, güclə başa salırdım ki, azərbaycanlıyam. Amma indi başqa ölkələr bizi nümunə göstərirlər ki, baxın, görün Azərbaycan necə müstəqil oldu, necə özünü müdafiə edə bildi”.
Solmaz Həmzəyeva Azərbaycanın bugünkü vəziyyətini görməyin onun üçün böyük xoşbəxtlik olduğunu deyib. O, bu günləri görə bilməyən doğmalarını da xatırlayıb:
“Amma bundan gözəl nə ola bilər? Mənə elə gəlir, bəxtim gətirib ki, bu günləri gördüm. Anam bu dünyadan gözü yaşlı getdi. Mən pafos üçün demirəm, ürək sözlərimdir. Qoca adamda pafos olmaz. Bizim ailə vətəni sevən insanlar idi. Köklərimiz var, ona görə vətəni sevirik. Qarabağın azad olunmasına görə qardaşımla anamın ruhu sevinir. Gözəl günlər yaşayırıq, qədrini bilmək lazımdır”.
95 yaşına yaxınlaşan Solmaz Həmzəyeva dünyada baş verən hadisələrə də biganə qalmadığını deyib. O, özünün kiçik bir çətinliyini dünyanın müxtəlif yerlərində yaşayan insanların ağır vəziyyəti ilə müqayisə etdiyini bildirib:
“Vallah, dünya dağılır. İki gün suyum gəlmədi. Birdən xatırladım ki, dünyanın bir çox insanı susuzluqdan əziyyət çəkir. Onların nə suyu, nə evi, nə qidası var. Evləri, başlarının üstündə damları yoxdur. Küçələrdə çörək arzulayırlar. Ondan sonra sakitləşdim. Dedim, evdə bir həftə su gəlməsin, amma sakitlik olsun”.
Rejissor gəncliyin aktiv illərini də xatırlayıb:
“Mən çox fəal olmuşam. Darıxıram, gücüm yoxdur, ürəyim istəyəni artıq edə bilmirəm. Bir az o darıxdırır, çünki öyrəşməmişəm”.
Solmaz Həmzəyeva yaşın insanın ruh halından daha çox rəqəmlə bağlı olduğunu düşünmədiyini deyib. Onun sözlərinə görə, özünü hələ də daha gənc hiss edir:
“Məlumdur, hər şeyin vaxtı var. Ömür əbədi olmayacaq, bunu başa düşürəm. Bəzən deyirlər ki, yaş insanın qəlbindədir, rəqəmlərdə deyil. Düzdür. Öz yaşımı deyəndə zəhləm gedir. Çünki daxilən buna inanmıram. İçimdə elə hiss edirəm ki, 45 yaşım var”.