📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özgür Özəl liderliyində CHP-ni DAHA ÇƏTİN VƏ XAOSLU GÜNLƏR GÖZLƏYİR

2023-11-07 10:47:10

Özgür Özəl liderliyində CHP-ni DAHA ÇƏTİN VƏ XAOSLU GÜNLƏR GÖZLƏYİR

Turan Rzayev: "O, gələn ilin martında baş tutacaq bələdiyyə seçkilərindən üzü ağ çıxacaq, lakin Kılıçdaroğlunun kadrlarından da canını qurtarmağa çalışacaq"

Xaqani Cəfərli: "CHP-də baş verən dəyişikliyin, demokratiyanın və Özgür Özəlin qələbəsinin əsas memarı Əkrəm İmamoğludur"

Şahin Cəfərli: "İmamoğlunun planı partiyanın bütün resurslarını arxasına alaraq gələn il 31 mart seçkilərində bir daha İstanbul bələdiyyə başqanı seçilmək, hər hansı fors-major baş verməsə 2028-ci ildə prezidentliyə namizəd olmaqdır"

Bugünlərdə, daha dəqiq desək, noyabrın 4-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı keçirilib. Qurultayda CHP sədri postu uğrunda Kamal Kılıçdaroğlu və adıçəkilən partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup lideri Özgür Özəl yarışıb. Qeyd edək ki, ilk turda Özəl 682, Kılıçdaroğlu isə 664 səs toplayıb, 20 səs etibarsız sayılıb. Yəni, namizədlərdən heç biri mütləq səs çoxluğu əldə edə bilmədiyi üçün II tur keçirilib. İkinci turda isə Özəl böyük fərqlə 13 il CHP başqanı olan Kılıçdaroğlu üzərində qələbə qazanıb.

Nəzərinizə çatdıraq ki, nəticələr elan olunduqdan bir qədər sonra açıqlama verən Özgür Özəl bildirib ki, CHP sədri kimi Azərbaycanla bağlı yeni ağ səhifə açaraq, keçmişdə yol verdikləri bəzi anlaşılmazlıqlar, çatışmazlıqlar və nöqsanları aradan qaldırmaq üçün nümayəndə heyəti ilə bərabər ölkəmizə səfər edəcək. Özəl əlavə edib ki, CHP-nin Azərbaycanla münasibətləri bundan sonra da indi olduğu kimi yüksək səviyyədə davam etməlidir.

Cümhuriyyət Xalq Partiyasında baş tutan qurultaya dair mövqeyini bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu qənaətdədir ki, CHP-də lider dəyişikliyi heç nəyi dəyişməyəcək: "Ana müxalifət partiyasının qurultayı oldu. Bay Kamal kiminlə vidalaşdı? O, Ədirnədəki terrorçubaşıya "görüşənə qədər" dedi. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Onlar terror təşkilatı ilə çiyin-çiyinə addımladılar".

"Kılıçdaroğlu 13 illik sədrlik müddətində CHP-yə prezident və parlament seçkilərində qələbə qazandıra bilmədi"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Turan Rzayev hesab edir ki, Kamal Kılıçdaroğlu CHP tarixinin ən mübahisəli və səriştəsiz sədri oldu: "Ümumiyyətlə, Kılıçdaroğlu 13 illik sədrlik müddətində CHP-yə prezident və parlament seçkilərində qələbə qazandıra bilmədi. Halbuki onun son prezident seçkisində qələbə üçün ciddi şansları var idi. Müxalifət blokunun israrlarına baxmayaraq, Kılıçdarğlu İstanbul və ya Ankara bələdiyyə başçıları Əkrəm İmamoğlu və Mənsur Yavaşın namizədliyini irəli sürmədi. Hətta Kılıçdaroğlunun prezident seçkilərinə özünün qatılması AKP-nin seçkilərdə daha rahat qələbə qazanmasına gətirib çıxardı. Kılıçdaroğlu sələfi Dəniz Baykaldan sonra CHP-nin ənənəvi partiya siyasi xəttində də dəyişiklik etdi. Xüsusilə CHP-nin HDP ilə yaxınlaşması, seçkilərdə koalisiyaya getməsi, parlamentdə əlavə mandat sözü verməsi partiyanın bir çox sadiq dəstəkçisini məyus etdi. Təsadüfi deyil ki, məyus olan seçicilər CHP-ni dəstəkləmədiyi kimi, seçkilərdə səsvermə hüququndan istifadə etmədi. Bu da sonda CHP-nin nəticələrinə təsir etdi".

"Onun PKK lideri Abdullah Öcalanı sərbəst buraxacağını "deməsi" siyasi kariyerasına qara ləkə kimi düşüb"

Turan Rzayevin fikrincə, 13 illik Kılıçdaroğlu sədrliyi bitsə də, CHP üçün daha pis günlərin qarşıda olduğunu demək olar: "Əvvəlcə onu deyim ki, hazırda CHP daxilində ciddi şəkildə fikir ayrılıqları var. Bu fikir ayrılıqları, mövqe fərqlilikləri özünü partiyanın sədr seçkilərində şəkildə göstərdi. Belə ki, Özgür Özəl 812 səs toplayaraq CHP-nin yeni sədri oldu. Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb. Aradakı səs fərqi çox olmadığı kimi, CHP daxilindəki fikir ayrılıqlarının hansı həddə olduğunu göstərir. Özəl CHP daxilində sədrliyini möhkəmlətmək istəyirsə, Kılıçdaroğlunun kadrlarını və onu dəstəkləyənləri zərərsizləşdirməli olduğunu yaxşı bilir. Bunun üçün ya həmin şəxsləri tərəfinə çəkməli, ya da partiyadan uzaqlaşdırmalıdır. Lakin böyük ehtimalla, bunu radikal formada deyil, tədricən edəcək. Çünki qarşıdan Özəlin ilk sınağı olan bələdiyyə seçkiləri gəlir. O, partiyasını gələn ilin martında baş tutacaq bələdiyyə seçkilərinə hazırlamalıdır. Hədəf isə Ankara, İstanbul bələdiyyələri başda olmaqla qələbə qazanılan mövcud yerləri qoruyub yeni şəhərlərdə qələbə qazanmaqdır. Özəl böyük ehtimalla, bu sınaqdan üzü ağ çıxacaq, lakin Kılıçdaroğlunun kadrlarından da canını qurtarmağa çalışacaq".

Politoloqun sözlərinə görə, Özəlin də Kılıçdaroğlu kimi HDP-yə münasibəti loyaldır: "Misal üçün Özəl CHP millət vəkili kimi sosial uzlaşma ilə bağlı təkliflər verib. O, kənd mühafizəsinin ləğvini istəyib. Halbuki, kənd mühafizəsi PKK-nın qorxulu yuxusuna çevrilib və kəndlərdə terror təşkilatının sosial dayaq əldə etməsinin qarşısını böyük ölçüdə alıb. Bundan başqa, o, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzasının pul cəriməsi ilə əvəzlənməsini təklif edib. Özəl ilə bağlı bəlkə də ən mübahisəli məqam onun PKK lideri Abdullah Öcalanı sərbəst buraxacağını "deməsidir". Sonradan bunun yalan olduğunu desə də, sözügedən məsələ siyasi kariyerasına qara ləkə kimi düşüb. Nəticə etibarilə Özəl liderliyində CHP-ni daha çətin və xaoslu günlər gözləyir. Uzun müddətdir partiya daxilində yaranan çatlar onun sədrliyində parçalanmaya gətirib çıxara bilər".

"CHP-nin 38-ci qurultayının nəticələri qardaş ölkənin gələcəyi üçün mövcud olan narahatlıqları bir qədər azaldıb"

Politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, Türkiyə Cümhuriyyətinin qurucu partiyası olan CHP-nin 38-ci qurultayının nəticələri qardaş ölkənin gələcəyi üçün mövcud olan narahatlıqları bir qədər azaldıb: "Qurultay iştirakçılarının seçki yolu partiyanın sədrini dəyişməsi, haqqında bir çoxlarının "100 səs ala bilməz" dedikləri Özgür Özəlin 812 səslə qalib gəlməsini təmin etmələri Türkiyənin gələcəyi üçün nikbin düşünməyə imkan verir. Əlbətdə, CHP-də dəyişiklik Türkiyənin də dərhal dəyişəcəyi demək deyil. Bu dəyişiklik bir ümiddir. CHP-də baş verən dəyişikliyin, demokratiyanın qalib gəlməsinin memarı isə Əkrəm İmamoğludur. Prezident seçkilərindən dərhal sonra CHP-də dəyişiklik zərurətini irəli sürən Əkrəm İmamoğlunun qəti mövqeyi olmasaydı bu dəyişiklik gerçəkləşə bilməzdi. Özgür Özəlin qələbəsinin də əsas memarı Əkrəm İmamoğludur".

Politoloq ümid edir ki, Qazi Mustafa Kemalın çağdaş mədəniyyət üzərinə qurduğu Türkiyə Cümhuriyyətinin qurucu partiyası olan CHP-nin yeni lideri seçilən Özgür Özəl Atatürkün irsinə sahib çıxacaq: "Özgür Özəlin əsas vəzifəsi budur. Hakimiyyət bu vəzifənin həyata keçirilməsi üçün vasitədir".

"Kılıçdaroğlu gənclərin yolunu açaraq dəyişikliyə liderlik edib, hörmət-izzətlə siyasi karyerasını tamamlamaq fürsəti varkən çeşidli şərq kurnazlığı metodları ilə vəzifəsini qorumağa çalışdı"

Siyasi şərhçi Şahin Cəfərli isə qeyd edib ki, Kamal Kılıçdaroğlunun yapışdığı kreslodan qaldırılması, Özgür Özəlin səsvermənin 2-ci turunda böyük fərqlə başqan vəzifəsinə seçilməsi Türkiyə daxili siyasətində vacib hadisədir: "CHP-dəki dəyişiklikdə baş rol oynayan fiqur şübhəsiz ki, Əkrəm İmamoğludur. İmamoğlu prezident seçkilərinin ertəsi günü - 29 mayda, səhər saatlarında sosial mediadan yayınladığı videomüraciətlə dəyişim müzakirələri və mübahisələrini başladan şəxs oldu. CHP İstanbul təşkilatının qurultayında İmamoğlunun dəstəklədiyi namizədin sədr seçilməsi partiya qurultayının nümayəndələri arasında dəngələri Özgür Özəl lehinə dəyişdirdi. İmamoğlunun planı partiyanın bütün resurslarını arxasına alaraq gələn il 31 mart seçkilərində bir daha İstanbul bələdiyyə başqanı seçilmək, hər hansı fors-major baş verməsə 2028-ci ildə prezidentliyə namizəd olmaqdır. Bu məsələdə Özgür Özəl ilə aralarında anlaşma var".

Beləliklə də Türkiyənin önünü tıxayan qocalardan birinin getdiyini vurğulayan siyasi şərhçi əlavə edib ki, 75 yaşlı Kamal Kılıçdaroğlu gənclərin yolunu açaraq dəyişikliyə liderlik edib, hörmət-izzətlə siyasi karyerasını tamamlamaq fürsəti varkən çeşidli şərq kurnazlığı metodları ilə vəzifəsini qorumağa çalışdı və hətta qurultaydakı seçkilərin ilk turunu geridə bitirdikdən sonra da çəkilmədi: "Halbuki vaxtında getməyi bacarmaq da siyasətçilər üçün mühüm siyasi-əxlaqi keyfiyyətdir".

Vazeh BƏHRAMOĞLU