Paris-Bakı xəttində PƏRDƏARXASI diplomatiya
Fransa ilə Azərbaycan arasında son illərdə ciddi siyasi gərginliklə müşayiət olunan münasibətlərdə yeni mərhələnin əlamətləri görünür. Fransalı vətəndaş Martin Ryanın Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılması Paris-Bakı xəttində diplomatik dialoqun intensivləşdiyini göstərən mühüm hadisə kimi diqqət çəkir.
“Financial Times” yazır ki, Ryanın azadlığa buraxılması Fransa və Avropa İttifaqı ilə Azərbaycan arasında aparılan məxfi danışıqların nəticəsi olub. “Financial Times” bu prosesi Rusiya-Ukrayna müharibəsi ilə bağlı Aİ sanksiyalarının ilk dəfə məhbus məsələsi ilə əlaqələndirildiyi diplomatik razılaşma kimi təqdim edir.

Burada diqqət çəkən əsas məqam Fransa-Azərbaycan münasibətlərinin əvvəlki fonudur. Paris uzun müddət Azərbaycanla Ermənistan arasındakı məsələlərdə İrəvana daha yaxın mövqe nümayiş etdirib. Bakı isə Fransanın Ermənistanı silahlandırmasını və Cənubi Qafqaz siyasətini dəfələrlə tənqid edib.
İndi isə Fransa tərəfinin ritorikasında müəyyən dəyişiklik görünür. Martin Ryanın azad edilməsindən sonra Fransa Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin qərarını alqışlayıb və bunu iki ölkə arasında aparılan “səbirli və tələbkar dialoqun” nəticəsi, münasibətlərin normallaşmasına doğru addım kimi qiymətləndirib.
“Financial Times” in məlumatları isə məsələnin yalnız bir məhbusun azadlığa buraxılması ilə məhdudlaşmadığını göstərir. Paris-Bakı münasibətlərində müəyyən yumşalma Ermənistan-Azərbaycan sülh prosesinin yeni mərhələsi ilə də üst-üstə düşür. Belə vəziyyətdə Fransa üçün Bakı ilə münasibətləri əvvəlki qarşıdurma səviyyəsində saxlamaqla yanaşı, Azərbaycanla dialoqu davam etdirmək arasında yeni balans yaratmaq məsələsi ortaya çıxır.
Digər tərəfdən, bir diplomatik jesti bütövlükdə Fransa siyasətində köklü dönüş kimi qiymətləndirmək də hələ tezdir. Parisin Ermənistanla münasibətləri, Cənubi Qafqaz siyasəti və Azərbaycanla bağlı digər məsələlər üzrə mövqeyinin necə dəyişəcəyi qarşıdakı dövrdə daha aydın görünə bilər.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsi iki ölkə arasında münasibətləri normallaşdırmaq məqsədi daşıyır. Bundan sonra Azərbaycan və Fransa xarici işlər nazirləri BMT Baş Assambleyası çərçivəsində görüşərək, ikitərəfli münasibətlərin inkişafını müzakirə etdilər: “Azərbaycan Avropanın iki aparıcı dövlətindən biri olan Fransa ilə münasibətlərdə gərginlik istəmir. Ancaq bunun üçün Fransanın siyasi dairələrinin və Parlamentinin Azərbaycan əleyhinə bəyanatlarının və qərarlarının dayandırılması vacibdir. Çünki, iki ölkə arasında hər dəfə normallaşmaq üçün şərait yaranarkən, Fransadan Azərbaycan əleyhinə qəbul edilən sənəd münasibətləri yenidən gərginləşdirir. Fransa Prezidenti Emmanuel Makron hakimiyyətdə gəldiyi ilk günlərdə Azərbaycanla Ermənistan siyasətində balansı pozdu. Makron Ermənistana dəstək verdi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə başladılan hərbi əməliyyatı pislədi. Emmanuel Makron Prezident olduğu dönəmdə bir dəfə də Azərbaycana səfər etmədi. Halbuki, Fransa Prezidenti bu müddətdə bir neçə dəfə Ermənistana səfər etdi. Fransanın bundan əvvəlki Prezidentləri Ermənistana səfər edərkən, Azərbaycana da səfər edirdilər”.
Fransada gələn ilin aprelində prezident seçkisinin keçiriləcəyini xatırladan politoloq qeyd edib ki, Makron 6 aydan sonra rəhbər şəxs olmayacaq: “Aydındır ki, bu 6 ay ərzində Makron Azərbaycana səfər etməyəcək. Fransada gələn ilin aprelindən hansı siyasətçi prezident olacaqsa, Cənubi Qfaqaz siyasətini korrektə etməlidir. Əgər yeni prezident də Makronun Cənubi Qafqaz siyasətini davam etdirərsə, Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə heç nə dəyişməyəcək”.