Pakistanda təcavüzə məruz qalan azərbaycanlı Dianadan XƏBƏR VAR
Pakistanda cinsi zorakılığa məruz qaldığını bildirən Azərbaycan vətəndaşı Diana Bağıyeva bu ölkəni tərk edib.
Hurriyyet.net xarici mediaya istinadən xəbər verir ki, Diana Bağıyeva oktyabrın 4-də Pakistan Beynəlxalq Hava Yollarına (PIA) məxsus PK-159 reysi ilə Lahordan Bakıya yola düşüb.
Onu Azərbaycana kimi üç polis əməkdaşı müşayiət edib. Məlumata görə, polis əməkdaşlarının Diananı müşayiət etməsi Azərbaycan səfirliyinin müraciətindən sonra həyata keçirilib.
Qeyd edək ki, Diananın Pakistanı tərk etməsi əvvəlcə oktyabrın 3-nə planlaşdırılıb. Lakin o, həmin gün təyyarəyə mindikdən sonra qəfil uçuşdan imtina edib. Bundan sonra o, təyyarədən endirilib və hava limanında nəzarət altında saxlanılıb. Növbəti gün isə Azərbaycan səfirliyinin müraciətindən sonra onun polis əməkdaşlarının müşayiəti ilə Bakıya göndərilməsi təmin edilib.
Xatırladaq ki, Diana Bağıyeva sentyabrın 13-də İstanbuldan İslamabada gəldiyini bildirib. Onun məhkəmədə sentyabrın 29-da verdiyi ifadəyə görə, daha sonra beş gün Feysəlabadda qalıb və Lahora gedib. O, Lahorda tanışları Nimra və Muskanla əlaqə saxladığını, daha sonra Muskanla kafedə görüşdüyünü bildirib. İddialara görə, gecə saatlarında onlar ağ rəngli avtomobillə mənzilə aparılıblar.
Diananın ifadəsinə əsasən, mənzilə daha sonra iki kişi gəlib. O, kişilərdən birinin Əli Zeyn olduğunu bildirib.
Azərbaycan vətəndaşı iddia edib ki, daha sonra ona spirtli içki içirilib, otaqda saxlanılıb və Mohsin, Əhməd və Əli Zeyn tərəfindən cinsi zorakılığa məruz qalıb. Diana həmçinin çantasının və mobil telefonlarının əlindən alındığını, çantasında təxminən 200 min Pakistan rupisi olduğunu bildirib.
Onun sözlərinə görə, həmin şəxslər polisə müraciət etməməsi müqabilində əşyalarını qaytaracaqlarını deyiblər.
Hadisə ilə bağlı Lahorda cinayət işi başlanıb. Pakistan hüquq-mühafizə orqanları bir neçə şəxsi saxlayıb. Muskan, Mohsin və Əli Zeynin həbs edildiyi, Şabbir Əhmədin isə istintaq çərçivəsində saxlanıldığı bildirilir.
Məlumata görə, hadisənin əsas şübhəlilərindən biri hesab edilən Əhməd Tənvir isə hələlik saxlanılmayıb. İstintaq çərçivəsində 20-dən çox şəxsin də dindirildiyi və ya saxlanıldığı bildirilib.
Hadisə ilə bağlı araşdırma zamanı Diananın daha əvvəl Pakistan vətəndaşı ilə ailə qurduğu da məlum olub.
Pakistan mediasının məlumatına görə, Diana 2025-ci il fevralın 12-də Ravalpindidə pakistanlı şəxslə nikaha girib. Daha sonra isə onların boşandığı və boşanma sənədinin ortaya çıxdığı bildirilib.