📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paris, Afina və Dehli Azərbaycan amilini diqqətə almırlar" - ELXAN ŞAHİNOĞLU

2024-03-05 10:50:38

"Diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır"

"Fransa və Hindistanın ardınca Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək yolundadır. Yunanıstanın müdafiə naziri Nikos Dendias Ermənistana səfəri zamanı İrəvanda əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə edib. Birincisi, yunan nazir erməni həmkarı Suren Papkiyanla görüşdən sonra deyib ki, Ermənistan şirkətlərini Yunanıstanın hərbi sahədəki innovasiya araşdırmalarında iştiraka dəvət edib. İkincisi, Yunanıstanın hərbi təhsil müəssisələrinin kurslarında erməni hərbçilərin sayı artırılacaq. Üçüncüsü, Yunanıstan, Yunan Kipri və Ermənistan arasında hərbi ittifaqın gücləndirilməsi üçün yeni təşəbbüslər araşdırılacaq". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Fransa, Hindistan və Yunanıstanın hərbi sahədə Ermənistanla sıx əlaqələri olmalarına rəğmən, bu ölkələrin Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşları Azərbaycandır, rəqəmlər də bundan xəbər verir: "Fransanın “Total” şirkəti “Şahdəniz” yatağında paya malikdir və bunun hesabına qazanc əldə edir, Hindistan Azərbaycanı neftinin, Yunanıstan isə Azərbaycanı qazının əsas alıcılarındandır. Buna baxmayaraq, Paris, Afina və Dehli Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirərkən, Azərbaycan amilini diqqətə almırlar. Əlbəttə, biz gəlirlərimizi artırmaq məqsədilə heç bir ölkə ilə iqtisadi əlaqələrdən imtina etməməliyik. Bununla yanaşı, diplomatiyamız Ermənistana silah və hərbi texnika satan və qonşu ölkənin ordusunu gücləndirən ölkələrə bunun Azərbaycanda mənfi qarşılandığını da tez-tez xatırlatmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az