📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ÖZÜMÜZDƏN ŞİKAYƏT... – Şamil yazır

2023-01-26 15:50:00

ÖZÜMÜZDƏN ŞİKAYƏT... – Şamil yazır

Bəzən düşünürəm ki, daima dolanışığımızın çətinliyindən, məmur özbaşnalığından, haramdan, narkomanlıqdan, əxlaqsızlıqdan bu qədər şikayət etdiyimiz halda, niyə mübarizə aparmırıq? Yoxsa çəmini-çümünü bilmirik bu yolun? Qonşuyla durub qiybət qırmaqda, dodağımızın altında deyinməkdə görürük, bəlkə, mübarizəni?

Yox, qardaş! Sizi əmin edirəm ki, əgər bu işlər belə həll olunsaydı, indi dünyanın ən inkişaf etmiş, ən nümunəvi ölkəsi  biz olardıq, ilk üçlüyə də heç bir dövlət düşə bilməzdi.

Kiçik bir işimizin həllinə görə rüşvət vermək üçün yollar axtaran biz deyilikmi? Rüşvət alan bizim övladlarımız, qardaşlarımız, deyilmi? Məmur atamızın oğurluğu sayəsində özümüzü doğru bilib, doğrunu oğru çıxardan kimlərdir, əcaba? Halal ticarətimizə illah ki haram qatan, borclu olduğumuzun borcunu yubadan, keyfiyyətinə baxmadan "məndən çıxsın" deyənlər necə? Kəndimizin, rayonumuzun, şəhərimizin küçələrində narkotik çəkib, patı satanlar, evində körpəsini qaynananın üstünə atıb təzə sevgili dalınca qaçanlar, uçanlar, arvadını özünə yad görüb yada arvad gözü ilə baxanlar, dərdinə əlac olacaq verlişi izləməyə qarnına agrı girib səbri çatmayan, səviyyəsiz videolara gecə-gündüz “layk” qoyanlar bizlər deyilik də, bəs kimdir? Bizlər deyilikmi, görkəmli alimini tanımayıb, dingilim bir müğənniylə  şəkil çəkdirmək üçün sıraya duranlar?

Bizlərik!

O zaman kimdən, nədən narazıyıq?

Həəə. Nə vaxta qədər ki, narazılığımızın səbəbini başqasında, şikayət edəcəyimizin ünvanını aralıda axtaracağıq, o zaman bihudədir bu şikayətlər.

O isə ki, lap yaxınımızdadır aradıgımız səbəb, itirdiyimiz ünvan. Özümüz!

Birinci növbədə özümüzdən narazı olub, əməllərimizə diqqət etməliyik!!!

ŞAMİL