Özəlləşmə büdcə üçün əsas gəlir mənbəyinə çevrilə bilərmi?
Ekspert: “Sosial əhəmiyyəti olmayan müəssisələr özəlləşdirilməlidir”
Gələn il Azərbaycanda pensiya, əmək haqqı və müavinətlərin artırılması nəzərdə tutulur. Hökumətin açıqladığı məlumata görə, bu artımların dövlət büdcəsində yaradacağı artıq xərclərin qarşılanması üçün Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi artırılıb.
Belə ki, 2022-ci il dövlət büdcəsi layihəsinə əsasən gələn il Dövlət Neft Fondundan büdcəyə cari ildə nəzərdə tutulandan 500 milyon manat çox - 12 milyard 710 milyon manat vəsait transfert olunacaq. Nəzərə alsaq ki, sentyabrın əvvəlində açıqlanan ilkin büdcə parametrlərində transfertin həcminin 11,7 milyard manat olacağı proqnozlaşdırılmışdı, onda bir aydan da az müddətdə hökumətin gələn illə bağlı xərc planlarının ciddi dəyişikliyə məruz qaldığını söyləyə bilərik.
Bir çox mütəxəssislər hesab edirlər ki, büdcə xərclərini qarşılamaq üçün hökumət Dövlət Neft Fondundan transferti artırmaq deyil, əlavə mənbələr tapmaq yolunu tutmalıdır. Belə mənbələrdən ən əsası isə iri dövlət müəssisələrindən bəzilərinin özəlləşdirilməsi hesab olunur. Rəsmi məlumata əsasən bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirilib və 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili və 145-i nəqliyyat vasitəsidir. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58,02 milyon manat təşkil edib və 9 aylıq proqnoz 78,1 faiz icra edilib.

Hesablama Palatasının 2022-ci il üzrə dövlət büdcəsinə verdiyi rəydən aydın olur ki, 2022-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 114 milyon manat məbləğində nəzərdə tutulub. Bu, 2020-ci ilin müvafiq icra göstəricisindən 52,5 milyon manat və ya 85,4 faiz , 2021- ci ilin proqnoz göstəricisindən isə 3 milyon manat və ya 2,7 faiz çoxdur. Özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqların məbləği 2020-ci ilin əvvəlinə 4 milyon 408,5 min manat olub. 2020- ci il ərzində kiçik dövlət müəssisə və obyektləri, icarəyə verilmiş qeyri-yaşayış sahələri, yarımçıq tikililərin və daşınar dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlər üzrə 7050,9 min manat, səhmdar cəmiyyətlərinə çevrilmiş dövlət müəssisələrinin (obyektlərinin) səhmlərinin pul hərraclarında satışı üzrə 24,9 min manat, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışı üzrə 2656,0 min manat artıb, investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışı üzrə isə 97,5 min manat azalma hesabına ümumilikdə 9 milyon 634,4 min manat artaraq 2021-ci ilin əvvəlinə 14 milyon 42,9 min manata çatıb. Palata qeyd edir ki, Azərbaycan Prezidentinin 2021-ci il 29 oktyabr tarixli sərəncamı ilə bir sıra hüquqi şəxslər özəlləşdirməyə açıq elan edilib, bu da növbəti il üçün bu mənbə üzrə proqnozlaşdırılmış daxilolmaların reallaşdırılmasına şərait yaradacaq.
İri dövlət şirkətlərinin böyük əksəriyyətinin məhz idarəetmədəki səmərəsizlik, şəffaflığın olmaması kimi problemlər üzündən zərərlə işlədiyi məlum məsələdir. Məhz bu səbəbdən də dövlət hər il həmin müəssisələrə subsidiyalar ayırır. Gələn ilin büdcəsində də bu məqsədlə 479 milyon manatın ayrılması nəzərdə tutulur.
Halbuki dövlət büdcəsi dövlətə məxsus şirkətlərdən gözlənildiyindən xeyli az divident əldə edir. Bu müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə daxilolmaların 2022-ci ildə 106,5 milyon manat təşkil edəcəyi nəzərdə tutulub. Bu, 2021-ci ilin müvafiq göstəricisindən 61,6 milyon manat azdır. Hesablama Palatasının büdcə rəyinə görə, azalmanın əsas səbəbləri Azərbaycan Beynəlxalq Bankı ASC üzrə (20 milyon manat) və iri dövlət müəssisələri üzrə (41milyon manat) proqnozun azaldılması, “Aqrarkredit” QSC BOKT, “Azərlotereya” ASC və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzrə dividenddən dövlət büdcəsinə daxilolmanın proqnozlaşdırılmaması ilə bağlıdır. 2021-ci ildə iri dövlət şirkətlərindən alınacaq dividendlər 5 şirkət (ARDNŞ, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərişıq” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC) üzrə nəzərdə tutulduğu halda, cari ilin 8 ayında bu mənbədən dövlət büdcəsinə vəsait daxil olmayıb, 2022-ci ilin büdcə layihəsində yalnız “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə 5000,0 min manat nəzərdə tutulub. Təqdim olunmuş məlumatlara əsasən, bu mənbə üzrə 2021-ci ilin ötən dövrü ərzində büdcəyə 122 milyon 44 min manat məbləğində vəsait daxil olub ki, bunun da 120 milyon 844 min manatı Azərbaycan Beynəlxalq Bankı ASC, 200 min manatı “Aqrarkredit” QSC BOKT, 1 milyon manatı isə “Azərlotereya” ASC tərəfindən dövlət büdcəsinə ödənilib.
“Azər Türk Bank” ASC, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC və iri dövlət şirkətləri tərəfindən dividend ödənişi həyata keçirilməyib: “Ümumiyyətlə bu istiqamət üzrə məlumatların təhlili bir çox dövlət müəssisəsinin dövlət büdcəsinə dividend ödənişində maraqlı olmamasını göstərir. Belə ki, həmin müəssisələrdən bəzilərinin əvvəlki illərdə maliyyə hesabatlarına baxdıqda xalis mənfəət əldə olunmasına baxmayaraq, həmin dövr üzrə dövlət büdcəsinin gəlirlərin bu mənbəsi üzrə daxilolmanın formalaşdırılmasında heç bir paya sahib olmayıblar”.
Dövlət büdcə xərclərini qarşılamaq, həm də azaltmaq üçün özünə məxsus iri müəssisələrin özəlləşməsinə niyə getmir?

Rəşad Həsənov
Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, burada həm obyektiv, həm də subyektiv amillər rol oynayır: “Subyektiv amillər iri dövlət şirkətlərinin rəhbərliyinə daxil olan şəxslərin maraqlarıdır. Bildiyiniz kimi, belə şirkətlərdə korrupsiya səviyyəsi çox yüksəkdir. Digər tərəfdən, iri dövlət şirkətlərində çoxlu sayda insan şalışır. Bu qurumlar məşğulluğun təmin olunmasında ciddi rola malikdilər. Özəlləşdiriləcəkləri halda bu işçi sayının kəskin azaldılması ehtimalı böyükdür və hökumət də buna getmək istəmir. Bu baxımdan, belə iri müəssisələrin yaxınmüddətli dövrdə özəlləşdiriləcəyi real görünmür”.
Ekspertin fikrincə, elə iri dövlət subyektləri var ki, onların özəlləşdirilməsi hər hansı sosial problemə gətirməyəcək: “Məsələn, dövlətə məxsus banklar, xüsusilə də Beynəlxalq Bankın özəlləşdirilməsinin yubadılması anlaşılan deyil. Bu bankların özəlləşdirilməsi büdcə üçün ciddi gəlir mənbəyi formalaşdırıla bilər. Yaxud enerji təchizatı sahəsində bir sıra müəssisələrin özəlləşdirilməsi də dövlət büdcəsinin yükünün azalması, gəlirinin artması üçün əlverişli imkan yarada bilər”.