"Paris meri Xankəndinə gələrsə, Laçın yolunda həbs edilməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Bu, ermənilərin növbəti təxribatıdır və əgər qarşısı alınmasa növbəti səfərlər də təşkil edəcəklər"
"Paris meri Ann Hidalqo Ermənistana səfər edib. Qeyd edim ki, xanım Ann Hidalqo Qarabağda separatçıların müstəqilliyini tanımaq istəyir. O, Laçın dəhlizindən keçib Xankəndinə gələ bilər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq hesab edir ki, Paris merinin İrəvana getməsində erməni lobbisinin rolu var: "Düşünürəm ki, onun Azərbaycan əleyhinə, xüsusilə də iki ölkə arasında normallaşma prosesinə zərbə vuracaq açıqlamaları olacaq. Odur ki, Paris merinin Ermənistan səfərinə diqqət edilməli və onun Qarabağa girişinin rəsmi Bakı tərəfindən qarşısı alınmalıdır".
Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, bu, ermənilərin növbəti təxribatıdır və əgər qarşısı alınmasa növbəti səfərlər də təşkil edəcəklər: "Paris merinin Xankəndinə gəlib, Azərbaycan əleyhinə mövqe ortaya qoyması bizim üçün qəbuledilməzdir. Əgər o, Xankəndinə gələrsə, Laçın dəhlizində Azərbaycan təhlükəsizlik orqanları onu həbs etməlidir. Ümumiyyətlə, yeni Laçın yolu istifadəyə verildikdən sonra ermənilərin bu cür oyunlarına da son veriləcək. Təbii ki, həmin yeni yolda Azərbaycanın sərhəd postu olduqdan sonra".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az