📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Özbəkistana müdaxilə KTMT-nin mövcudluğunu sual altına sala bilər" - SAMİR HÜMBƏTOV

2022-01-11 12:34:00

"Türkiyənin Qazaxıstan məsələsinə olduğu kimi, Özbəkistan məsələsində də sakit dayanacağı və prosesləri kənardan seyr edəcəyi gözlənilən deyil"

"Qazaxıstanda baş verən proseslərdən sonra həm regionda, həm də dünyada Rusiya və yaxud KTMT təhdidinin olacağı ilə bağlı fikirlər səsləndirilməkdədir. Hətta KTMT-yə üzv olan dövlətlərin başçılarının onlayn iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən sətiraltı şəkildə növbəti hədəfin Özbəkistan olacağı ilə bağlı fikirlər səsləndirməsi və Rusiya Dövlət Dumasının deputatı Kalaşnikovun buna bənzər açıqlaması məsələnin daha da gərginləşməsinə səbəb oldu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Samir Hümbətov qeyd edib.

Hazırda hər kəsi "Doğrudanmı KTMT-nin növbəti hədəfi Özbəkistandır, ya bu bir hibrid müharibədir? Özbəkistan KTMT-yə üzv olmadığı halda təşkilat ora necə müdaxilə edə bilər? Qərb ölkələri, Çin və Türkiyə bu məsələdə Rusiya ilə hansı formada davranacaq? Əgər KTMT Özbəkistana müdaxilə etmək istəsə, bu nə dərəcədə uğurlu alına bilər? Türkiyə Özbəkistana hansı dəstəyi verə bilər?" kimi sualların düşündürdüyünü deyən siyasi ekspertin fikrincə, Qazaxıstandan fərqli olaraq Özbəkistanda etnik mənşə etibarı ilə daha çox özbəklər yaşayır: "Yəni, rusmənşəli vətəndaşlar elə də çox deyil. Bu da ölkədə sabitliyi pozmaq istəyən qüvvələr üçün o dərəcədə əlverişli hesab edilmir. Digər tərəfdən, Şövkət Mirzəyevin gəlişindən sonra idarəetmədə islahatlar aparıldı. İslam Kərimovdan qalma rusmeyilli kadrların bəziləri hakimiyyətdən uzaqlaşdırıldı. Orduda ciddi nizam-intizam formalaşdırıldı. Hətta Özbəkistan Türkiyədən PUA-ların alışını da həyata keçirdi. Bundan başqa, Özbəkistan 30 milyondan çox əhalisi olan dövlətdir və Mərkəzi Asiyanın ən böyük bazarlarından biri hesab edilir".

Samir Hümbətov onu da bildirib ki, Özbəkistanda milli kimlik məsələsi Qazaxıstana nisbətən daha yüksək görünür: "Əlbəttə ki, Mərkəzi Asiyanı və digər postsovet ölkələri öz təsir dairəsinə almaq Rusiyanın arzusudur. Amma bu arzunun reallaşmasının qeyr-mümkün olması Rusiyanın özü tərəfindən də daha yaxşı başa düşülməkdədir. Bu gün regionda baş verənlər hibrid müharibənin tərkib hissəsi kimi də qəbul edilə bilər.Yeri gəlmişkən, onu da qeyd edim ki, burada önəmli məqam da ondan ibarətdir ki, Türkiyənin Qazaxıstan məsələsinə olduğu kimi, Özbəkistan məsələsində də sakit dayanacağı və prosesləri kənardan seyr edəcəyi gözlənilən deyil. Təbii ki, proseslərə ciddi müdaxilə edəcəyi hər kəsə aydındır. Burada bir məsələni də qeyd etmək olar ki, Özbəkistanda dini faktor da Qazaxıstana nisbətən daha yüksəkdir və Əfqanıstanla həmsərhəd olması ölkədə dini qruplaşmaların aktivliyini bir az daha artırmaqdadır. Xüsusilə də Fərqanə vadisində belə qruplaşmaların ciddi təsir imkanları mövcuddur. Hesab edirəm ki, əgər KTMT Özbəkistanda hər hansı məsələyə müdaxilə edərsə, bu KTMT baxımından böyük yalnışlıq olar. Hətta demək olar ki, KTMT-nin gələcək mövcudluğu da sual altına düşə bilər".

Çinin 2013-cü ildən başlayaraq reallaşdırmağa çalışdığı "Bir Kəmər, Bir Yol" layihəsinin Özbəkistan ərazisindən keçdiyini vurğulayan siyasi şərhçi deyib ki, Çin son illərdə Özbəkistana 30 milyar dollara qədər investisiya qoyub və kredit verib: "Ona görə də hesab edirəm ki, Çin üçün də Özbəkistana müdaxilənin xoş olacağı inandırıcı görünmür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az