"Özünü toxunulmaz hiss edən obyektlər nəzarət olmadığı üçün süni qiymət artırıb vətəndaşı soyur"
Bir neçə gün öncə Bakıda fəaliyyət göstərən restoranların menyularına nəzər saldım. Əslində məqsəd yazı hazırlamaq deyildi. Məqsədim münasib bir restoran tapmaq idi. Ağız dadımı dəyişmək istədim. İstəməz olaydım...
Restoranların menyularında olan yeməklərin qiymətlərinə baxanda nə qədər hesab kitab etsəm də, uyğunlaşdıra bilmədim. Məsələn; restoranlarda 150 qram ət "steyk"inin qiyməti 35 manatdan başlayır. 35 manata 2 kq ət alıb, azı 12 steyk hazırlamaq mümkündür. Steykin yanında təklif etdikləri qarnirtur kartof püresi və yaxud düyüdür ki, bunlardan da bir-iki qaşıq əlavə edirlər. Belə olan halda qiymətlər niyə bu qədər bahadır? Deyəcəksiniz ki, icarə haqqı, qaz, işıq, su, işçinin məvacibi... Axı, yenə də bahadır. Deyəcəksiniz ki, “yemə, yeməsən ölməzsən ki”… Narahat olmayın, 1 steykə 45 manat verəcək "ağıl"a sahib deyiləm…
“Azad Istehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər gün təşkilata restoran qiymətlərinin bahalığı - çay üçün 50-80 manat tələb edilməsi, Ramazan ayında bir nəfər üçün iftar menyusunun 75-80 manat olması, servis haqqının yüksək olması ilə bağlı müraciətlər daxil olur. Yəni istehlakçılar qiymətlərdən narazıdır.
Eyyub Hüseynov təəssüflə qeyd edir ki, hökumətin yaratdığı toxunulmazlıq şəraitindən biznes qurumları sui-istifadə edir. Bunun da nəticəsidir ki, ölkənin istehlakçı siyasəti "yox" dərəcəsindədir. Yəni heç kim dərk etmək istəmir ki, dövləti də, ordunu da, məmuru da, restoranı da, biznesi də saxlayan istehlakçılardır.
Ekspert deyir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib. Bu tarixdən bu günə kimi qanuna 7 dəfə dəyişiklik edilib, hamısı da istehlakçının zərərinə. Eyyub Hüseynov hesab edir ki, bu problemin kökünü qanunlarda axtarmaq lazımdır.
Ekspertin fikrincə, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” qanun çox zəifdir və bunu yerinə yetirən dövlət orqanı demək olar ki, bu sahədə heç bir iş aparmır.
“İndi yeni bir Məcəlləsi qəbul olunub. Orada çox əcaib məsələlər olmaqla bərabər, həm də qiymət siyasətində dövlətin müdaxilə etməsi kimi məsələ də var. Bu, müsbət hesab olunur ki, yəni belə hallarda dövlət orqanları müdaxilə edə bilər”-deyən Eyyub Hüseynov qeyd edib ki, azad bazar iqtisadiyyatı və sərbəst bazar qiymətləri dövlət orqanlarının bu işə müdaxiləsinin qarşısını alacaq, bu proses qalxan xətlə davam edəcək.
Eyyub Hüseynov bildirib ki, Azərbaycanda tələb təklifi üstələyir. Bu səbəbdən də, biznes qurumları bundan sui-istifadə edir və süni qiymət artımına yol verirlər.
P.S. Yəni ekspertin də dediyi kimi qiymət siyasəti deyilən nəmənədirsə, qalıb ortalıqda. Biznes qurumları da istədiyi havanı çalır.
Sən Allah, 45 manata da "steyk" olar?