📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan Əfqanıstan ərazilərinə aviazərbələr endirdi

2024-03-18 10:58:50

Pakistan Əfqanıstan ərazilərinə aviazərbələr endirdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistanın Hərbi Hava Qüvvələri martın 18-də səhər saatlarında Əfqanıstanda yerləşən "Pakistan talibləri hərəkatı"nın (Təhriki Taliban Pakistan) sığınacaqlarına aviazərbələr endirib. "The Khorasan Diary" nəşrinin məlumatına görə, havadan zərbələrin hədəfləri Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Laman (Paktika vilayəti) və Pasa Mella (Host vilayəti) yaşayış məntəqələrindəki obyektlər olub. 
Pakistan HHQ bu əməliyyatı "Pakistan talibləri hərəkatı"nın silahlılarının martın 16-da Pakistanın Silahlı Qüvvələrinin Mir Əli şəhərindəki (Xeybər Paxtunxva vilayəti) bazasına hücumuna cavab olaraq keçirib. Həmin hücum nəticəsində 7 nəfər pakistanlı hərbçi həlak olmuşdu. 
Hazırda İslamabadla Kabul arasında münasibətlər faktiki olaraq dondurulub. Bunun səbəbi İslamabadın Kabuldan ölkə ərazisində yuva salmış "Təhriki Taliban Pakistan" ekstremist qruplaşmasını dəstəkləməyi dayandırmaq tələbindən Əfqanıstanın imtina eləməsidir. Bu təşkilat Pakistanda terror aktlarının törədilməsinə görə məsuliyyət daşıyır. TƏşkilatın hədəfi Pakistanda "islam sisteminin qurulmasına nail olmaqdır". "Təhriki Taliban Pakistan" "Əl-Qaidə" ilə əlaqədar təşkilat kimi 2011-ci ildən bəri BMT sanksiyaları altındadır. Hərəkatın 50 min nəfərə qədər döyüşçüsü olduğu təxmin edilir.
Hürr Tərcüman