Pakistan İranla birgə layihəni dayandırır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistan fors-major vəziyyət (qabaqcadan nəzərə alına bilməyən və ya heç bir tədbirlə qarşısı alına bilməyən fövqəladə vəziyyət) səbəbindən “İran-Pakistan” (İP) magistral qaz kəmərinin öz ərazisindən keçən hissəsinin tikintisinin mümkün olmadığı barəsində İrana məlumat verib. Bununla bağlı bəyanatı Pakistanın Neft naziri Musadik Malik ölkənin Milli Məclisindəki (parlamentin aşağı palatası) çıxışında verib. Nazir deyib: “Qaz kəmərinin tikintisi yalnız Tehrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsindən sonra bərpa edilə bilər”.
Malik İran tərəfinin bu qərarla razılaşmadığını da əlavə edib. İslamabad 2024-cü ilin fevral-mart aylarına qədər öz ərazisində IP qaz kəməri layihəsinin bir hissəsini tamamlaya bilməsə, İran Pakistana qarşı 18 milyard dollar məbləğində cərimə iddiası qaldıra bilər. İranın bu tələbi ilə əlaqədar, Pakistanın Xarici İşlər Nazirliyi İrana qarşı sanksiyalar tətbiq edən ABŞ-a müraciət edərək, ya qaz kəməri tikintisi razılaşmasından imtinaya görə, Tehranın tələb elədiyi mümkün cəriməni ödəmək üçün vəsait göndərilməsini, ya da İslamabadın İrandan qaz almasına icazə verməyi xahiş edib. Lakin Amerika tərəfi bu müraciəti cavabsız qoyub.
Hürr Tərcüman