"Paris Azərbaycan və Türkiyə, həmçinin supergüclər üçün başağrı mənbəyidir" - AQŞİN KƏRİMOV
"Dünya nizamının pozulmasında rol alan Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlük mandatına əl gəzdirilməlidir"
"Prezident İlham Əliyev martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxış etdi. Fransanın toplantıda hədəfə alınmasının konturları iki təklifin mahiyyətində: İlham Əliyev təklif edir ki, Təhlükəsizlik Şurası (daimi üzvlük institutuna aid deyil) yeni əsaslarla qurulmalıdır. Azərbaycan lideri bildirir ki, BMT TŞ-də bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır, Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlər verilməlidir". Hurriyyet.az-ın məlumatına görə, bunu siyasi şərhçi Aqşin Kərimov bildirib.
Siyasi şərhçi qeyd edib ki, ölkə başçısı İlham Əliyev təkliflərini Fransanın neokolonializm ambisiyaları fonunda qaldırmaqla Parisin müstəmləkə siyasətinin qurbanı olmuş, indi də bundan əziyyət çəkən ölkələrə mühüm ismarışlar verir, onları həmrəyliyə çağırır: "Parisin qurduğu oyunların miqyası və xarakteri bütövlükdə Qərbin siyasi oriyentasiyasını da əks etdirmir. Ona görə də, Paris nəinki Azərbaycan və Türkiyə, həmçinin supergüclər üçün də başağrı mənbəyidir. Dünya nizamının pozulmasında rol alan Fransanın ilk növbədə BMT Təhlükəsizlik Şurasının daimi üzvlük mandatına əl gəzdirilməlidir, yəqin ki, beynəlxalq birlikdə də bununla bağlı müzakirələr gedir. Bu, proseslərin qayəsinə daha geniş rakursdan baxmağa təşviq edir".
Aqşin Kərimov əlavə edib ki, qlobal güclərin yenilənən imperialist ambisiyaları fonunda Parisin qaranlıq keçmişinin izlərinin qaldığı regionlarda müttəfiqlər axtarılır: "ABŞ və Böyük Britaniya Fransanı Asiya-Sakit Okeanı regionunda sıxışdırır. Parisi zəiflədən amilləri bir-birinə bağlamaq və bunu sistemli etmək üçün Fransanın Afrikadakı təsirlərinə qarşı cəbhə formalaşdırılır. Rusiya özü də Fransa ilə Afrika qitəsində kəskin rəqabətdədir. Türkiyə Fransa ilə toqquşan maraqların miqyasını Afrikada öz xeyrinə dəyişdirmək üçün tərəfdaşları ilə sövdələşmələri inkişaf etdirir. Azərbaycan Fransanın ona qarşı hücumlarını dəf etmək üçün Parisə qarşı formalaşan beynəlxalq koalisiyanın səylərindən istifadə edir".
Siyasi şərhçi hesab edir ki, bu aksiya Fransanın Cənubi Qafqazda Ermənistanın hamisi olmasına həlledici maneələr yaradacaq: "Nəticə kimi qeyd edə bilərik ki, Fransanın damğalı keçmişi, müstəmləkə siyasətinin izlərindən bərk yapışması strateji maraqlar baxımından onun "evini yıxa" bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az