📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistana Əfqanıstandan raketi kim atdı...

2022-07-07 18:16:00

Özbəkistana Əfqanıstandan raketi kim atdı...

Son günlər bəzi qara güclərin təsiri ilə qardaş ölkə Özbəkistanın başı üzərində qara buludlar dolaşır. Bu qara buludların özünü ən son biruzə verməsini Əfqanıstandan Özbəkistana raketlərin atılmasında görə bilərik. Rəsmi Daşkəndə "xəbərdarlığ"ın öncə Qaraqalpaqstanda, ardınca da Əfqanıstandan atılan raketlərdə ifadə olunduğunu nəzərə alarsaq belə bir fikir yürüdə bilərik ki, Özbəkistanın Əfqanıstana yönəlik layihələrinə göz atmalıyıq. 
Məlum olduğu kimi, Özbəkistan baş nazirinin müavini - investisiyalar və xarici ticarət (İXTN) naziri Sardor Umurzakov Daşkənddə Taliban hərəkatının sənaye və ticarət naziri vəzifəsini icra edən Nuriddin Əzizinin rəhbərlik etdiyi Əfqanıstan nümayəndə heyəti ilə danışıqlar aparmışdı. Bu barədə bu gün, iyulun 5-də "Fərqanə" xəbər agentliyi İXTN-nin mətbuat xidmətinə istinadən məlumat yaymışdı.
Agentliyin məlumatına görə, tərəflər investisiya, ticarət, nəqliyyat və logistika sahəsində Özbəkistan-Əfqanıstan əməkdaşlığını müzakirə ediblər. Həmçinin, mətbuat xidmətindən verilən məlumata görə, nazirlər tranzit rüsumlarının azaldılması, əfqan iş adamlarına vizaların verilməsi, Özbəkistanda əfqan yük maşınlarının yüklənməsi və boşaldılması, gömrükdə iş saatlarının artırılması və gömrük skanerlərinin quraşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Özbəkistan tərəfi müzakirə olunan məsələlərin həllinə əməl edəcəyinə söz verib. Hökumət nümayəndələri ikitərəfli ticarətin artırılması və iki ölkənin əraziləri ilə yükdaşımaların həcminin artırılması üçün də birgə təkliflər hazırlamaq barədə razılığa gəliblər.
Bundan əlavə, danışıqlarda “Tərmiz-Məzari-Şərif-Kabil-Pişəvər” trans-Əfqan dəmir yolunun tikintisi mövzusu da müzakirə olunub. İclas iştirakçıları cari ilin iyul ayının ikinci yarısında dəmir yolunun marşrutu üzrə çöl tədqiqatlarının təşkilinin praktiki aspektlərini müzakirə ediblər. Həmçinin, açıqlanıb ki, Sardor Umurzakov Özbəkistanın əfqan xalqına humanitar yardımı davam etdirməyə və Əfqanıstanla prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bəyan edib. 
Əfqanıstan xəbər agentliyi "Tolonews"un məlumatına görə isə Əfqanıstan nümayəndə heyətinə 50-dən çox sahibkar daxildir. Onlar Özbəkistan və Əfqanıstan arasında uğurlu ticarətə zəmin yaratmaq üçün idxal və ixraca tarifləri aşağı salmağa çağırıblar. Əfqanıstan Kənd Təsərrüfatı və Heyvandarlıq Palatası (ACAL) bildirib ki, Kabil öz ixracını Özbəkistan vasitəsilə digər Mərkəzi Asiya ölkələrinə göndərə bilər.
“İndiki vəziyyətdə bu, investisiyaları stimullaşdıracaq. Bu səfər özəl sektor və Əfqanıstan xalqı üçün yaxşı nailiyyət olacaq”, deyə ƏKTHP-nin sözçüsü Mirvays Hacızadə bildirib.
Əfqanıstan Ticarət və İnvestisiya Palatasının məlumatına görə, Əfqanıstan və Özbəkistan arasında ticarət dövriyyəsi təxminən 500 milyon dollara çatıb ki, bunun da 20 milyon dolları təzə və quru meyvə-tərəvəz, həmçinin xalçalardır.
Beləliklə, Özbəkistanın aktiv müstəqil siyasət yürüdən dövlət olaraq inkişafda məsafə qət edən ölkəyə çevrilmək, üstəlik də Türk Dövlətləti Birliyi üzvü olaraq, Azərbaycan və Türkiyə ilə paralel xətt üzrə siyasət aparmaq xəttini izləmək çalışmalarını diqqətə alarsaq deməliyik ki, Özbəkistanın güclənməsi Azərbaycan, Türkiyə daxil olmaqla TDB-nin güclənməsi deməkidr. Hansı ki, Türkiyə ilə açıq rəqabətə girə bilməyən həm Rusiya, həm İranı bu məsələ narahat edir. Onlar TDB-nin simasında Əfqanıstanda rəqib görmək istəmirlər.
Bundan başqa Rusiyanın Əfqanıstandakı "vəziyyəti normallaşdırmaq" üçün "fəal işləməsini" rus mediası işıqlandırır. Prezident Putin Tacikistana son səfəri zamanı bu niyyətini dilə gətirmişdi. 
“Biz Əfqanıstanda vəziyyəti normallaşdırmaq üçün hər şeyi edirik və vəziyyətə nəzarət edən siyasi qüvvələrlə əlaqələr qurmağa çalışırıq”, deyə Putin Tacikistan prezidenti Emomali Rahmon ilə danışıqlar zamanı bildirmişdi. Ardınca isə normallaşmanın başlanğıc nöqtəsinin Əfqanıstanın etnik qruplarının ölkənin idarə olunmasında tam iştirak etmələri olduğunu ifadə edərək, “siz ən yaxşı bilirsiniz ki, regionda, bizim ümumi məsuliyyətimiz olan bu zonada vəziyyətin sabit olmasını və heç kəsi təhdid etməməsini təmin etmək üçün nə etmək lazımdır”, deyə Putin Rəhmona bildirmişdi. Yeri gəlmişkən, burada haşiyə çıxaraq deməliyik ki, Tokayev-Putin sız atışmasının yaşandığı Sankt-Peterburq forumunda da Taliban üzvləri dəvətli idilər və tədbirdə iştirak etdilər. 
Xatırladaq ki, Rusiyanın regiondakı müttəfiqlərindən biri olan Tacikistanda böyük hərbi bazası var, Tacikistanın Əfqanıstanla 1200 kilometr uzunluğunda sərhədi var və tacik qüvvələri əfqan narkotik qaçaqmalçıları ilə müntəzəm olaraq toqquşur. Yəni başqa sözlə Taciksitan-əfqanıstan sərhədi narkotrafikin tənzimləndiyi güzərgahdır. 
Keçən avqustda Əfqanıstanda Talibanın hakimiyyətə qayıdışı bəzi müşahidəçilərin keçmiş sovet ölkələrinin ən kasıbı olan Tacikistanda sabitliyin pozula biləcəyindən ehtiyatlanmasına səbəb olub. Həm də Tacikistan Rusiya ilə Çinin maraqlarının olduğu ölkədir. Ən azı narkotrafikə nəzarət baxımından...ABŞ-ın Əfqanıstandan çıxdıqdan sonra buranı taleyin, yaxud bölgə dövlətlərinin ixtiyarına buraxacağını düşünmək sadəlövhlük olardı. Məntiqli variant budur ki, ABŞ ölkədən çəkilərkən Əfqanıstanın bölgə dövlətlərinin marağında olduğunu bilməmiş deyildi və özündən sonra buranın toqquşma məkanına çevrilməsi üçün Rusiyanın bir zamanlar məğlub ölkə kimi geri çəkilməsindən illər sonra Çinin qarşısında durmaq üçün geri qayıtmasına "yaşıl işıq" yandırdı. Çünki müharibə qığılcımının tam həcmli alovlanması üçün fiqurant ölkələrin üz-üzə gələcək tərzdə maraq toqquşması baş verməlidir ki, Vaşqinton da bunu reallaşdırmaq üçün Moskvanın Əfqanıstana sızmasına "xeyir-dua" verə bilər. Özbəkistanın simasında Əfqanıstanda maraq ifadəsi isə arzuolunan deyil. Bu səbəbdən də Daşkəndə raketlərlə xəbərdarlıq edildi.    
Ülviyyə, Hurriyyet.az